Problemli kreditlər: Düyümü kim çözəcək?

 

İnsanların banklara kredit borcları azalmaq əvəzinə gün-gündən artır. Mərkəzi Bankın açıqladığı mütəmadi hesabatlardan da görünür ki, kredit borcu pik həddə çatıb.

Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında hazırda Azərbaycanda insanların banklara olan kredit borcunun 1,8 milyard manata yaxınlaşdığını deyib. Halbuki bir il bundan əvvəl kredit borcu 1,6 milyard manat idi. Hazırda açıqlanan rəqəmlər həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edir. Analitklər bildirir ki, banklarda batmış kreditlər də var və həmin kreditlərin qaytarılması sual altındadır. Bir çox hallarda problemli kreditlər məhkəmə predmetinə çevrilir. Məhkəmə qərarlarının icrası vaxtı bəzən vətəndaşların əmlakları əlindən alınır. Ekspertlərin qənaətincə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə müəyyən işlər görsə də, effekt yox səviyyəsindədir. Mütəxəssislər hesab edir ki, effekt o zaman olardı ki, vaxtı keçmiş kreditlərin həcmi azalardı, insanlar normal kredit ala bilərdilər. Banklar da insanlara müəyyən güzəştlərə gedərdi. Bundan əlavə dollarla olan kreditlərin qaytarılması məsələsi hələ də həll edilməmiş qalır.

İqtisadçı-ekspert Əli Əhmədov açıqlamasında əhalinin banklara olan kredit borcunda 30 faizə yaxın artımın olduğunu bildirib: “Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də artıb. Ötən il ümumi kreditlərin cəmi 9 faizi problemli kredit idisə, indi 14 faizi problemli kredit sayılır. Məsələnin kritik olduğu aydındır. Əvvəllər problemli kreditlərin böyük hissəsi dollar kreditlərinin payına düşürdü. Bu da başadüşülən idi. Çünki dolların məzənnəsinin aşağı olan vaxtı götürülən kreditlərin həcmi məzənnə artan kimi borcların artmasına səbəb oldu. Amma indi manatla verilən kreditlərin qaytarılmasında da problem artıb. Güman etmirəm ki, bu kreditlərin hamısı əhali tərəfindən götürülüb. Bunun böyük hissəsi şirkətlərin payına düşür. Çünki əhali o qədər də böyük məbləğdə kredit götürmür. Bunlar elə məbləğlərdir ki, onu rekonstruksiya etmək olur. Bir qədər fərqli şərtlərlə yenidən kredit müqaviləsi bağlanır. Əgər fərqli şərtlə kredit müqaviləsi bağlanırsa, kredit şərtləri dəyişdirilirsə, həmin kredit problemli kredit sayılmır. Yəni, bankla razılaşma yolu ilə həmin kredit rekonstruksiya edilir və bunun əsasında yeni şərtlərlə müqavilə bağlanır. Məncə, hökumət bu məsələyə qarışmamalıdır. Bu məsələni sırf bankların üzərinə qoymaq lazımdır. Çünki bəzən problemli kreditlərin yaranmasına banklar özləri şərait yaradır. Problemli kreditlərin yaranmasının böyük hissəsi bankların öz fəaliyyəti ilə bağlıdır. Banklar likvid olmayan (qiymətli kağızlar ya da daşınmaz əmlakın nağda çevrilə bilmə asanlığı) girovlara görə kredit verirlər. Kredit qaytarılmayanda girov likvid olmadığına görə deyirlər ki, kredit problemidir və müştəri əlavə girov gətirməlidir. Halbuki müştəri girov qoymuşdu. Əgər banklar zəhmət çəkib onu yaxşı qiymətləndirsəydi, öz riskini idarə etsəydi, bu cür vəziyyətə düşməzdi”.

İqtisadçı girovsuz verilən kreditlərə də toxunaraq deyib ki, bu, əhaliyə təklif olunan istehlak kreditləridir: “Burada başlıca məqsəd əhaliyə hökmən kredit verməkdir, bəzən heç şərtlərə də düzgün riayət olunmur. Əvvəllər banklar əhalinin verdiyi məlumatları qəbul edib kredit verməyə razılaşırdı. Kiçik məbləğli kredit olduğu üçün banklarda arxayınçılıq var idi. Məsələnin həlli üçün yalnız bir yol var, banklar həmin müştərilərlə oturub danışıqlar aparmalıdır. Bank menecmentinin vaxtilə buraxdığı səhvləri banklar özü həll etməlidir. Hökumətin bu məsələyə qarışmağını lazım bilmirəm. Hökumət idarəetmə, iqtisadiyyatın tənzimlənməsi ilə məşğul olmalıdır. Bankın müştərisi ilə kredit məsələsinə hökumət qarışmamalıdır. Əks təqdirdə, bu, yaxşı təcrübə olmaz. Bu, həm hökumətin biznesin işinə müdaxiləsi kimi çıxar. Bundan əlavə nə müştəri, nə də bank arxayın olmamlıdır ki, buraxdıqları səhvlərə görə gələcəkdə hökumət onlara kömək edəcək”.

