CSP jurnalı bu dəfə Xəzər üzərində körpülərin qurulmasından yazıb

“Caucasus Strategic Perspectives” (CSP) jurnalının yeni sayı işıq üzü görüb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, CSP jurnalının “Xəzər üzərində körpülərin qurulması: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı” adlı budəfəki buraxılışı regiondakı təhlükəsizlik, iqtisadi, humanitar, siyasi və geosiyasi aspektlərə diqqət yetirməklə sülh quruculuğu və geosiyasi boşluqlar üçün yeni paradiqmalara, eləcə də Cənubi Qafqazda mümkün qarşıdurma və əməkdaşlıq formatlarına həsr olunub.

CSP-nin yeni sayına 7 məqalə və 1 kitab icmalı daxildir. Nəşrin hazırkı müəllifləri Avropa İttifaqının Cənubi Qafqaz regionuna münasibətdə artan vasitəçilik rolunu, transregional nəqliyyat bağları üçün Orta Dəhlizin əhəmiyyətini, davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaz regionunda baş verən son prosesləri, bu regiona Türkiyənin cəlb olunmasını, eləcə də ABŞ-ın bu regiondakı strateji maraqları, həmçinin Cənubi Qafqaz regionu üçün potensial təhlükələrin mümkünlüyü və sair mövzuları təhlil ediblər.

Qeyd edək ki, CSP ildə 2 dəfə nəşr olunan xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən baxmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin baxışları yer alır. CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Bakıda nəşr olunur.

Xudaferin.eu

16:31