Səfir Fuad İsgəndərov: Diplomatiyada etibar rəsmiyyətdən daha önəmlidir

Məlumat: Fuad İsgəndərov beynəlxalq arenada uzun illər fəaliyyət göstərən təcrübəli diplomatdır. 2006-2007-ci illərdə o, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi vəzifəsində çalışıb. F.İsgəndərov 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri olub. 2012-ci il sentyabrın 25-dən 2021-ci il iyulun 26-dək Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda diplomatik missiyasına, həmçinin Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinə rəhbərlik edib. 2021-ci il iyulun 26-dan Fuad İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiridir.

“Caspian-Alpine Society” (CAS): Cənab səfir, COP29 ərəfəsində söhbətimizə indi qlobal gündəmin ön sıralarına çıxan yaşıl enerji mövzusundan başlamaq yerinə düşərdi. Biz görürük ki, Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Azərbaycanla İsveçrənin bərpaolunan enerji sahəsində, xüsusən də işğaldan azad edilmiş ərazilərdə necə əməkdaşlıq etdiyi barədə danışa bilərsinizmi?

Fuad İsgəndərov: Azərbaycan qlobal yaşıl gündəliyə fəal şəkildə qoşulub və bu istiqamət bizim üçün strateji əhəmiyyət kəsb edir. Biz işğaldan azad edilmiş ərazilərdə təkcə infrastrukturun bərpası üçün deyil, həm də davamlı inkişaf və yaşıl enerji prinsiplərinə tam uyğun gələn zonaların yaradılması imkanını görürük. Bu, innovasiya və təmiz texnologiyaya əsaslanan gələcək qurmaq üçün unikal şansdır.

İsveçrə ilə əməkdaşlığımız onun enerji idarəçiliyi sahəsində çoxillik təcrübəsinə əsasən qurulur. İsveçrə enerjinin ötürülməsindən paylanmasına qədər hər mərhələdə itkiləri minimuma endirmək fəlsəfəsi ilə tanınır. Biz tullantıları azaltmaq və səmərəliliyi artırmaq üçün qabaqcıl texnologiyaları tətbiq etməyə səy göstəririk. Parlaq nümunələrdən biri işğaldan azad edilmiş Cəbrayıl rayonundakı layihədir ki, burada qabaqcıl İsveçrə texnologiyalarından istifadə etməklə unikal obyekt inşa edilir. Binada istilik və işıq enerjisi elektrik enerjisinə çevriləcək. Bu da enerji sektorunda yeni üfüqlər açan həqiqətən innovativ həlldir.

“Yaşıl” gündəliyimizdə mühüm yer tutan su ehtiyatları məsələsini də qeyd etmək yerinə düşər. İsveçrə su idarəçiliyi sahəsində dünya lideri kimi tanınır və biz bu sahədə səmərəli əməkdaşlıq üçün çox məqam görürük.

CAS: Xəzər dənizində suyun səviyyəsi azalmaqda davam edir ki, bu da Xəzəryanı ölkələr üçün ciddi ekoloji və iqtisadi çətinliklər yaradır. Bu, şübhəsiz ki, qlobal çağırışdır. Azərbaycan bu problemin öhdəsindən necə gəlir və onun həllində beynəlxalq əməkdaşlığın əhəmiyyəti nədir?

Fuad İsgəndərov: Bu, həqiqətən də bütün sahilyanı dövlətlərin üzləşdiyi ciddi problemdir. Su səviyyəsinin azalması təkcə ətraf mühitə deyil, həm də əsas nəqliyyat marşrutlarına təsir göstərir ki, bu da bahalı dərinləşdirmə və limanların yenidən qurulması zərurətini doğurur. Bu məsələni təkbaşına həll etmək mümkün deyil. Xəzər dənizi bütün beş Xəzəryanı ölkənin ümumi irsidir və onun ekosistemi beynəlxalq səviyyədə birgə səylər tələb edir.

İsveçrə də bu problemin həllində fəal iştirak edir. Vəziyyətin monitorinqi üçün ideal platforma olan Bakı limanının bazasında Xəzər dənizinin öyrənilməsi üzrə beynəlxalq mərkəzin yaradılmasına dair müzakirələr aparılır. Bu yaxınlarda Berndə bu mövzuda ikinci konfrans keçirildi (birincisi Bakıda oldu), burada konkret texniki həllər, məlumat mübadiləsi, o cümlədən peyk məlumatları və gələcək tədbirlərin planlaşdırılması müzakirə edildi.