Əli Əhmədovun qənaətincə, bazar iqtisadiyyatında hər kəs öz risklərini düzgün qiymətləndirməlidir: “Bank ödəmə qabiliyyəti olmayan müştəriyə kredit verirsə, niyə geri qaytarılmayan kreditin həlli üçün hökumət ona pul verməlidir? O cümlədən, müştəri ödəməsinə əmin olmadığı krediti niyə götürür? Burada hökumətin qarışacağı məsələ həm banka, həm də müştəriyə nəzarət etmək ola bilər. Əgər müştərinin kredit tarixçəsi pisdirsə, buna uyğun da ona münasibət bəslənilməlidir. Banklar isə problemli aktivlərinə görə sərt tələblər qoya bilər ki, məcbur olub həmin problemi aktivləri tez tənzimləsin”.

Kreditləri məhdudlaşdırmaqla problemli aktivlərin həcmini azaltmaq mümkündürmü?

Əli Əhmədov bu yanaşmanın düzgün olmadığını vurğulayıb: “Əgər müştərinin göstəriciləri uyğun gəlirsə, istədiyi qədər kredit götürə bilməlidir. Bəzi banklar təqaüdçü kreditləri də verirdilər. Hansı ki, təqaüdə çıxan şəxslərin kredit götürməsi ən riskli kateqoriya hesab olunur. Bu işə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası müdaxilə etdi. Bankların bu qaydalarını sərt çərçivəyə saldılar. Əgər bu çərçivəyə tam əməl olunsa, yalnız ödəniş imkanı olan müştərilərə kredit vermək olar. Hazırda sistem elə qurulub ki, buna əməl etməmək mümkün deyil. Ona görə də şərtlərə uyğun gələnlərə kredit verilə bilər. Bəzən 100 min dollarlıq evi dəyərindən qat-qat yuxarı qiymətləndirirdilər. Müştəri 150 min dollar krediti götürüb gedirdi. Sabah pul batanda məlum olurdu ki, 100 min dollarlıq evi heç 80 min dollara da satmaq mümkün deyil. Girov məsələsində çox böyük boşluqlar olub. Həmçinin dollarla olan kreditlərin həcminin artmasında da boşluqlar var. Müştərinin dollarla gəliri olmadığı halda, bank ona dollarla kredit verib. Banklar özlərini sığortalamaq üçün bu qədər problemli borcların qarşısında kreditləri dollarla verib. Banklar müştəriyə zəng vurub deyirdi ki, “sizə kredit düşür”, müştəri bilmirdi krediti niyə götürür, amma bundan da imtina etmirdi. Bazar iqtisadiyyatında məsuliyyətli və maliyyə cəhətdən savadı olmaq lazımdır”.

İqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, Azərbaycanda vətəndaşların banka olan kreditlərinin həcmi 2 milyard manata yaxınlaşır: “Etiraf etmək lazımdır ki, bu, ölkə iqtisadiyyatının kiçilməsinin göstərcisidir. Ölkədə ard-arda baş vermiş iki devalvasiya, vətəndaşların gəlirlərinin azalması və ödəmə qabiliyyətinin aşağı düşməsi tendensiyası iqtisadiyyata ağır zərbələr vurdu. Faktiki olaraq sonuncu devalvasiyadan sonra həm banklar, həm də kredit öhdəliyi olan fiziki və hüquqi şəxslər çətin duruma düşüb. Bu, ilk növbədə iqtisadiyyatın qan-damarı hesab olunan bank sektoru üçün də ağır bir travmadır. Bankların özünün də Mərkəzi Bank qarşısında öhdəlikləri var. Eyni zamanda kommersiya banklarının xarici borcunun həcmi kifayət qədər artıb. Hesab edirəm ki, vətəndaşlara istehlak kreditlərinin verilməsində müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Heç olmasa, bundan sonrakı mərhələlərdə bankların problemli kreditlərinin həcmi artmasın”.

İqtisadçının sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektoruna birbaşa müdaxilə imkanları yoxdur: “Palata sadəcə olaraq müəyyən inzibati addımlar ata bilər. İflas səviyyəsində olan bankı ya sağlamlaşdırmaq, ya da o bankı ləğv etmək lazımdır. Yaxud da bankın aktivlərinin həcmini artırmaq üçün uzunmüddətli kreditlər cəlb olunmalıdır”.
 

Yeganə Oqtayqızı

Cəbhə.info

 

17:03