Misirdə Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi qeyd olunub

Azərbaycanın Misirdəki səfirliyində dövlət müstəqilliyinin bərpasının 30 illiyi qeyd olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Qahirədə səfərdə olan Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyətinin, səfirliyin əməkdaşlarının, Misir ictimaiyyətinin nümayəndələrinin, diaspor təmsilçilərinin və jurnalistlərin qatıldığı tədbiri giriş sözü ilə açan ölkəmizin Misirdəki səfiri Tural Rzayev iştirakçıları bayram münasibətilə təbrik edib.

Səfir çıxışında diqqətə çatdırıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası mürəkkəb proseslərlə müşayiət olunub. Həmin dövrdə ölkə daxilində qarşıdurma güclənib, xaos yaranıb. Bu çətinliklər Ermənistanın sovet ordusunun dəstəyi ilə Azərbaycana qarşı təcavüzü nəticəsində daha da artıb. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi düşmən tərəfindən işğal olunub, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Belə ağır vəziyyətdə xalq öz xilaskarını – ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət edib və dahi siyasətçi qısa müddət ərzində ölkəni ağır böhrandan xilas edib, ölkəni inkişaf və tərəqqi yoluna çıxarıb. Dahi şəxsiyyətin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın tarixində tamamilə yeni era başlanıb, siyasi, iqtisadi və sosial sahələrdə geniş islahatlar həyata keçirilib. Eyni zamanda, qüdrətli ordu yaradılıb, Azərbaycanın təşəbbüsü ilə nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına başlanılıb.

Tural Rzayev vurğulayıb ki, 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev bu müdrik siyasəti davam etdirərək Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Məhz dövlətimizin başçısının səyləri və düşünülmüş siyasəti nəticəsində iqtisadi cəhətdən güclü və qüdrətli Orduya malik olan Azərbaycan ötən il öz torpaqlarını işğaldan azad edib, 30 ilə yaxın BMT-nin dörd qətnaməsinə və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistanı kapitulyasiyaya məcbur edib. Beləliklə, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan, eyni zamanda, beynəlxalq sənədlərin müddəalarını da öz gücü ilə yerinə yetirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Azərbaycanda incəsənət sahəsində elmi iş müdafiə etmiş Misirin Həlvan Universitetinin professoru Üsamə Əbdülrəhman, həmin universitetin alimi Mona Zedan Azərbaycanın 44 günlük müharibədə şanlı Qələbəsindən, ölkəmizin beynəlxalq nüfuzunun artmasından, Misirlə mədəniyyət sahəsində əlaqələrdən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikası Yaxın Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqələri daha da möhkəmləndirir.

Tədbirin sonunda Misirdə yaşayan azərbaycanlı ailələrin uşaqları doğma Vətəni vəsf edən şeirlər söyləyiblər.

Oqtay Bayramov

Xudaferin.eu

13:08