Özümüz üçün yaşamırıq ki

Bir tərifə möhtac, bir xoş sözə ehtiyac, bəyənilmək cəhdləri, gözə girməklər, nələr, nələr... Çalışırıq ki hamı həsəd aparsın bizə? Elə deyil? Bəsdir nə olar. Xoşbəxtsiniz, ya da elə görünmək özü xoşbəxtlikdir? Sizdən deyiləm? Tam da sizdənəm. Fərqində deyilik etdiklərimizin? Fərqindəyik...

Niyə yazıram axı bunları. Nədir məqsədim, oxusanız da, oxumasanız da yazıram. Kimdir bu içimizdə oturub bizi idarə edən? Görüb götürdüklərimiz. İnsanların etdiklərini bəyənirsinizsə özünüzü alqışlayın, bəyənmirsinizsə bir balaca fikirləşin, bir balaca...
Bizə el arasında ağıllı axmaqlar deyirlər. Ətrafda ağıllı adam dərdi yoxdur. Hamı ağıllıdı, hamı məsləhət verə bilər, hamının getdiyi yol düzdür, hamı nə edir cəmiyyətin xeyri üçün edir. Hamı... hamı... hamı... Hamı hamıdan nəsə öyrənir, təqdip edir, izləyir. Özümüzdən başqa hamıda nəsə öyrənəcəyimiz birşey var. 

Axtar... axtar... axtar...

Bəlkə doymusuz, nə qədər yemək olar axı? Bax da bəlkə doymusan, zarafatsız. Həmişə etdiklərini bu gün etmə də... Gör dünyanın fırlanma istiqaməti dəyişirmi? Dəyişir. İnan ki, öz dünyan da dəyişir. Tək sakini olduğun, sənin üçün fırlanan dünyan, niyə bilmədik dəyərimizi? Başqalarının sözləri ilə yaratdığımız sosial şəbəkələrdə öz profilimizi təkmilləşdiririk hələ də... 
 
Uyğunlaş

Yoxsa qəbul etməyəcəklər səni... Sevməyəcəklər də heç... Kim nə edir, onu et. Niyə hamı eyni şeyi görür bizdə? Çünki özümüzü məhdudlaşdırırıq hər keçən gün... Biri də başqa cür tanısın da bizi. Görsün də içimizdəkiləri. Mümkün deyil. Hələ tanımırıq biz də özümüzü.

Qış günəşinin gizlini
Mən məni oxuyacaq birini istədim həyatımda. Səni sənin kimi anlayacaq kimi... Bəzi şeylər o qədər sadədir ki, qəbul edə bilmirik. Tək dərdimiz mürəkkəb axtarmaq. Eyni şeyi istədik. Hərçənd ki, əmması var, əmma qədər dərin... Mən yazmağı sevdim həmişə, sən oxumağa nifrət etdiyini dedin... Yarımçıq yaşamağa da razı idim mən,  amma ruhum geridə qaldı...
Qış günəşi kimisən, əridirsən buzlarımı, amma içimi isitmirsən. Seçimindir bu ya bacardığın? Layiq bildiyinəm, ya məcbur olduğun? Qış günəşi kimisən. Bilirəm ki,  gedəcəksən, qarlı, buzlu havada. Amma yenə də sevirəm, varlığımdan xəbərsiz... 
Buna peşman olmaq üçün, adam kimi ölmək lazım. O laqeyd baxışlarda, inan, hər gün ölürəm mən...
Bəddualardan uzaq olun
Ad günü təbriklərimizi ürəkdən etmədilər diyəsən. Hələ də nəyi necə edək deyə fikirləşirik. Bu həyatda neynim, necə edim demirik. Amma ruhumuza işləyib. Nəyi necə edəcəyimizi hələ də bilmirik. Kim bəddua etdisə artıq. Ürəkdən edilməyən arzular kimi asılı qalmışıq bir yerlərdə. Nəyinsə xatirinə təbrik edirik hamını, hər şeyi. İçinə hiss qatmadan. Gözəl düşmədiyi şəkillərə də ürək qoyuruq, yaxşı alınmadığını bildiyimiz statuslarını da bəyənirik. Gülməli gəlməyən zarafatlarına qəh-qəhə atdığımız kimi. Biz başımızı qatırıq bir birimizin. Doğru bildiklərimizi bir başa demirik, heç vaxt. Sevdiyimiz insanların mənfilərini deməkdənsə, necə var elə qəbul edək deyə, özümüzü məcbur edirik. Yaraşmayan bir paltarı bəh- bəhlə tərifləməklə gözə giririk sanki. Ya da dostluq funksiyamızı yerinə yetirik. Dostluq əyləncəli vaxtlar keçirmək, daim gözəl olduğunu demək, təsəllilər verməkdimi ancaq? Şirin-şirin yatdığı üçün onu oyatmamaq kimi bir şeydi bu. Mən varam, gözlərini açmağa ehtiyac yoxdur, demək kimi bir şey. O insanlar bir gün oyanacaqlar, dost deyib yanında yer tutduqlarınız bir gün açacaqlar gözlərini. Və siz onlara lay-lay deyən, yatmağa məcbur edən min insandan biri olacaqsınız. Hamı üçün əvəzedilməz olduğumuza inanaraq çalışdığımız bir anda hekayələrində kiçik nöqtə belə olmayacağıq...

Xudaferin.eu

13:50