"Həbsxanada insan nə qədər yaxşı ola bilər?!"

 

NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər Bayram Məmmədov və Qiyas İbrahimovun durumları haqda danışır. “Bayram Məmmədovun apellyasiya məhkəməsi bitdiyi üçün hal-hazırda 13 nömrəli zonda, digər siyasi məhbus İlkin Rüstəmzadə ilə birlikdədir. Vəkili Elçin Sadığova dediyinə görə Bayram qaldığı şəraitin pis olmasına görə xəstələnmişdi. Hətta bir neçə dəfə xəstə-xəstə əlinə qandal vurularaq çöldə saxlayıblar. Qiyas isə hələ də Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasındadır." Bu sözləri Amerikanın Səsinə müsahibəsində Turqut Qəmbər bildirib.

"Həbsxanada insan nə qədər yaxşı ola bilər?!"

Hakimiyyətin Qiyas və Bayrama qarşı qisasçılıq siyasəti yürütdüyünü qeyd edən N!DA Vətəndaş Hərəkatının üzvü apellyasiya məhkəməsinin qərarını haqsız hesab etdiyini deyir. Onun sözlərinə görə, Bayramda olduğu kimi Qiyasın da işində növbəti addım Avropa məhkəməsinə müraciət olacaq. “Heykəl məhbusları” kimi tanınan Bayram və Qiyasın məhkəmə prosesinin həm beynəlxalq qurumlar, həm də insan hüquqları təşkilatları tərəfindən böyük diqqətlə izlənilir, deyə siyasi fəal vurğulayıb. Hətta keçən ilin dekabr ayının 10-da İnsan Hüquqları günündə ən nüfuzlu insan haqqları təşkilatlarından biri olan Amnesty İnternational Bayram və Qiyası əsas müdafiə etdiyi insanlar arasına daxil etdiyini elan etmişdi.

Turqut Qəmbər deyir ki, beynəlxalq təşkilatların siyasi məhbuslarının işinə diqqət göstərməsi mühümdür. "Mehman Qələndərovun həbsxanada müəmmalı şəkildə ölməsi onu göstərdi ki, bir insan diqqətdən kənarda qalan hakimiyyət ona qarşı istədiyini edə bilir. Bu baxımdan Qiyas və Bayramın üzərində olan beynəlxalq diqqət müəyyən qədər də olsa onları qoruyur."

Gənc fəal hal-hazırda həm etiraz üçün, həm də müzakirə üçün yeganə platformanın sosial şəbəkələr olduğunu vurğulayır. Bu baxımdan Bayram və Qiyasın həbslərindən 1 il keçməsi Facebookda kifayət qədər ciddi rezonansa səbəb olub. Nida Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər Amerikanın Səsinə Bayram və Qiyasın vəkilindən, ailələrindən onların vəziyyəti ilə tez-tez məlumat aldıqlarını qeyd edərək, əhvallarının normal olduğunu bildirib.

Amerikaninsesi.org

09:27