CAS: Bern və Bakı arasında ikitərəfli iqtisadi əlaqələrin və investisiya imkanlarının gələcək inkişafı üçün hansı perspektivləri görürsünüz?

Fuad İsgəndərov: İqtisadiyyat təkcə qayda-qanunlar deyil, həm də etibardır. Bu, Azərbaycanla İsveçrə kimi tərəfdaşlar arasında çoxdan qurulub. İsveçrə ilə iqtisadiyyat sahəsində bir çox saziş imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq Davos Forumunda iştirak edir, İsveçrə torpağında mühüm görüşlər keçirir. Burada vurğulamaq lazımdır ki, Azərbaycan kimi tərəfdaşla qarşılıqlı fəaliyyət, sadəcə, investisiya məsələlərindən kənara çıxır. Bunlar daim daha dərin və çoxşaxəli müzakirələrdir.

Azərbaycan özünü təmin edən ölkədir. Əlbəttə ki, investisiya vacibdir, lakin bəzi başqa ölkələr üçün olduğu kimi bizim üçün kritik amil deyil. Bəzən texnologiyalara çıxış və ya ticarət dövriyyəsinin genişləndirilməsi bizim üçün daha yüksək prioritetdir. İsveçrə kimi tərəfdaşlarımız iqtisadiyyatın qeyri-enerji sektorlarını, məsələn, nəqliyyat sektorunu inkişaf etdirməkdə bizə kömək edirlər. Dünya sürətlə dəyişir və tədarük marşrutları yeni reallıqlara uyğunlaşır. Regionumuzda baş verən dəyişikliklərin miqyasını əyani şəkildə göstərən bir misal çəkəcəyəm. Ötən il Çindən Qazaxıstan və Azərbaycan vasitəsilə Avropaya keçən Orta Dəhliz üzrə daşınmaların həcmi 20 dəfə artıb! Orta Trans-Xəzər dəhlizi getdikcə daha çox əhəmiyyət kəsb edir və əsas marşruta çevrilir.

Yeri gəlmişkən, Xəzər dənizi ilə konteyner daşımalarının inkişafında fəal iştirak edən beynəlxalq şirkətlər arasında bu sahədə dünyada ən böyük olan İsveçrənin “MSC” (Mediterranean Shipping Company) şirkətini xüsusi qeyd etmək lazımdır. “MSC”nin mənzil-qərargahı Cenevrədə yerləşir və regionumuzda konteyner daşımalarının təxminən 50 faizi bu şirkət tərəfindən həyata keçirilir. Bu, regionda nəqliyyat layihələrinin inkişafında dünyanın aparıcı oyunçularının iştirak etməsinin bariz göstəricisidir.

Azərbaycan danışıqlara “yalvaran” tərəf kimi gedən ölkə deyil. Biz hər zaman konkret təkliflərlə gəlirik ki, bu da Qərb tərəfdaşlarımız tərəfindən hörmətlə qarşılanır. Ola bilsin ki, bizim özümüzü təmin etməyimiz də bəzi ölkələrdə narazılığa səbəb olur, amma İsveçrə ilə belə çətinliyimiz yaranmayıb. Üstəlik, İsveçrəyə sərmayələrimiz 2,2 milyard dolları ötür ki, bu da bu ölkənin Azərbaycana qoyduğu investisiyalardan əhəmiyyətli dərəcədə yüksəkdir.

CAS: Parlamentlər və icra hakimiyyəti müxtəlif mövqelər tuta bildiyi halda, müxtəlif siyasi strukturlarla diplomatik əlaqələr qurmağa necə nail ola bilirsiniz? Belə şəraitdə tarazlığı tapmağa hansı üsullar imkan verir?

Fuad İsgəndərov: Diplomatiyada təkcə mövcud reallıqları anlamaq deyil, həm də onların necə inkişaf edəcəyini qabaqcadan görə bilmək vacibdir. Bu yanaşma Azərbaycana çevik qalmağa və beynəlxalq vəziyyətdəki dəyişikliklərə vaxtında reaksiya verməyə kömək edir. Bununla bağlı əsas vəzifələrdən biri mövqelərimizin daimi və inandırıcı şəkildə əsaslandırılmasıdır ki, bunu əksər ölkələr dəstəkləyir.

