Ermənilər Ağdam-Xankəndi yolundan humanitar yüklərin buraxılmasına niyə mane olurlar?

Artıq bir neçə aydır ki, Laçın yolu ətrafında Azərbaycana qarşı Ermənistan və onun havadarları tərəfindən təşkil edilmiş geniş beynəlxalq qarayaxma və təzyiq kampaniyası davam etməkdədir. Bu proseslərin davamı olaraq avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan ermənilərə göndərilən ərzaq tırları 14 gündür ki, Qarabağa daxil ola bilmir. Dünən isə Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi yardım tırı da Qarabağa orada kök salmış cinayətkar ünsürlər tərəfindən buraxılmır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi, Qarabağdakı cinayətkar ünsürlər Ağdam yolunun açılmasına tək bir səbəbə görə müqavimət göstərirlər. Onlar Ağdam yolunun açılması ilə qarşısı alınmaz reinteqrasiya prosesinin başlanacağını anlayırlar. Bu isə onların gələcək üçün bütün məkrli planlarının bir dəfəlik dəfn edilməsi deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov söyləyib

Onun sözlərinə görə, Azərbaycan bütün “humanitar böhran şousu” dövründə istifadə üçün təkidlə Ağdam yolunu göstərirdi. Ermənistan tərəfi isə bunu qətiyyətlə rədd edirdi. Onun havadarları da Qarabağa getmək üçün Ağdam və digər yolların mövcudluğu faktını riyakarcasına görməzlikdən gəlirlər. Qarabağ sanki tək bir limanı olan adadır. Gözləmək olardı ki, Rusiya Qırmızı Xaç Cəmiyyətindən sonra Ağdam yolundan istifadə növbəsi ABŞ, Fransa və humanitar vəziyyətdən digər "narahat" ölkələrə gələcək. Onlar da öz yardımlarını “əzabkeş” və “məzlum” donuna bürünmüşlərə göndərəcəklər və bununla da məsələ bağlanaraq, yenidən sülh gündəliyindəki fundamental məsələlər müzakirə olunacaq. Sual yaranır axı nə üçün digərləri də eyni qayda ilə Ağdam yolundan istifadə edərək humanitar yardım göndərə bilmirlər? Nə mane olur onlara? Nə üçün həmin ölkələr bu qədər enerjilərini Azərbaycanla münasibətlərini pisləşdirmək üçün sərf edirlər? Fransa və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel nə deyirdi? Ağdam Laçına alternativ olmamalıdır. Niyə? Nə üçün hansısa dövlət hər ikisi Azərbaycanın tam suveren ərazisi olan Ağdam və ya Laçın yolunun istifadəsi ilə bağlı ölkəmizə diktə etməlidir? Kim və nə onlara bu hüququ verib? Elə dünən C.Borell amiranə formada tvitində "Laçın yolu açılmalıdır" deyə yazmışdı.

"Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi tır alternativ yolun olduğunu hər kəsə göstərdi. Artıq həmin yardımın qəbul edilib- edilməməsi heç nəyi dəyişmir. Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi tır bütün əsassız təbliğatı alt-üst və ifşa etdi. Məhz buna görə də bəzi ölkələr narahat olaraq hər vəchlə indi Ağdam yolunda olan tırlara mane olmaq üçün əllərindən gələni edirlər. Onlar yaxşı anlayırlar ki, bundan sonra artıq Qarabağdakı Qırmızı Xaç Cəmiyyətinin fəaliyyəti birbaşa Bakı ofisinə tabe edilməli olacaq. Bu isə həmin təşkilat vasitəsi ilə bölgədə əvvəllər həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətə son qoyulması demək olacaq",- deyə F. Çıraqov söyləyib.

Xudaferin.eu

14:28