İstanbulda Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə İstanbulda tədbir keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Diaspor Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə 44 günlük Vətən müharibəsi zamanı yaralanan və Türkiyədə müalicə olunan qazilər, eləcə də Türkiyədə təhsil alan Azərbaycan Silahlı Qüvvələrinin zabitləri və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Koordinasiya şuralarının və Azərbaycan evlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs edilib. Bildirilib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanla yanaşı, dünya hərb tarixinə də qızıl hərflərlə yazılıb. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan ordumuz düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayaraq uzun illər gözlədiyimiz bu şanlı qələbəni xalqımıza yaşatdı.

Mərasimdə Türkiyədə hərbi təhsil alan Azərbaycan Silahlı Qüvvələrinin dörd zabitinə yeni hərbi rütbələr təqdim edilib.

Tədbirdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, qardaş ölkənin Milli Müdafiə Universitetinin prorektoru, professor Tələt Canbolat və digər yüksək hərbi rütbəli şəxslər iştirak ediblər.

Günel Məlikova

Xudaferin.eu

10:42