Hakimiyyət qapıları açır?

 

"Sözügedən dəyişiklik alqışlanası haldır. Xarici investorların ölkədə sərbəst hərəkətini təmin etmək, ölkəyə xarici investisiya cəlb etmək üçün başlıca şərtlərdəndir. Nəhayət ki, Azərbaycana xarici investorların gəlməsi prosesi asanlaşdırıldı, beləcə onlar hüquq mühafizə orqanlarından qeydiyyatdan keçmək məcburiyyətində deyil. Onlar istəkdən asılı olaraq, təhlükəsizlik üçün qeydiyyat vərəqi təqdim edə bilərlər. Hər halda Miqrasiya Məcəlləsinə olunan əlavələr Azərbaycanın xarici investorları cəlb etməsinə yardımçı olacaq”.
Bunu Topum.Tv-yə iqtisadçı ekspert Hafiz Babalı Miqrasiya Məcəlləsinə edilən əlavələr və dəyişikliklərə münasibət bildirərkən deyib.
Miqrasiya məsələləri üzrə ekpert Əlövsət Əliyev də dəyişiklikləri müsbət dəyərləndirib: ”Dəyişikliklər Prezident Adminstrasıyasından gəldiyinə görə, əlbəttə, qəbul ediləcək. Bunu müsbət dəyərləndirirəm. Bu dəyişikliklər Miqrasiya Məcəlləsi qəbul edilənədək qanunvericilikdə yox idi. Əcnəbilər və xarici iş adamlarının vəziyyətini ağırlaşdıran bu normaların hamısı Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə Miqrasiya Məcəlləsinə salınacaq".
Əlövsət Əliyevin bildirib ki, bu dəyişikliklər xarici iş adamlarının ölkəyə gəlməsinə imkan yaradacaq: "Biz o zaman bu qadağalara qəti etiraz etsək də, Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi Azərbaycanda əmək bazarını əcnəbilərdən qoruduqlarını səbəb gətirirdi. Ümid edirəm ki, bu dəyişikliklər iş adamlarının Azərbaycana gəlişini sürətləndirəcək. Eyni zamanda hesab edirəm ki, xarici investorlarin qanunsuz yoxlanmalarına, statuslarının ləğvinə, onların mülkiyyətinin müqəddəs və toxunulmaz olmasına təminat verilməlidir. Onu da bildirmək istəyirəm ki, müxtəlif sahələrdə investor tərəfindən dəvət olunan mütəxəssislər üçün iş icazəsi investorlarin özləri tərəfindən alınmalıdır. Ümumiyyətlə, faydalı mütəxxəsislərin Azərbaycana cəlb olunmasına qanunverici orqan şərait yaratmalıdır. Ölkə iqtisadiyyatının inkişafına səbəb olan elm adamları və mütəxəssislərin səmərələşdirici təklifləri olan gənclərin və tələbələrin müxtəlif istehsal sahələrində uğur əldə etmiş insanların, şoran torpaqların təmizlənməsi sahəsində fəaliyyət göstərən ixtisaslaşmış firma və iş adamlarının və s. şəxslərin Azərbaycana cəlb olunmasında ciddi güzəştlər nəzərdə tutulmalıdır. Bu dəyişiklik uzun illərdən bəri miqrasiya siyasətində davam edən sərtləşmə siyasətinin yumşalmağa doğru gedən ilk addımıdır”.
Deputat Vahid Əhmədov Miqrasiya Məcəlləsinə təklif edilən əlavələrlə bağlı danışarkən bunun müsbət nəticə verəcəyini qeyd edib: "Xarici investorlara müvəqqəti yaşama icazəsi verilməsi ölkəyə investisiya axınını sürətləndirəcək. Düşünürəm ki, Miqrasiya Məcəlləsinə olunan əlavələr bəhrəsini verəcək və dünyadakı iqtisadi-siyasi böhrandan Azərbaycan çıxış yolunu məhz bunda görür”.
Xatırladaq ki,  Milli Məclisə Azərbaycan prezidentinin təqdimatı ilə  Miqrasiya Məcəlləsinə əlavələr təklif edilir. Layihəyə əsasən, məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə görə, Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsi veriləcək. Məcəllənin 64-cü (İş icazəsinin alınması tələb olunmayan hallar) maddəsinə təklif edilən əlavəyə görə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, yaxud Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləmək üçün icazənin alınması tələb olunmayacaq. Təklif olunan digər əlavəyə görə də Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də bu tələblər irəli sürülməyəcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.

Ofelya Ramilqızı
(arqument.az)

14:25