GİROVLAR ... (bumeranq)

 

Demək, müharibə əlili olan bir dostum məndən üç min beş yüz manat borc istədi. Mən də tapdım, verdim. O da öz qızını girovluqdan azad etməyə görə istəyibmiş… Girovluqdan deyəndə, ağlınıza başqa şey gəlməsin. Əslində, dostumun banka kredit borcu varmış, ora verəcəkmiş. Dostumun da yox e, qızının... Dostum da uşağın bankda olan kredit borcunun üstünə faiz gəlməsin deyə tez-tələsik qızını hətta sevmədiyi bir adama ərə verməyə məcbur olub ki, toydan yığılan pulla krediti bağlasın. Həm də devalvasiya da ola bilər axı, onda necə olar?!

– Yazıq! (İ. S.)

Amma toydan yığılan pul heç şadlıq evinin borcunu ödəməyə yetməyib... Odur ki, şadlıq evinin rəhbərliyi də pul gəlincə gəlini girov saxlayacağını deyib. Bəy də küsüb gedib...Daha qayıtmayıb!

– Alçaq! (İ. S.)

Bankdan da bir cavan oğlan hər gün, gündə də iki-üç dəfə zəng vurub müxtəlif formalarda gah hədə qorxu gəlirmiş, gah qızı bank rəhbərliyi ilə söhbətə çağırırmış, gah da deyirmiş ki, ödəmək imkanın yoxdursa, gəl hardasa ikimiz görüşək, görək “nə etmək olar?!”

– Allah bilir nəyə çağırırmış uşağı?! (İ. S.)

Əslində dostumun qızı da krediti özü üçün götürməyibmiş. İşlədiyi müəssisənin müdiri onun adına götürübmüş. Daha dəqiqi, özünün hansısa tanış qadınına pul lazım olub, bu gözünə döndüyüm xanım da pul tapmayacağı təqdirdə qızın müdirini şantajla hədələyib, o da, yəni müdir, yazıq dostumun qızını qorxuzub ki, ya onun adına kredit götürəcək ya da onu işdən "statya ilə" çıxaracaq…

– İndi də krediti ödəmir... Odur ki, ödəməni qız eləməyə məcbur olub!

Məsələ ondadır ki, müdirin tanışı, şantajçı qadın da oğlu oxuyan məktəbin təmiri üçün yığılan pulun onun payına düşən hissəsini öz bədəniylə qazanmaq, onun bədəninə lazımi qiymətin verilmədiyini görəndə isə qiymətkəsən əminin ailəsinə xəbər verəcəyini demək qərarına gəlib.

– Neynəsin yazıq?! (İ. S.)

Məktəbin təmirinə gələndə isə, bədən alverçisi xanımın uşağının sinif rəhbəri sinfin təmirinə pul yığılması üçün çox sıxışdırıldığından sinfin təmir pulunu hesablayıb, yəni bir aylıq maaşını verib smeta tutdurub, sonra direktor həmin smetanı nə az nə çox səkkizə vurandan sonra qaytarıb müəlliməyə ki, valideynlər arasında ədalətlə bölüşdürsün.

– Ədalətlə! (İ. S.)

Müəllimə də sinfin təmiri üçün müəyyənləşdirilmiş “dəqiq smetanın” üstünə də öz pulunu və uşağının magistratura haqqını gələndən həmən sonra kimin, yəni hansı valideynin arxası, dayağı yoxdursa... Kim ora-bura şikayət edib ona hədə-qorxu gələ bilməyəcəksə, bu pulun yığımını o valideynlər arasında bölmək qərarına gəlib. Özü də direktorun tapşırdığı kimi ədalətlə... Direktora gələndə isə, onun da sabaha ümidi olmadığı üçün… Yəni hər an işdən atılmaq qorxusu domokl qılıncı kimi başının üstündən asılı olduğu üçün bu vəzifəyə gəlməkdən ötrü satıb verdiyi evini təzələmək məcburiyyətində qalıbmış. Bir tərəfdən də ki, işə başladığı iki ay müddət olmasına baxmayaraq məktəbdə lövbər salan yoxlamanı razı salmaq lazım idi.

– Tanrı köməyi olsun! (İ. S.)

Digər tərəfdən isə məktəbdə oturan komissiya üzvlərinin hərəsinin bir dərdi vardı. (yaxşı ki onlar cəmi iki nəfər idilər). Biri uşaqlıq arzusu olan, 450 min manatlıq avtomobilinin kreditini bağlamalı idi. Digəri isə bu komissiyaya düşmək üçün istirahət yerlərindən biri olan kənddə yaşayan ağbirçək anasının mal-qarasını satmış, pul yetmədiyinə görə üç otaqdan birini şəhərdən gələn, gözləri göydə gəzən gənclərə saatı 70 manata (ƏDV daxil) kirayə vermək məcburiyyətində qalmışdı. Ordan gələn gəliri isə götürüb sahə müvəkkilini özünə “sirdaş eləmişdi”...

– Mehriban olsunlar! (İ. S.)

Vaxtı ilə kənd müəlliməsi işləmiş anası da gənclərə “əlavə xidmətdən gələn gəlirlə”, yəni çaypulu ilə dolanırdı.

