General Polad Həşimov - 2914 göyalpdan biri

Sən onu görmürsən, lakin onunla söhbət edirsən, ona dua edirsən, öz problemlərin barədə danışırsan, şikayətlənirsən. Bəlkə də hər gün onlarca dəfə Yaradanın adını çəkirsən...

Elə insanlar var ki, onlara da beləcə - müqəddəs varlıq kimi münasibət bəsləyirsən.

Bu insanı sağlığında tanıyan az olub, amma Azərbaycanda hamı onu sevir.

Azərbaycanda qəhrəmanlıq rəmzlərindən birinə çevrilmiş general-mayor Polad Həşimovun ölümü bütün Azərbaycan xalqına zərbə oldu.

Ailəsi və anası ilə birlikdə kirayə mənzildə yaşayan general

2016-cı ilin aprel ayında dörd günlük müharibədən sonra o vaxt hələ polkovnik rütbəsində olan Polad Həşimova Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə görə yeni mənzilin açarları təqdim edildi. Zabit həmin mənzili Aprel döyüşlərində həlak olmuş əsgərinin ailəsinə verdi, öz ailəsi isə yenə kirayə mənzildə yaşamağa davam etdi. Son bir ildə Milli Qəhrəmanın sıravi xidmət yoldaşları onun nəcibliyinə dəlalət edən çoxsaylı belə faktları ictimaiyyətə çatdırıb. Generalın qayğıkeş zabit olmasını və tez-tez əsgərlərə şəxsən kömək etməsini demək azdır. Onun tabeliyində olan bir əsgər xatırlayır ki, məzuniyyətə getməyə hazırlaşırdı, lakin nəinki valideynlərinə hədiyyə almaq üçün pulu, heç yol pulu da yox idi. Ertəsi gün hərbi hissənin komandiri Həşimov onu çağırıb deyir: “Get hazırlaş, sabah evinizə gedəcəksən. Səhər hərbi hissənin binası qarşısında maşın səni gözləyəcək, amma getməzdən əvvəl mənim yanıma gəl”.

Əsgər belə də etdi. Səhəri gün Polad Həşimov həmin hərbi qulluqçuya bir zərf verir və bu zərfi yalnız evlərinin qapısı qarşısında açmasını və ona zəng vurmasını xahiş edir. Əsgər belə də edir. Zərfi açanda görür ki, orada pul və valideynlərinə xoş arzular bildirilən qısa məktub var.

Bəzi generalların qısqanclığı Həşimova tez-tez mane olurdu, lakin o, mərdliklə dözüm gətirirdi. Tabeliyində olanlar ona səmimi hörmət bəsləyir və onu sevirdilər, Həşimov da onlara bu cür münasibət bəsləyirdi. Onun tabeliyində olanlara münasibətində zərrə qədər təkəbbür, rütbəcə onlardan böyük olmasına görə lovğalıq əlaməti yox idi, hər kəsə qayğı göstərir, hər kəs üçün narahatlıq keçirirdi. Öz işini şərəflə və məsuliyyətlə yerinə yetirirdi.

Üçüncü Ordu Korpusunun qərargah rəisi, general-mayor Polad Həşimov 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində başlamış döyüşlərin gedişində, iyulun 14-də həlak olub. O vaxt bütün Azərbaycan ayağa qalxdı. Qəhrəmanın ailəsinin yaşadığı evin qarşısında on minlərlə insan toplaşmışdı. Onlar Həşimovun anasına müraciətlə bir səslə deyirdilər: “Ağlama, ana, biz hamımız sənin oğullarınıq”.

Onun tabutunu Sumqayıtdan Bakıya əllə gətirdilər. Şəhər rəhbərləri Milli Qəhrəmanın dəfn edildiyi Fəxri Xiyabana insan axınını məhdudlaşdırmışdı. Elə həmin gecə bütün ölkədə yüz minlərlə insan küçələrə və meydanlara çıxdı. Onların əllərində bir şüar vardı: “Cənab Prezident, bizə silah ver”. Ölkə sanki qaynayırdı, aydın idi ki, torpaqlarımızın azad edilməyə başlanması yaxınlaşır.

Polad Həşimov əslən Qəbələ rayonundandır. Onun ölümündən sonra ölkənin bütün guşələrində mağazaların vitrinlərində, evlərin fasadlarına qəhrəmanın şəkilləri asılıb. Azərbaycan Prezidenti Qəbələdə olarkən Poladın portretinin qarşısında dayanmışdı. Onun qətiyyətli baxışlarından görünürdü ki, bu ölümün qısası alınacaq, özü də bu, çox tezliklə olacaq.

