"Mövcud olmayan Ermənistanın tarix dərsliklərinə salınması təxribatdır"

 

 

"Ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında tərtib edilmiş “Azərbaycan tarixi” dərsliyində tariximizə ləkə salan bir sıra yanlış mülahizələrə yol verilib".  Bu fikirləri açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli deyib.

Tarixçi alim həmin faktları aşağıdakı kimi təqdim edib:
 

“Azərbaycan tarixi” dərsliyinin 43-cü səhifəsində M.Kalankatlıdan gətirilmiş bir fikir – alban hökmdarı Urnayrın (343-371) Ermənistanın içərilərinə girib qələbə bayrağı sancması – fikri təqdim edilir. Deməli, Albaniyanın qonşuluğunda Ermənistan adlı dövlət var idi. Öncə onu qeyd etmək lazımdır ki, Musa Kalankatlının “Alban tarixi” əsəri bizə orijinal şəkildə deyil, erməni kilsəsi tərəfindən saxtalaşdırılmış variantda gəlib çatıb. Yəni bu kitabın orijinal variantında böyük ehtimalla Ermənistan dövləti ifadəsi ola bilməzdi.

Həmin dövrdə Dəclə və Fərat çaylarının yuxarılarında olan erməni çarlığını Azərbaycan dərsliyinə salınmasının nə anlamı var? Göründüyü kimi, burada məqsəd gənc nəslin beyninə IV əsrdə Cənubi Qafqazda Ermənistanın olması fikrini yeritməkdən ibarətdir. Bildiyimiz kimi, Cənubi Qafqazda – Azərbaycan torpaqlarında erməni dövləti yalnız 1918-ci il mayın 29-da yaradılmışdır. Bununla kifayətlənməyən müəlliflər erməni terminologiyasında işlədilən bəzi terminləri “yenilik kimi” dərsliyə gətirmişlər. Dərsliyin 41 və 42-ci səhifələrində “Albaniya qavarlara və əyalətlərə bölünürdü”, s.46- da “Cavanşir Albaniyanın ən böyük işxanı oldu” cümlələri təqdim edilir. Bu ifadələrdəki “qavar” və “işxan” terminləri erməni dilindən götürülüb və Azərbaycan dilçiliyinə tamamilə yaddır.

IV əsrdə Cənubi Qafqazda mövcud olmayan Ermənistanın və ermənicə olan terminlərin Azərbaycanın orta məktəb tarix dərsliklərinə salınması bu gün müharibə vəziyyətində olan bir ölkənin gənc nəslinin vətənpərvərlik ruhunda yetişməsinə ciddi zərbədir və bağışlanılmaz təxribatdır. Dərslikdə orta məktəb şagirdlərinin öyrənməsi üçün daha vacib olan məsələlər əvəzinə əsasən Alban hökmdarlarının vassal asılılığında olması vurğulanır. “Girdiman hakimi Varaz Qriqor özünü Bizans imperatorunun vassalı elan etmişdi” (s.45), Cavanşirin Bizans imperatoru II Konstantinlə hansı məqsədlə görüşdüyü açıqlanmır, əvəzində Bizansdan xaç hədiyyə aldığı qeyd edilir (s.46.). Yenə də Cavanşirin parlaq qələbələri əvəzinə “664-cü ildə Xəzərlərdən vassal asılılığı qəbul etdiyi” vurğulanır. Xalqımız Cavanşiri özünün qəhrəmanı kimi tanıyır, övladlarına Cavanşir, Babək kimi igidlərin adlarını qoyaraq yaşadır. Təqdim edilən dərslikdə isə, əksinə, bu cür qəhrəmanları, sərkərdələri xalqın hafizəsindən silmək xətti aydın görünür.

Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir tarixi şəxsiyyətlərdən biri, tarixin gedişini dəyişdirmiş Nadir şah haqqında da eyni xəttin yeridildiyini izləmək mümkündür. Dərslikdə Rusiya və Osmanlı dövlətləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını azad edən, Xəzər dənizində hərbi donanma yaratmağa çalışan, ilk dəfə sünni-şiə məzhəbini birləşdirməyə can atan bir hökmdar, məğlubedilməz bir sərkərdə əvəzində əhalini asıb-kəsən, qul edib bazarlarda satdıran, kəndləri viran edən bir Nadir obrazı təqdim edilmişdir (s.159)"

Hurriyyet.org 

09:54