İordaniyalı akademik: “Sem dayı” uzun illər ərəb ölkələrini siyasi, iqtisadi və mənəvi təzyiq altında saxlayıb – ŞƏRH

Qlobal miqyasda təkqütblü dünya nizamı yaratmaq istəyən ABŞ uzun illər ərəb ölkələrini siyasi, iqtisadi və mənəvi təzyiq altında saxlayıb.

Bu fikirləri AZƏRTAC-a iordaniyalı akademik, yazıçı, İordaniya Jurnalistlər Sindikatı və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, Beynəlxalq Jurnalistlər Federasiyasının fəxri üzvü Mərvan Suda söyləyib.

İordaniyalı akademik deyib: “Ərəblərin əksəriyyəti Amerika Birləşmiş Ştatlarının daha geniş geosiyasi və iqtisadi ekspansiyaya istiqamətlənmiş imperialist siyasətini və bu siyasi kursu təmin edən digər aspektləri kəskin tənqid edir. Bu siyasi kurs Vaşinqtonun dünya xalqları və ölkələri üzərində hegemonluğunu dərinləşdirir, dövlətlərin xarakteri və statusundan asılı olmayaraq, istər Qərb, istər Şərq, istərsə də Şimal və Cənub regionlarında gərginliyi artırır. Bu, eyni zamanda, qlobal miqyasda neokolonializm siyasətidir və onun əsas rıçaqlarından biri müstəqil siyasət aparmaq istəyən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsidir”.

Konkret olaraq Vaşinqtonun Yaxın Şərq və Körfəz ölkələrindəki ekspansionist siyasətindən bəhs edən M.Suda qeyd edib ki, bu kontekstdə ərəb ölkələri arasında baş verən münaqişələrdən sui-istifadə və Pentaqonun hərbi bazalarının, ABŞ səfirliklərinin mənfi rolu xüsusilə qeyd olunmalıdır. O əlavə edib: “ABŞ müsəlmanlar arasında təriqət zəminində baş verən toqquşmalardan məharətlə istifadə edib. Uzun müddət Bəhreyndə, Yəməndə və İraqda sünni-şiə qarşıdurmasından bəhrələnən Vaşinqton, eyni zamanda, “parçala, hökm sür” prinsipi əsasında neft və qazla zəngin Körfəz ölkələri, həmçinin İraqda öz iqtisadi maraqlarını təmin edib. Lakin son illər vəziyyət kəskin şəkildə dəyişib və artıq Vaşinqtonun Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlər üzərində qurduğu “müstəmləkə körpüsü” dağılır. Ötən il həmin ölkələr OPEC+ alyansının xam neftin hasilatı ilə bağlı qərarına etiraz edən ABŞ-a kəskin reaksiya verdilər. Digər tərəfdən, Ərəb Liqası və Müsəlman Liqasının liderliyi ilə ərəb dünyasının həmrəyliyi və Qərbə, xüsusən Vaşinqtona müqavimətin artırılması istiqamətində mühüm addımlar atılır”.

ABŞ-ın destruktiv siyasəti nəticəsində ərəblərin çəkdiyi iztirablardan bəhs edən akademik vurğulayıb: “Ərəb ölkələrinin xalqları onilliklər ərzində Amerika imperializminin siyasi kursu və hərb maşınının ağır zərbələrinə məruz qalıb, milyonlarla insan qətlə yetirilib və bu faciələr indi də davam edir. ABŞ-ın təhriki ilə bir çox ərəb ölkələrinə və xalqlarına qarşı aparılan müharibələr şəhərləri xaraba qoyub, “Sem dayı”nın İraq, Suriya və Liviyada törətdiyi müharibələrin nəticələri hamının gözü qarşısındadır”.

Vaşinqtonun Yaxın Şərqdə, o cümlədən ərəb dünyasında sosial-iqtisadi tərəqqiyə əngəl törətdiyini qeyd edən akademik vurğulayıb ki, müsəlman xalqlarının sərvətlərini qarət edən “Sem dayı” və onun Qərbdəki müttəfiqləri, eyni zamanda, bu regionda xalqların iqtisadi, sosial, mədəni inkişafına da maneələr yaradır. O bildirib: “Son illərdə biz ərəb ölkələrinin öz nailiyyətlərini qorumaq üçün Amerikanın imperialist müstəmləkəçiliyinə son qoymaq və onu siyasi və hərbi cəhətdən torpaqlarımızdan silmək istiqamətində təsirli hərəkatının şahidi oluruq. Yeni nəsil ərəblər imperialist hegemonluğu qəbul etmir və etməyəcək. İnanıram ki, indiki reallıq fonunda yeni ərəb liderləri bu tendensiyanı davam etdirəcək, öz ölkələrinin müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq”.

M.Suda ABŞ-ın islamofobiyanın mərkəzi olduğunu da qeyd edib. Onun sözlərinə görə, İraqdakı Əbu Qreyb həbsxanasında müsəlman girovlara verilən dəhşətli işgəncələr, Quantanamo həbs düşərgəsində baş vermiş insanlığa zidd cinayətlər bunun bariz nümunəsidir. Eyni zamanda, Birləşmiş Ştatlarda yaşayan müsəlmanlar ayrı-seçkiliyə məruz qalır, onların hüquqları pozulur. “Müsəlmanlar ABŞ Konqresində və digər hakimiyyət orqanlarında təmsil olunmur, amma Vaşinqton öz hesabatlarında başqa ölkələrdə insan hüquqlarının pozulmasından danışır. Bu, riyakarlıqdır, həmçinin demokratiya və insan haqları pərdəsi altında digər dövlətlərin daxili məsələlərinə kobud müdaxilədir”, -deyə M.Suda vurğulayıb.

ABŞ-ın Cənubi Qafqazda yeni həmlələrini şərh edən iordaniyalı akademik söyləyib: “Vaşinqton ərəb dünyasında olduğu kimi, Cənubi Qafqazda da destruktiv səylər göstərir. Bu yaxınlarda Pentaqon hərbçilərinin Ermənistanda keçirdikləri birgə hərbi təlimlər bunun bariz nümunəsidir. Torpaqlarının azad edilməsi uğrunda müharibədə qalib gələn qardaş Azərbaycanın sülh təşəbbüsləri ilə çıxış etdiyi bir vaxtda erməni siyasi rəhbərliyinin ABŞ və Qərbin böyük siyasi oyunlarına alət olması təəccüb doğurur. Belə ki, heç bir iqtisadi və hərbi gücü olmayan Ermənistan Vaşinqtonun qlobal oyunlarının mənfi yükü altında əzilib birdəfəlik yox ola bilər. Onu da qeyd etməliyəm ki, Azərbaycan xalqı bu mübarizədə yalnız deyil, müsəlman xalqları, ərəb ölkələri onun arxasındadır. Özünün siyasi nüfuzuna və ölkəsinin iqtisadi qüdrətinə arxalanan Prezident İlham Əliyevin müstəqil siyasət kursu öz bəhrəsini verəcək və əminəm ki, ABŞ və bəzi Qərb ölkələrinin Qarabağla bağlı məkrli planları baş tutmayacaq”.

Xudaferin.eu

16:23