Atəşkəsin yenidən pozulması Ermənistanın aqressiv siyasətinin bariz nümunəsidir - TƏHLİL

Ermənistanın yenidən atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutması İrəvanın növbəti təxribatıdır və məqsəd sülh prosesinə mane olmaq, regionda gərginliyi artırmaqdır. Azərbaycana qarşı istifadə edə biləcəyi bütün təzyiq rıçaqlarını itirən, beynəlxalq müstəvidə ölkəmizin əleyhinə apardığı düşmənçilik siyasəti boşa çıxan Ermənistan hər dəfə olduğu kimi silaha əl atır. Onlar dünyanın diqqətini Azərbaycanın üzərinə yönləndirməklə, Qarabağ məsələsini daim gündəmdə saxlamaq istəyirlər. Ermənistan dövləti yenə də öz hərbçilərinin həyatı bahasına yaranan gərginlikdən dividend qazanmaq niyyəti güdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

 

Ermənistan ordusunun təxribatı nəticəsində hərbi qulluqçumuzun yaralandığını qeyd edən komitə sədri deyib: “Təbii ki, Ordumuz onların təxribatlarını cavabsız qoymayıb. Düşmən ciddi itkilər verib. Görünən odur ki, ermənilər Azərbaycanla sülh müqaviləsi bağlamaq istəmirlər, savaşı davam etdirməkdə qərarlıdırlar. Hesab edirəm ki, bizim ermənilərə cavabımız daha sərt olmalıdır. Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət rəsmi İrəvanın üzərinə düşür. Yayılan məlumatlardan da göründüyü kimi, atəşkəs Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri tərəfindən pozulub. Düşmən müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından istifadə edib. Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirməkdə davam edir. Bütün bunlar atışmanın təsadüf nəticəsində pozulmadığını deməyə imkan verir. Deməli, təxribat daha öncədən hazırlanıb və düşmən atəşkəsi gözləmək üçün məqam gözləyib. Ermənistan təxribatların miqyasını genişləndirmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün dezinformasiya kanallarını işə salıb. Onlar hər zaman olduğu kimi atəşkəsin pozulmasında Azərbaycan tərəfini günahlandırırlar. Təbii ki, bu, Ermənistanın növbəti həyasızlığından başqa bir şey deyil”.

Baş verən belə təxribatların Ermənistana baha başa gələcəyini bildirən deputat əlavə edib: “İlkin məlumatlara əsasən, düşmən ciddi itkilər verib. Onlar ölənlərin sayını gizlədirlər. Düşünürəm ki, qarşıdakı saatlarda və günlərdə erməni ordusunun itkilərinin sayı üzə çıxacaq. Artan düşmən təxribatı Azərbaycan Ordusunu daha təsirli və ciddi üsullara əl atmağa vadar edir. Biz unutmamalıyıq ki, Cənubi Qafqazda sülh və sabitliyin yaranmamasında maraqlı qüvvələr var. Qarabağda separatçı rejimin rəhbərinin istefa verməsi, Azərbaycanın Xankəndiyə humanitar yük göndərməsi və bu məsələdə Bakının prinsipial mövqe sərgiləməsi müəyyən gücləri narahat edir. Bu gün Qarabağda 10 min silahlı erməni birləşmələri və onların ağır texnikası qalmaqdadır. Bizim tələbimiz çox aydındır: Qarabağdakı erməni silahlılar tərk-silah olunmalıdırlar və Xankəndi tezliklə bizim de-yure nəzarətimizə keçməlidir. Biz ərazi bütövlüyümüz, suverenliyimiz məsələsində güzəştə gedə bilmərik. Azərbaycan siyasi və yumşaq güc yolu ilə Qarabağda reinteqrasiya prosesini aparmağa çalışır. Amma silahlı erməni birləşmələrinin mövcudluğu, eləcə də Ruben Vardayan kimi separatçıların danışıqlara, dialoqa mane olması sülh prosesinə zərbədir. Bu cür cinayətkarların hikkələrindən Qarabağ erməniləri ciddi əziyyət çəkirlər. Azərbaycan təklif etmişdi ki, Qarabağ erməniləri ilə Ağdamda görüş keçirilsin. Amma onlar görüşdən imtina etmişdilər. Dialoqdan imtina edilməsi, Azərbaycanın humanitar yüklərinə “yox” deyilməsi, üstəlik bu gün Ermənistan tərəfindən atəşkəsin pozulması ermənilərin aqressiv siyasətinin bariz nümunələridir. Bütün bunların məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin və Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistan bu gün də qondarma rejimin separatçı ünsürlərini maliyyələşdirir. Bu məqsədlə ildə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan hərbçiləri hələ də Qarabağda səngərlər qazırlar. Bunlar regional sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.

T.Mirkişili əlavə edib ki, Qarabağdakı dinc ermənilər həm İrəvanın, həm də separatçı rejimin siyasətinə etiraz etməlidirlər. Dinc ermənilərdən qurban kimi istifadə olunur. Azərbaycan dövləti erməni vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürəcək. Gec-tez Azərbaycan polisi və digər güc strukturları Xocalı, Əsgəran, Xankəndiyə daxil olub orada əmin-amanlığı təmin edəcək.

Xudaferin.eu

12:21