Prezident İlham Əliyev yeni dövr üzrə prioritetləri aydın formada müəyyənləşdirdi ŞƏRH

Bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur. Fevralın 14-də Milli Məclisdə baş tutmuş və Prezidentin andiçmə mərasimindəki fenomenal yaddaşa və müstəsna dövlətçilik təcrübəsinə əsaslanan çıxışı ilə İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O deyib: “Qarşıdakı dövr üzrə Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Məlumdur ki, Azərbaycan Respublikası konstitusion səviyyədə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin sirr deyil ki, bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, lakin beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər də daxil, bir çox dövlətlər üçün bu prinsip keçərli deyil. Xüsusən Vətən müharibəsində və antiterror tədbirlərində müstəsna qələbəmizin nəticəsi olaraq İlham Əliyevin yaratdığı yeni reallıq fonunda biz bu güclərin riyakar mahiyyətinin üzə çıxdığının şahidi oluruq. Bu mənada, güclü ordu quruculuğunun davam etdirilməsi yeni dövrdə əsas prioritetimiz olmalıdır ki, bütün mümkün təhdidləri zərərsizləşdirək”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, Prezident İlham Əliyev hərbi sənayenin inkişafına yalnız hərbi gücün artması yox, həm də suverenliyin elementi kimi yanaşır və əldə edilən strateji uğurların davamlılığında qətiyyətlidir: “Dövlət başçısının özünün də andiçmə mərasimində bəyan etdiyi kimi, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Növbəti mərhələ isə daha genişmiqyaslı olmaqla həm də Azərbaycanın bu istiqamətdə xarici asılılığının kəskin azaldılmasına yönələcək ki, bu da siyasi və iqtisadi müstəqilliyimizin ardınca müdafiə sənayesi sahəsində də suverenliyimizə töhfə olacaq. Prezidentin inauqurasiya mərasimindəki tarixi çıxışında qeyd etdiyi kimi, “biz, - İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”. Məhz bu məqsədlə sərhədlərimizin təhlükəsizliyinin daha da gücləndirilməsi zərurətdir. Dövlət başçısının təbiri ilə desək, “Bu, Azərbaycanı xarici risklərdən də qoruyacaq”. Əlbəttə, müzəffər Ali Baş Komandanın özünün də vurğuladığı kimi, bu gün biz Azərbaycan üçün təhdid görmürük, “çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”. Lakin unutmamalıyıq ki, ideoloji risklər sərhəd tanımır. Bu mənada, dövlət başçısı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsinə həm də ideoloji risklərdən qorunma imkanı kimi baxır və bu məsələ yeni dövrdə Azərbaycanın vacib prioritetlərindən olacaq. Ümumiyyətlə, İlham Əliyev üçün ideoloji bütövlük və tamlıq, azərbaycançılıq ideologiyası, ailə dəyərlərinin qorunması, gənc nəslin milli məfkurə və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiva olunur. Bu mənada, əminliklə demək olar ki, yeni epoxada ailə və məktəb tərbiyəsi istiqamətində dövlət siyasəti daha çevik və effektiv metodlarla realizə olunacaq. İlham Əliyev ardıcıl qələbələri ilə Azərbaycanın ən qüdrətli dövrünü başlatmaqla elə siyasi konfiqurasiya formalaşdırıb ki, xalqımız milli birliyin əhəmiyyətini tarixin heç bir dövründə olmadığı qədər yaxşı başa düşür”.

Deputat qeyd edib ki, yeni dövrdə milli prioritetlərimizdən biri də ümumbəşəri dəyərlərə və beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə sadiq qalmaqla xarici siyasət kursunda 3 konkret istiqamətin müəyyən olunmasıdır: “Birincisi, Azərbaycan artıq əvvəlki qaydalarla – ikili standartla formalaşan riyakar qlobal nizamın şərtləri ilə hesablaşmaq niyyətində deyil. Əlbəttə, bunun da kökündə Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna arxalanaraq nail olduğu ciddi hərbi-siyasi, sosial və iqtisadi uğurlar dayanır. Dövlətimizin başçısının andiçmə mərasimində hər bir Azərbaycan vətəndaşının qəlbini qürurlandıran formada qətiyyətlə dediyi kimi, “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” Bu isə Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir. Məsələn, Azərbaycan artıq maskası yırtılmış beynəlxalq hüquq subyektlərinin riyakarlığına və ayırıcı xətlərdə ehtiva olunan selektiv siyasətinə dözmək niyyətində deyil. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, “Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik”, lakin Bakı yeni dövrdə həmin ayırıcı xətləri keçmək üçün xüsusi cəhdlər niyyətində deyil. Ona görə də yeni dövrün memarı olaraq İlham Əliyev beynəlxalq fəaliyyətdə prioritet olaraq Türk dünyası ilə əlaqələri müəyyən edir. Müzəffər Ali Baş Komandanın təbirincə desək, “böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali” kimi vacib elementləri birləşdirən Türk Dövlətləri Təşkilatı həm də bir soydan, eyni kökdən xalqlar olması baxımından Azərbaycan üçün ailədir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi çaşdırmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi.

Xarici siyasət kursumuzun ikinci vacib konseptual elementi isə, Azərbaycanın daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətində ehtiva olunur. Sirr deyil ki, əvvəllər regional problemlər ucbatından daha çox lokal reallıqlara köklənməli olsaq da, məhz mövcud siyasi iradənin qətiyyəti ilə Azərbaycan artıq həmin dövrləri geridə qoyaraq özünü qlobal oyunçu kimi təsdiq edə bilib. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, əks halda “155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. Bu gün isə hədəfimiz Zəfər qazanmış, reallıqlar yaratmış, lider dövlətin haqlı mövqeyi üzərində bərqərar olunub və biz Ermənistanın timsalında hansısa üçüncü dünya dövləti ilə münasibətlərə vaxt ayırmaq yox, lider qlobal subyektlərdən biri kimi iqlim dəyişiklikləri, islamofobiyaya və neokolonializmə qarşı mübarizədə dünyanı narahat edən problemlərin həllində daha fəal olmağı planlaşdırırıq. Ermənistanla münasibətlərə gəlincə, yeni dövr üçün İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydın oldu, Azərbaycan bu məsələdə qlobal manipulyatorlara meydan verməyəcək – bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur”.

Yeni dövr üzrə müəyyənləşən hədəfləri təhlil edən deputat sonda bildirib: “Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk inauqurasiya mərasimini yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi hadisəyə çevirə bildi. Üstəlik İlham Əliyev elə konfiqurasiyaya nail ola bildi ki, hər bir Azərbaycan vətəndaşı özünü bu transformasiyanın bir hissəsi və hərəkətverici qüvvəsi hesab edə biləcək”.

Xudaferin.eu

13:40