Elə də olur ki, bəzi ölkələr və beynəlxalq təsisatlar özlərini daha inkişaf etmiş hesab edərək, təkəbbürlü davranır. Lakin İsveçrə istisnadır. İsveçrəlilər hətta tərəfdaşları onların yüksək standartlarına cavab verməsələr belə, onlar tərəfdaşlarına həmişə hörmətlə yanaşırlar ki, bu da onların etibarlı və neytral tərəfdaş reputasiyasını təsdiqləyir.

Siz tamamilə haqlısınız, müxtəlif siyasi strukturlarla iş birliyində fərqi nəzərə almaq vacibdir. Parlamentarilər hökumət strukturları ilə müqayisədə tamamilə fərqli mühitdir. Onlar şəxsi fikirlərini ifadə edə bilərlər, icra hakimiyyəti isə dövlət xəttini tutmalıdır. Bu, diplomatiya üçün əlavə çətinliklər yaradır, burada müxtəlif siyasi dairələrlə ortaq dil tapmaq lazımdır.

Buna misal olaraq bəzi isveçrəli parlamentarilərin Azərbaycan və Vətən müharibəsinin nəticələri ilə bağlı qətnamələr qəbul etməyə cəhd etməsini göstərmək olar. Bu təşəbbüslər İsveçrənin neytral dövlət kimi obyektiv imicini sarsıda bilərdi. Lakin Federal Hökumətin və Federal Xarici İşlər Departamentinin dəqiq mövqeyi sayəsində bu cəhdlər uğursuz oldu.

Təəssüflər olsun ki, Azərbaycan ictimai rəyi bəzən erməni mənbələrinə əsaslanaraq bu təşəbbüslərə reaksiya verir, belə cəhdlər baş verən faktlar kimi təqdim olunur. Bununla belə, praktikada İsveçrə neytral statusa sadiqliyini nümayiş etdirir və bu, bir neçə il ərzində bütün bu təşəbbüslərin uğursuzluğu ilə təsdiqlənir.

CAS: Qarabağ münaqişəsinin həllində Azərbaycan diplomatiyasının rolunu necə qiymətləndirirsiniz? Axı, hərbi sonluğa baxmayaraq, diplomatik iş həm ondan əvvəl, həm də ondan sonra davamlı şəkildə aparılır.

Fuad İsgəndərov: Əminliklə demək olar ki, Azərbaycan diplomatiyası dünyada ən səmərəli diplomatiyalardan biridir və bunu bir çox beynəlxalq tərəfdaşımızın rəyləri də təsdiqləyir. Bu diplomatiyanın əsasları ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Qarabağ münaqişəsinə gəlincə, bu kontekstdə Azərbaycan diplomatiyası bütün səviyyələrdə - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, Avropa İttifaqında və digərlərində öz mövqelərini metodik və ardıcıl olaraq möhkəmləndirib. Bunun sayəsində gələcək qələbəmiz üçün beynəlxalq hüquqi baza yaradılıb.

Eyni zamanda, Ermənistan tərəfi təbliğat aksiyalarına diqqəti cəmləyərək, psevdonümayəndə heyətlərinin işğal olunmuş ərazilərə səfərlərinə və hüquqi qüvvəsi olmayan ictimai bəyanatların lobbiçiliyinə əhəmiyyətli resurslar yönəldib. Bu səylər nəticə verməsə də, bu siyasəti davam etdirmək cəhdləri indi də müşahidə olunur. Azərbaycanın qələbəsindən sonra bu cür hərəkətlər sülh prosesini yalnız çətinləşdirir.

CAS: İsveçrənin sülh danışıqlarındakı mövqeyi sizi bir diplomat kimi qane edirmi?

Fuad İsgəndərov: İsveçrənin neytrallıq siyasəti, şübhəsiz ki, onu sabitliyin və sülhün təmin edilməsində mühüm oyunçuya çevirir. Son vaxtlar İsveçrə mətbuatında ölkənin neytral statusunu qoruyub saxlayıb-saxlamaması ilə bağlı müzakirələri müşahidə edirəm. Xüsusən də Ukraynadakı müharibə fonunda. Mənim fikrimcə, İsveçrə ən azı bu an üçün bu fürsəti əldən verməyib.

