İran üzərindən qara buludlar çəkildimi?

Elxan Şahinoğlu: “İran dəyişikliyə hamilədir, çünki...”; Əhəd Məmmədli: “Əslində Qərbə indiki İran rejimi daha sərfəlidir”

Bu ayın əvvəllərindən başlayaraq İranda həyata keçirilən etiraz aksiyaları hələ də gündəmdən düşmür. Doğrudur, artıq etirazlar səngiyib və İran rejimi görünən təhlükələri qismən də olsa aradan qaldıra bilib. Amma bununla belə, rəsmi Tehranı qarşıda təhlükələrin gözlədiyi barədə fikirlər var.

Xüsusilə son aksiyalarda Amerika başda olmaqla, Qərb ölkələrinin əlinin olması barədə iddialar və bunu sübut edən bəzi faktların üzə çıxması cənub qonşumuzun heç də təhlükədən tam qurtulmadığını göstərir. Hazırda İranla Qərb arasında münasibətlər olduqca gərgindir və bunu aradan qaldırmaq üçün tərəflərin heç birinin irəliyə doğru addım atmadığı göz önündədir. Əksinə, Qərbdən gələn təzyiqlər hər iki tərəfi bir-birinə daha çox qarşı qoyur. Bütün bunları nəzərə alan müstəqil ekspertlər İran üzərindən təhlükələrin hələ də sovuşmadığı qənaətindədirlər.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, İran rejimi üzərindən təhlükə sovuşmayıb: “Təhlükənin sovuşması üçün İran prezidenti köklü siyasi və iqtisadi islahatlara başlamalıdır. Bunun əvəzinə isə ölüm hökmünə məhkum olunmuş İran vətəndaşlarının küçələrdə insanların və azyaşlı uşaqların gözü qarşısında qaldırıcı kranlardan asılması səhnələri davam edir. Bunun kimə nə xeyri var? İran prezidenti Həsən Ruhani islahatların zəruriliyini anlayır. Ancaq o, ali dini lider və İslam Keşikçilər Korpusunun generalları ilə münasibətləri də korlamaq istəmir. Bu qüvvələr üçün isə əsas İranın bölgədəki rolunu gücləndirmək, Suriya, Yəmən və Livandakı tərəfdaşlarına dəstəyi davam etdirməkdir. Bu dəstək davam etdikcə isə maliyyə resurslarını iqtisadi və sosial problemlərin həllinə yönəltmək mümkün olmayacaq. Demək, insanların narazılığı azalmayacaq. Məsələnin başqa tərəfi də var. İran teokratik dövlətdir. İran gəncliyinin əksəriyyəti isə qloballaşan dünyanın tərkib hissəsi olmaqda maraqlıdır, istədiyi kitabı oxuyub, istədiyi filmi izləmək və istədiyi musiqini dinləmək istəyir. Bütün bunlar isə İranda qadağandır. İranda yalnız icazə verilən kitabları oxumaq və icazə verilən filmləri izləmək və icazə verilən musiqini dinləmək olar. Bəlkə də keçmiş illərdə bu qadağa işləyirdi, ancaq internet əsrində bu qadağalara qarşı müqavimət də güclənir. İran dəyişikliyə hamilədir. Yaxşı olardı ki, bu dəyişikliklər təlatüm olmadan baş verərdi. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Ancaq bu tək bizim istəyimizdən asılı deyil. İranda iki istiqamətdə narazılıq var. İnsanlar həm sosial problemlərinin həllini, həm də süni qadağaların ortadan qaldırılmasını istəyirlər. Bu problemlər həll olunmadıqca hər an vəziyyətin dəyişəcəyini gözləmək mümkündür”.

 

Politoloq Əhəd Məmmədli fərqli düşünür. O hesab edir ki, əslində Qərbə indiki İran rejimi daha sərfəlidir: “Hər bir rejim həmişə devrilmə təhlükəsindədir. Bu, demokratik rejimlərə də, avtoritar rejimlərə də aiddir. İranda mövcud rejim həmişə devrilmə təhlükəsini yaşayacaq. İldən-ilə İran daxilində siyasi-iqtisadi-sosial vəziyyət pisləşdikcə, gərginləşdikcə üsyanlar qaçılmazdır. Təbii, İran tipli rejimlər daima ayıq-sayıq olurlar. Lakin çatlar çoxaldıqca, dərinləşdikcə ayıq-sayıqlıq da kömək edə bilməyəcək. Düşünmürəm ki, ən azı İranda son iğtişaşları Amerika edib. İrandakı son aksiyalar hakimiyyətdaxili qarşıdurmaya daha çox bənzəyir. Təbii ki, ABŞ İrandakı ildən-ilə artan daxili gərginlik, sosial narazılıqdan istifadə etməyə çalışacaq, müdaxilə edəcək, amma ən azı indiki dövrdə bunu edəcəklərini düşünmürəm. İndiki İran ABŞ başda olmaqla, Qərbə lazımdır. Çünki ortada iddialı, güclü Türkiyə var və Amerika, Avropa, İsrailə bu cür Türkiyəyə qarşı belə bir İran lazımdır. İnqilab təhlükəsini tamam atmaq üçün İrandakı mövcud rejim islahatlara getməlidir. Artıq bu cür islahatlara gedilir. İranda qadınlar çarşabı atmaqdadır. Belə davam etsə, bir neçə ildən sonra ümumiyyətlə, çarşabı tam atacaqlar. Qeyri-rəsmi alkoqol dükanları, restoranları, məclisləri İranda artmaqdadır. İran rejimi buna da göz yummağa məcburdur. Musiqi, digər əyləncə növləri də İranda çoxalır. İran bir baxımdan Çinin yolu ilə gedir. Rejimi qoruyub saxlamaq üçün başqa yolları da yoxdur. İran sosial, iqtisadi baxımdan dünyəviləşir, kapitalistləşir, marginallığını ancaq siyasi baxımdan qoruyub saxlamağa məcburdur. Ən yaxşı halda İran rejimi ancaq bu şərtlər altında iqtidarını qoruyub saxlayacaq. Onlar üçün ən pis hal isə odur ki, siyasi-ideoloji müstəvidə hakimiyyətlərini qoruyub saxlaya bilməyəcəklər. Fikrimcə, hələlik indiki İran Qərbə lazımdır. İraq və Əfqanistan müharibələrində ABŞ-la İran çox gözəl anlaşdılar. Nəticədə də İraq tam, Əfqanıstan isə natamam şəkildə İranın nəzarətinə verildi. Düşünürəm ki, İranda indiki rejim çökəcək, lakin bu, o vaxt baş verəcək ki, İran regionda artıq Amerika və Avropaya lazım olmayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

15:12