İrəvamda prezidentlə baş nazir arasında qarşıdurma

Serj Sərkisyanın Daşnaksütyunla sövdələşməsinin pərdəarxası
 

Ermənistan hakimiyyətində rəqabətin dərinləşməsi müşahidə olunur. Mövqe ayrılığı özünü əsasən aprelin 2-də keçirilmiş parlament seçkilərindən sonra yeni hökumətin formalaşmasında göstərir. Xatırladaq ki, Ermənistan parlamentli respublika sisteminə keçdiyindən hökumətin tərkibi baş nazirin təqdimatı əsasında seçilir. May ayının 18-də Ermənistan Milli Məclisinin yeni tərkibinin ilk iclası keçiriləcək. Həmin iclasdan etibarən spiker və hökumət üzvlərinin seçilməsinə başlanılacaq. Hazırda baş nazir postuna ən şanslı namizəd hazırda bu vəzifəni icra edən Karen Karapetyan hesab edilir. Hakim elitada texnokratların lideri kimi tanınan K.Karapetyan eyni zamanda, siyasi nüfuzuna görə, Ermənistan prezidenti Serj Sarkisyana əsas rəqib sayılır. Ermənistan Respublika Partiyasının seçkilərdə qalib gəlməsi prezident Sarkisyanın siyasi mövqeyini möhkəmləndirsə də hakimiyyət daxilində o, daha güclü müxalifətlə üzləşməkdədir. 2018-ci ildə keçirləcək prezident seçkilərinə qədər S.Sarkisyan ali icra hakimiyyətinin başçısı kimi bir çox əlavə səlahiyyətlərini saxlayacaq. 2018-ci ildə seçiləcək prezidentin isə səlahiyyətləri məhdud olduğundan ali icra hakimiyyətinin başçısı baş nazir olacaq. Lakin yeni konstitusiyaya görə, artıq hökumətin formalaşdırlmasına baş nazir rəhbərlik edir. Bu da öz növbəsində, hakim düşərgədə səlahiyyət bölgüsü uğrunda rəqabəti dərinləşdirir. Baş nazir postuna ən real namizəd Karapetyan olduğundan bu posta başqa şəxsin gətirilməsi hakim partiya daxilində parçalanmaya yol aça bilər. Ona görə də K. Karapetyanın hökumətin rəhbəri postuna seçilməsi şansı yüksək olaraq qalır. O, eyni zamanda, Kremlə bağlı şəxs hesab olunduğundan Rusiyanın siyasi dəstəyi baş nazir postunu tutmağa kömək edəcək. Karen Karapetyanın Serj Sarkisyan hakimiyyətinə digər təsir imkanı onun qardaşı, “Tashir Group” holdinqin prezidenti Samvel Karapetyanın Ermənistan iqtisadiyyatında aparıcı çəkiyə malik olmasıdır. Karen Karapetyan baş nazir postuna gəlməklə yanaşı, yeni hokuməti özünə yaxın kadrlardan formalaşdırmağa çalışır. Hətta bu günlərdə onun prezident Sarkisyanın işdən çıxartdığı general nazir müavini təyin etməsi hökumət və dövlət başçıları arasında qarşıdurma kimi qiymətləndirilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahının sabiq rəis müavini Enriko Apriamov K.Karapetyanın əmri ilə fövqəladə hallar nazirinin müavini təyin edilib.

Xatırladaq ki, Enriko Apriamov bir neçə gün öncə prezident Serj Sarkisyanın sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin birinci müavini vəzifəsindən azad olunmuşdu. Prezident Sarkisyan baş nazir Karapetyanın hakim komandada artan təsirinin qarşısını almaq üçün yeni siyasi dəstək axtarışına çıxıb. Belə ki, Sarkisyan Daşnaksütyun, Erməni Milli Federasiyası ilə koalision hökumət qurmaq barədə razılığa gəlib. Bu barədə ERP-nin sözçüsü Eduard Sarmazanov açıqlama verib. Əldə olunmuş razılaşma hökumətdə bir neçə nazir və nazir müavinləri vəzifələrinin daşnaklara verilməsini nəzərdə tutur. Prezident Sarkisyanın bu addımı K.Karapetyanın rəhbərlik etdiyi cavan texnokratlardan ibarət komandaya qarşı əzələ nümayişi hesab oluna bilər. Çünki Karapetyanın tərəfdarlarının 1990-cı illərdə siyasətə gəlmiş və əsasən Qarabağ müharibəsi veteranlarından ibarət olan hakim elita nümayəndələrini sıxışdırması müşahidə olunur. Görünür, S.Sarkisyan daşnakların timsalında radikalları yenidən ətrafına toplamaqla öz mövqeyini gücləndirməyə çalışır.

Müşfiq Abdulla

 

09:28