Ağrılarına gülümsəyən adam

Mənim taleyim belə gətirib. Uşaqlıqda güllə səsləri altında oynamışam, yeniyetməlikdə atamın və əmimin həbsxana və məhkəmələri qarşısında oxumuşam, gəncliyimdə isə atamın və əmimin ağrılarına gülümsəyib, heç kimə bəlli etməməyinə şahid olmuşam. Bir insan ən ağır ağrıları yaşaya yaşaya necə gülümsəməyi, necə əziyyətlərinə aldırmadığını göstərib ona atılan bütün böhtanların müqabilində gülümsəməyə davam edər?
Mən onları ən ağır müharibə illərində düşmənin mövqeyinin 200 metrliyində yerləşən baba evimizdə olduqları vəzifəli vaxtlarınıda görüb şahid olmuşam ki, ruhdan düşməyiblər. Mən onları ədalətsiz istintaq müddətlərində, ədalətsiz məhkəmə proseslərində də elə görmüşəm, mən onları son mənzilə doğru gedəndə də eyni gördüm. Heç kimə bəlli etmədən ağrını, acını yaşayıb, hamını arxeyin salıb sonra ölümə doğru yürüdülər... Bax belə DİMDİK!
Necə bir taledir ilahi? 2016-cı ilin fevralında atamı görmüşəm. 2020-ci ilin fevralında isə əmim ağır durumdadır. Mən çox üşümüşəm soyuqda. Atam həbs olunub evimizdə axtarış aparılan gündə çox soyuq idi. Evə buraxmamışdılar məni.. Əmim həbs olunan vaxtlarda çox soyuq idi.. Atamın vəziyyəti ağırlaşdığı gündə çox soyuq idi və dünəndə çox soyuq idi. Bu başqa günlərdə olan soyuqlardan çox başqadır. Fevral soyuğudu. Adamı elə bil daxildən tutur.
İsgəndər bəyin Türkiyədən əməliyyatdan qayıtdığı günlər idi. Evdə oturub söhbət edəndə gülümsünə gülümsünə qayıtdı ki, "həkimlər deyirlər ki, başqa adamlar əməliyyat olunandan sonra özlərinə gələ bilmirlər. Amma sən deyir gülür, yeriyirsən. Şəhriyar doğrudan bizim nəslimiz ağrımağını göstərə bilmir".
Amma bilirsiniz mənə ən təsir edən nə oldu? Xəstəxananın qarşısında onu bu ağır vaxtlarında Zakir əmim, atam olmadı. Elə bil burda da böyük qardaş vəzifəsini yerinə yetirmişdi. Zakir əmim haqq dünyasına gedəndə atam var idi, İsgəndər əmim orda idi. Atam rəhmətə gedəndə İsgəndər əmim yanımda idi. Amma O.. Amma İsgəndər əmim olduğu xəstəxanın qarşısında qardaşları yox idi.
Mən sənin ayağa qalxmağını istəyirəm Cənab General! Əzrail olsa belə təslim olma! Ömrümdə birinci dəfədi deyirəm inad elə İsgəndər Həmidov!
Ona böhtan atanlara, atamın xidmətlərini oğurlayanlara, özünü Tərtər batalyonunun komandiri elan edənlərə və bu hadisələri görüb susqunluqla üstündən keçənlərə deyirəm İsgəndər Həmidovun vəziyyəti ağırdır. O, daha ona böhtan atanların üzünə gülümsünməsiylə onları aldada bilməyəcək.
Onlar Azərbaycanın tarixidirlər. Milli Azadlıq Hərəkatının liderlərindən biri, 20 yanvardan sonra Bakatinin əlini bütün Daxili İşlər Nazirliyinin şəxsi heyəti qarşısında sıxmayıb: Sənin
əlin mənim xalqımın qanına batıb" deyən, Tərtərin müdafiəsini sonuna qədər təşkil edən, Ağdərənin düşməndən azad edilməsinin təşkilatçıları kimi, Tərtər Kəlbəcər yolunun açılmasını həyata keçirən, bir əsir verməyən, bir şəhidi kəfənsiz, mərmərsiz dəfn edilməyən Tərtəri qalaya çevirənlər. Onlar tarixdə qalacaqlar düşmənin Yevlaxa qədər irəliləyib Bakı- Qazax magistral yolunun bağlanmaqla Azərbaycanı təslimçi məğlubiyyətə düçar olmasına imkan verməyənlər kimi. Onlar tarixdə qalacaqlar heç bir zaman qiyamda, vəzifə davasında, mənfəət davasında iştirak etməyib sonuna qədər Azərbaycana sadiq qalanlar kimi. Daha neçə xidmətlərindən xəbərim yoxdu? Onlarla, yüzlərlə! Onlarıda siz, bu xidmətlərə şahid olanlar yazsın. Onlar həm də ən çox ədalətsizlik görənlər kimi tarixdə qalacaq. Ola bilər dərsliklərdə yazılmasın, ola bilər filmlərdə olmasın amma kiminsə yaddaşında, kiminsə söhbətində onlar belə qalacaqlar. Ey mənim qədirbilən, gözəl xalqım onlar səni çox sevib.

 

 

07:45