– Halal xoşu olsun. (İ. S.)

Sahə müvəkkili də o pulu tək yemirdi axı… İstəsə idi belə mümkün deyildi. Çünki bizdə hər şey çox dəqiqliklə hesablanıb. Belə ki, o işin üstü açıldığına görə itin zülmü ilə, od bahasına aldığı rütbəsi əlindən alınmasın, özü isə sərəncama götürülməsin deyə ətraf kəndlərin də bir neçəsində bu cür “obyekt” təşkil edib, vaxtaşırı rəhbərliyə maddi “məruzə” edirdi.

– Əlqərəz...(İ. S.)

Yazıq “rəhbərlik” nümayəndələrin də vəziyyəti də heç ürəkaçan deyildi. Özləri demiş, onlarınki müftə hambalçılıq idi… Çünki ailəsinin vərdiş etdiyi “piy içində böyrək kimi yaşamaq” prinsipindən imtina etmək niyyətləri yox idi. Üstəlik də qonşu rayonların heç birindən geri qalıb özündən yuxarı rəhbərlik qarşısında “boğaz” olmaq ölümə bərabər idi. Üstəlik də qayın-baldızların zəbt elədiyi kreslolardan gəlməli olan gəliri də öz ciblərindən qoymalı idilər ki, bu da onları lap əldən salmışdı. Şəkər xəstəliyi də bir yandan…

– Şəkər həyat tərzidir! (I. S.)

Hə… hər kəs kef elədiklərini düşünən lap yuxarıdakılar isə bölgünün əlində lap aciz qalmışdılar. Heç cür dalını qabağına çatdırmaq olmurdu ki, olmurdu… İnfarktdan sonra onsuz da canı ilə əlləşir. Amma heç kəs ondan əl çəkmək niyyətində deyildi. Xarici ölkələrdən yığışmayan arvadından, qızlarından və baldızından gələn maddi təminatla bağlı sifarişlər, oğlunun narkotikası (Allah heç kimin işini bizim həkimlərə salmasın), hovuzdakı timsahların ərzağına gedən xərc, hər axşam hələ gün işığı görməyən, mələməmiş quzuya bənzər bir qızın qarşısında şux dayanmaq məsuliyyəti... Yeni yaltaqlıq məşğələləri…

– Elə bilirsiniz asanlıqla başa gəlir… (İ. S.)

Balaca oğlunun deyiləsi mümkün olmayan cinsi azlıqlara qoşulması isə yazığı lap haldan və qürurdan salmışdı… (dedim axı, bizdə molla qapısı həkim qapısından daha rahat açılır)

Bir tərəfdən də aşağılardan gələn artmır, çünki özü də bilir ki, nə var zəli kimi sorulub, bitib. Yuxarılarsa hər dəfə yeni “uğura imza atılmasını” səbrsizliklə gözləyir…

Ondan yuxarıların işi isə lap çətindi. Hətta sözlə deyiləsi mümkün olmayan qədər çətindi. Çünki özündən yuxarıya vicdanla və təmiz işləyəcəyi haqqında içdiyi anda, verdiyi sözə əməl eləmək heç cür mümkün olmadığı halda, o hər görüşdə, hər yerdə özünün təmizliyini aşağının da, yuxarının da qarşısında sübut etməyi bacarmalıdı ...

Çətindi, çox çətindi!

Öz nəfsinin GİROVU olmaqdan pis nə ola bilər Kİ, bu həyatda?!

Hər dəfə məsələnin həllini bir pillə aşağıdan tələb etməklə iş düzəlirmi?!

Düşək bir pillə aşağı...

Bəyəm hər ay xidmətçilərin əməkhaqqını azaltmaq məsələnin həllidirmi?

– Yox! Qətiyyən yox! Özü də bilir ki, həll yolu o deyil…

Amma gücü çatmır, çünki zamanında oxumayıb. Sadəcə hardasa, hansı ölkədə rüşvət verib, diplom alıb, vətənə qayıdıb… Amma savadsız və qorxaqdı! Cahildi!..

Hansısa idarənin baş kreslosunda oturmağı idarəçilikdə qarışıq salır...

Nəfsdən başqa bir də var cəhalətin girovu...

Odur ki, ağzıgünə dostlar, bir-birinə inamı, etibarı itirmiş qardaşlarım, sözü "can", əməli "qan" olan məmləkətdaşlarım, ancaq pula əl açanları "dilənçi" sayan həmvətənlərim, qərara gəldim ki, dostuma borc tapıb verdiyim pulu ondan istəməyim. Qoy üzülməsin. Onu özüm bir təhər ödəyim…

Onsuz da deyirlər, pul əl çirkidir... O mənim nəyimə lazımdır?! Arvadım ehtiyac üzündən məni atıb gedib, yeriniz məlum, Suriyaya. Uşaqları da evi satıb hərəsini düzəltmişəm bir uşaq evinə…

Bax belə... qərar verdim...

O üç min beş yüz manat pulu özüm ödəyəcəm, bəlkə vəziyyət düzəldi!

– İnşallah!!! (I. S)

Xudaferin.eu

13:17