Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan ən nümunəvi modellərdən biridir

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında respublikamızın çoxkonfessianal və multietnik strukturuna verdiyi əhəmiyyəti dilə gətirməsi və ölkəmizdə milli azlıqların hüquqlarının qorunduğunu vurğulaması dövlətimizin başçısının timsalında Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi önəmi göstərir. Həqiqətən də Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan ən nümunəvi modellərdən biridir. Bu modelin əsas xüsusiyyəti müxtəlif etnik və dini kökdən gələn insanların heç bir diskriminasiyaya məruz qalmadan birlikdə yaşaması və dövlət qayğısı ilə əhatə olunmasıdır. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixən daşıyıcısı olduğu tolerant, multikultural dəyərlərə əvəzsiz sərvət kimi yanaşaraq “Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür...” – deyirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

“Azərbaycan xalqı tarix boyunca öz qonşuları ilə sülh, əmin-amanlıq şəraitində yaşamağa çalışıb, amma təəssüf ki, heç də həmişə adekvat münasibət görməyib. Ermənilərin tarixən bizə olan münasibəti bunun bariz nümunəsidir. Lakin xalqımıza qarşı erməni cəlladları tərəfindən törədilən bütün cinayətlərə baxmayaraq, xalq və dövlət olaraq tarixən də, indi də sıravi erməni vətəndaşlara qarşı heç bir neqativ əməllərə yol verməmişik. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Gəncə, Tərtər, Bərdə və digər şəhər və rayonlarımızda yüzlərlə sivil obyektə zərbələr endirib, çox sayda günahsız azərbaycanlını öldürdükləri halda, Azərbaycan Ordusu heç bir sivil obyekti hədəf götürmədi. Belə bir fakt olsaydı, erməni təbliğat maşını bunu bütün dünyaya car çəkərdi. Bu gün də dövlətimiz öz vətəndaşı olan Qarabağda yaşayan erməniləri konstitusiyamızda digər Azərbaycan vətəndaşlarına verilən haqların eynisi ilə təmin etməyə hazırdır. Prezident İlham Əliyevin sözügedən Forumda “Əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq” deməsi ölkə Prezidentinin timsalında Azərbaycan dövlətinin humanist, tolerant dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. İndi seçim Qarabağda yaşayan ermənilərindir: ya onları istismar edən, illərlə səfil vəziyyətində yaşadan separatçıların və Ermənistanın revanşist qüvvələrinin arxasınca gedərək öz səfil yaşayışlarını daha da pisləşdirəcək, yaxud da Azərbaycan dövlətinin ölkənin digər vətəndaşları ilə yanaşı, onlara da tanıdığı haqlarla Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq əmin-amanlıq və rifah içində yaşamağı seçəcəklər.

Xudaferin.eu

17:08