D.Medvedev: Qarabağda nizamlanmanı Türkiyə ilə də müzakirə etmək lazımdır

Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyətin nizama salınması üzərində bütün incəlikləri nəzərə alaraq işləyib. Əgər onun səyləri olmasa idi, münaqişə hələ də davam edəcəkdi.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, münaqişənin qaynar mərhələsi başa çatandan sonra vəziyyət bütövlükdə sakitləşdi: “İnsanlar həlak olmurlar, inkişaf üçün imkanlar var. Yanvarın 11-də üç ölkənin liderləri Moskvada görüşdülər və vəziyyətin iqtisadi cəhətdən sağlamlaşdırılması yollarını müəyyən etdilər. Bu da çox vacibdir”. D.Medvedevin fikrincə, hazırda müəyyən parametrləri, o cümlədən Rusiya Federasiyasının sülhməramlı kontingentini saxlamaqla iqtisadi əməkdaşlığı inkişaf etdirmək imkanı var.

D.Medvedev Qarabağda vəziyyətin nizama salınması məsələsinin Türkiyə ilə müzakirə olunmasının vacibliyini də diqqətə çatdıraraq vurğulayıb ki, regionda reallıq belədir.

“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Türkiyə həm də Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzərə almamaq olmaz. Moskva və Ankara arasında səmərəli dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə əlaqədar daim ünsiyyətdədirlər, ümumi vəziyyətə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzi yaradılması barədə qərar qəbul edilib. Bu da ümumi sabitləşmə elementidir. Lakin mən bunu uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməz, yaxud konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə biz regionda mövcud reallıqları nəzərə almağa borcluyuq. Reallıq isə belədir ki, bu gün bu məsələni həm də Türkiyədən olan tərəfdaşlarımızla müzakirə etməliyik”, - deyə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.

Xudaferin.eu

14:50