“Monopoliya azad biznesə mane olur”

 

Emil Zülalov: “Onlar sahibkarlığıninkişafınaimkan vermir”

 

“Sahibkarlıq müstəqil institut olmalıdır.Gəlin görək, bu gün ölkədə məmur oliqarxiyasından kənar hansısa bir sahibkarlıq institutunun formalaşması mümkündürmü?Hesab edək ki, çox ədalətli, keyfiyyətli bir qanun qəbul olundu.Real vəziyyət, bugünkü məmur oliqarxiyası bu qanunun tələblərinə uyğun olaraq ölkədə sahibkarlıq institutunun formalaşmasına imkan verəcəkmi?”Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında gənc sahibkar Emil Zülalov deyib. E.Zülalov hesab edir ki, sahibkarlığın inkişafına, bazarda bahalaşmaya səbəb olan əsas amillərdən biri də məhz monopoliyadır: “Bu gün sahibkarların maliyyəyə çıxış imkanları çox zəifdir.İqtisadi böhran vəziyyətində sahibkarların fəaliyyət göstərməsi üçün şərait çox ağırdır.Və artıq iki ildən çoxdur ki, bu vəziyyət davam edir.Bu isə bazarda sahibkarların azalmasına, rəqabətli mühitin məhv olmasına gətirib çıxarır. Hesab edirəm ki, bu vəziyyətin davamlı olmasında maraqlı olan monopolistlər də var. Monopolist məmurlar bazarda rəqabəti öldürərək məhsulların qiymətində artıma nail olmaq istəyir ki, buna da müəyyən qədər nail ola biliblər. Bu gün kiçik və orta sahibkarlığdan danışmaq özü belə yersizdir. Vəziyyət göz qabağındadır.Hər birimiz vəziyyətin nə yerdə olduğunu yaxşı bilirik”.
Gənc sahibkar hesab edir ki, monopoliya sahibkarları bazarı tərk etməyə məcbur edir:

“Digər tərəfdən sahibkarların bazardan çəkilməsi ilk növbədə vergi ödəyicilərinin azalmasına səbəb olur ki, bu da dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdəndir. Ümumilikdə isə ticarət obyektlərinin bağlanması gələcəkdə vergi yığımı zamanı bəzi problemlərin yaranmasına səbəb ola bilər. Sahibkarlığın inkişafına mane olan neqativ halların qarşısını almaq üçün artıq ciddi addımlar atılmağa başlanılsa da bu prosesin gedişinə maneə yaradan monopolistlər var. Bu da ümumilikdə sahibkarlığın inkişafında mənfi təsir göstərən faktdır”.

“Cümhuriyət”

 

22:53