Azərbaycan-Qırğızıstan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə hazırlıq müzakirə olunub

Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş görüşün əsas məqsədi keçən il Azərbaycan və Qırğız Respublikasının dövlət başçılarının qarşılıqlı səfərləri zamanı qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətinin öyrənilməsi olub.
Səfir görüşdə nazirə fevralın 1-də ölkəmizin tanınmış dirijoru, Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatma Cəfərzadənin iştirakı və Qırğızıstan dövlət simfonik orkestrinin müşayiəti ilə Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərindən ibarət qala konsert keçiriləcəyi barədə məlumat verib.
Səfir, həmçinin konsertdən sonra Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş konfransın və Qırğızıstan Milli Təsviri İncəsənət Muzeyində rəssam və heykəltaraşların əsərlərindən ibarət sərginin təşkilini nəzərdə tutuqlarını deyib.
L.Qəndilov konsertdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 3 deputatının iştirak edəcəyini, Bişkek səfərdə olacaq deputatların Qırğız Respublikası Joqorku Keneşində (Parlamentin) görüşlərinin təşkil ediləcəyini nazirin diqqətinə çatdırıb.
Görüşdə ölkəmizi kurasiya edən nazir müavini Aybek Moldoqaziyev, İqtisadi diplomatiya departamentinin direktoru Avazbek Ataxanov, Üçüncü siyasi departamentin direktoru Bakıt Djusupov, həmin idarənin attaşesi Erkin Atabekov, səfirin xanımı Nailə Abbasova və səfirliyin birinci katibi Mübariz Cəfərov iştirak ediblər.

Xudaferin.eu

22:55