Bütün qəhrəmanların anası

Son bir ildə bizim qəhrəmanlarımız, onların valideynləri və yaxınları haqqında videolara baxarkən tez-tez təkrarlanan belə ifadələr diqqəti cəlb edir: “Mənim oğlum doğma torpaqlarımızı azad etmək və Poladın qisasını almaq üçün müharibəyə getdi”, “Polad Həşimov həlak olandan sonra biz onu saxlaya bilmədik, o, qisas almağa getdi”, “General-mayor Polad Həşimovun həlak olması xəbəri ona çox güclü zərbə vurdu”.

Snayper Rüfət Məmmədli 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biridir. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuş Rüfət döyüş əməliyyatları zamanı 98 düşmən əsgərini məhv edib.

Anası xatırlayır ki, Rüfətin 2020-ci il iyul ayında Azərbaycan Respublikasının dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın provokasiyasının qarşısının alınmasında göstərdiyi igidliyə görə general-mayor Polad Həşimov öz qol saatını Rüfətə bağışlayıb.

General həlak olandan sonra Rüfət onun qisasını alacağına söz vermişdi. O, sözünün üstündə durdu, Murovdağdan Şuşaya qədər rəşadətli döyüş yolu keçdi və Şuşada şəhid oldu.

General Həşimovun anası Səmayə xanım Qarabağda həlak olmuş bütün qəhrəmanların analarının rəmzinə çevrilib. İndi Səmayə xanımın oğlunun xatirəsinə ehtiramını bildirmək istəyən hər kəs onun qapısını döyür. Bəzi ölkələrin səfirləri bu qadının dözümlülüyünə, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının fəxr etdiyi bir oğul böyütdüyünə görə onun qarşısında baş əyir, əlini öpürlər. Təsadüfi deyil ki, Azərbaycanla bərabər başqa ölkələrdə də küçələrə, parklara, bağçalara Polad Həşimovun adı verilir, onun portretləri mağazaların vitrinlərində asılır.

Xalqın öz qəhrəman övladına sevgisini ifadə edən maraqlı bir statistik fakt: bu ilin altı ayı ərzində Azərbaycanda doğulmuş 154 oğlana Polad adı verilib.

General Həşimov haqqında hələ çox filmlər çəkiləcək, çox kitablar yazılacaq. O, Azərbaycan döyüşçüsünün, Vətən müharibəsinin 2914 şəhidinin hər birinin təcəssümüdür.

Türk mifologiyasında qəhrəman döyüşçülərə göyalp (“Səma qəhrəmanı”) deyirdilər. Bizim şəhidlər Qarabağ uğrunda müharibənin göyalplarıdır.

Qələbəyə inam

Son illərdə Azərbaycanda qəhrəmanlara - mifik qəhrəman obrazlarına yox, real qəhrəmanlara ehtiyac yaranıb. Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında olması və düşmənin həmin torpaqları dinc yolla qaytarmaqdan imtina etməsi cəmiyyətin müəyyən hissəsində bədbinlik yaratmışdı. Lakin bir nəfər özünün hər çıxışında, hər müsahibəsində, xarici nümayəndə heyətləri ilə danışıqlarda, qaçqınlarla çoxsaylı görüşlərdə deyirdi: “Biz torpaqlarımızı azad edəcəyik, biz Qarabağa qayıdacağıq”.

Bu şəxs Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyevin 2010-cu il noyabrın 7-də Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun dəfn mərasimində nitqi bütün dünyaya belə bir ismarış idi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla qaytaracaq.

Ali Baş Komandan qəhrəmanlarla vida mərasimində deyib: “Bir daha demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı üçün çox kədərli bir gündür. Bu aylar ərzində bütün Azərbaycan Fəridin, Mübarizin ailələrinin yanında idi. Azərbaycan xalqı həmrəylik göstərmişdir. Mən bilirəm, bütün bu aylar ərzində vətəndaşlarımız, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar şəhid övladlarımızın ailələrinə baş çəkib başsağlığı vermiş, öz həmrəyliyini göstərmişlər. Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi.

Bu gün, eyni zamanda çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları vardır, eyni zamanda ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar.

Gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Həmin gün 2020-ci il noyabrın 8-də yetişdi.

Xudaferin.eu


 

16:01