Həsrətin ağrısı

Çağdaş Güney Azərbaycan yeni ədəbi nəslinin ünlü simalarından biri olan Umay Urmulu Güney Azərbaycan və Türkiyədə çağdaş milli ədəbiyyatımızın gəlişməsi yönündə ən fəal yazarlardan biridir. Güney Azərbaycan gerçəklərini dünyaya tanıtmaq, onun ədəbi-kültür mirasının gəlişməsi yönündə bütün şüurlu həyatını səref edən Umay Xanım indi Kanadada yaşamaqla yanaşı, həm də “XUDAFERİN.EU”nun daimi müəlliflərindən biridir. 
 

Yazmaq istəyirəm...

Amma nə yazım, kimdən yazım???!!!

Qəlbim ağrımağa başlayıb, amma bu ağrı, həsrət içində  itib... O qədər də dərindən  hiss etmirəm qəlbimdə nələr var ....!!!

Səndən yazmaq istəyirəm...

Uzaqlaşan yollardan! Arxada qoyduğum illərimdən... Məndən daha da uzaq düşən Elimdən...  Özüm də bilmədən uzaq düşdüyüm Elimdən....

Axır ki, bu yollar səbrimi kəsdi, necə yanıqlıyam bu yollardan, bağışlmaram səni ey yollar... Sənsiz hava udmaq belə, çox ağırdır. O qədər ki, ağırlığı qəlbimi, ruhumu belə ağrıdıb!!! 

Sənsiz aldığım nəfəslər belə, acılı nəfəsdir. O qədər acı ki, burnumu, beynimi yandırır...!

Urmudan deyim sənə, yoxsa Təbrizdən???

Təbrizdən yarımçıq qalan xatirələrim, yoxsa Urmu gölünün duzundan deyim??!!!

Ay nə gözəldir Urmunun bağları...

Nə gözəldir Urmunun havası ilə nəfəs almaq...

Şəhərçayının yanında oturub, Sır dağını, başı qarlı o biri dağlarını seyr etmək...

Başı qarlı dağlarını dedim, nəfəsimdən qalxan isti o dağların zirvəsində donan xatirələrimi əritdi...

Ay uca dağlar, başı dumanlı qarlı dağlar, indi səsimi eşidirsinizmi?!. Sizə söz verdiyim günləri xatırlayırsınızmı?

Sənə söz vermişəm canım Urmu. Səni ürəyimin gizli yerində xatirələrimin ən qiymətli yerində bəsləyirəm...

Sənə söz vermişəm Qoca Təbrizim. Səni qəlbimin ən uca yerində bəsləyirəm...

Sənə söz vermişəm başı dumanlı SAVALAN. Səni gözlərimin dərin baxışlarında bəsləyirəm...

13:06