Subyektiv, birtərəfli mövqeyin təzahürü onun xarici siyasət fəlsəfəsinə, beynəlxalq nüfuzuna və Bern ənənələrinə zidd olardı. İsveçrə BMT Təhlükəsizlik Şurasına üzv olduğu zamanı bu prinsiplərə sadiqliyini bir daha təsdiqləyib. Ermənistan-Azərbaycan münaqişəsi kontekstində onun neytrallığının ən bariz nümunəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2022-ci ilin oktyabrında Cenevrədə üçüncü tərəfin iştirakı olmadan ilk dəfə keçirilən sülh müqaviləsinə dair danışıqlardır. Bu, hər iki tərəfin İsveçrəyə sülh prosesində neytral və obyektiv vasitəçi kimi etimadını vurğulayır.

CAS: Azərbaycan mətbuatında çox vaxt İkinci Qarabağ Müharibəsində Zəfərin əhəmiyyətini kiçiltməyə çalışan ölkələr və təsisatlar tənqid edilir. Problem bu qədər kəskindir?

Fuad İsgəndərov: Bütün bu cəhdlər uğursuzluğa məhkumdur. Biz heç vaxt heç kimə Zəfərimizi “oğurlamaq” imkanı verməyəcəyik. Azərbaycan xalqı Qarabağı öz doğma yurdunun qoynuna qaytarmaq arzusunda necə bir idisə, biz onu artıq qaytardığımız zaman da vahid olaraq qalır. Bu birlik bizim beynəlxalq aləmdə mövqelərimizi yalnız gücləndirir.

Dünyada Azərbaycanla bağlı təsəvvürə gəldikdə, ümumilikdə, o, müsbətdir. İnsanlar saxta və ya qalmaqallı nəşrlərə deyil, real nailiyyətlərimizə diqqət yetirirlər. Bizim uğurlarımız, o cümlədən 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası ölkəyə hörməti daha da artıran mühüm amil oldu.

Bundan əlavə, 2020-ci il hərbi əməliyyatları Azərbaycanın mülki əhali arasında itkilərin minimuma endirilməsinə sadiqliyini nümayiş etdirdi və biz təsirli nəticələr əldə etdik. Bu da digər münaqişələrlə müqayisədə təcrübəni unikal edir.

Media çox vaxt daha çox diqqəti cəlb edən şeylərə - istər qalmaqallara, istərsə də neqativlərə diqqət yetirməyə meyillidir. Xeyirli xəbərlər az verilir. Bu, təkcə Azərbaycana deyil, digər ölkələrə də aiddir. Dünyada çoxluğun rəyinin media spekulyasiyası deyil, real nailiyyətlər əsasında formalaşdığını başa düşərək, sakit qalmaq və ölkənin inkişafı istiqamətində işi davam etdirmək vacibdir. Buna görə də siyasətdə, mediada, sosial şəbəkələrdə və digər sahələrdə ölkəmizi hücum hədəfi seçənlərin təsirini şişirtməyə meyilli deyiləm.

CAS: Azərbaycanın sivilizasiya seçimini necə müəyyən edərdiniz?

Fuad İsgəndərov: Bir dəfə “Rotari” klubunda keçirilən görüşlərin birində mənə Azərbaycanda demokratiyanın səviyyəsi ilə bağlı sual verdilər. Cavabım sadə idi: hər şey nöqteyi-nəzərdən, o cümlədən coğrafi baxımdan asılıdır. Məsələn, İslam Əməkdaşlıq Təşkilatının əksər ölkələri üçün biz həddindən artıq liberal ölkə kimi görünə bilərik. Amsterdam, Brüssel və Cenevrədən isə biz bir qədər mühafizəkar görünürük. Bizim sivilizasiya seçimimiz də məhz bu çoxyönlülükdədir. Sivilizasiyaların kəsişməsində yerləşən bir çox ölkə tez-tez münaqişə və müharibələrə səhnə olub və olmaqda davam edir. Lakin siyasi liderlərinin düşünülmüş siyasəti sayəsində Azərbaycan sivilizasiyalar arasında qarşılıqlı inteqrasiyanın baş verdiyi körpüyə çevrilib. Bu, bizim xüsusi qürur predmetimizdir.

CAS: Ünsiyyət qurmaq fürsətinə görə təşəkkür edirik, cənab səfir.

Xudaferin.eu

15:24