60 il Elman ömrü

60 illik bir ömür. Bu ömrünün bir adı var. Elman ömrü.

Bu ömürdə sevinc də, qəm də, kədər də, sıxıntı da, qürbət həyatı da, Qarabağ həsrəti də… və daha nələr-nələr var... Bu illərdə aylarla sükan arxasında Avropanın bir başından girib o biri başından çıxmaq, vətən sevgisini aşılamaq heç də asan deyil. Ürəyinizdə başda gözəl Şuşamız olmaqla, Qarabağ sevgisi hər zaman güclü olub və bir gün belə olsun sizi tərk etməyib.
Yazılarınızla bəzən ağlayıb bəzən gülmüsünüz. Bəzən haqsızlığa üsyan etmisiniz. İllərdir qürbətdə vətən dərdini ağır bir daş kimi sinənizdən asılı vəziyyətdə gəzdirirsiniz. Beləcə gəlib keçən mənalı bir ömrü 60 yaşa çatdıraraq möhrünü vurdunuz.

Əslində elə biz qürbətdə yaşayanların bir çoxunun həyat hekayəsi bir-birinə bənzəyir. Qürbət nə qədər gözəl olsa da, qanunları güclü olsa da, vətən həsrəti bizi Azərbaycandan çıxıb başqa ölkəyə həqiqi vətəndaş olmağa qoymur. Axı biz bir xalqıq ki, tariximiz, mədəniyyətimiz var. Bütün bunları 60 illik bir ömrə sığdırdınız. Ananızın fədakarlıqla, min zillətlə sizi böyütməsi, təhsil verməsi, kasıbçılıq… Bütün bunlardan, ağrı-acılarımızdan bəzən də Avropadan Amerikaya zəng edib yanıqlı-yanıqlı danışırsınız. Kimsənin üzünə qapınızı bağlayıb, kimsədən cibinizdəki pulu əsirgəmədiniz. Sizi dostlara sevdirən də elə budur.

Sizə nə arzulayıram? Çox şey. Gözəl Qarabağımıza dönmək, səhətinizdəki problemlərdən uzaqlaşmaq, tezliklə baba olub nəvə, nəticəyə qovuşmaq və rahat bir həyat… Qoy istədiyiniz hər istəkdə Tanrı sizə yar olsun. Üç balanızı gözü dolu görəsiniz. Qoy bundan sonra ömrünüz daha da mənalı olsun. 60 yaşınız mübarək, qardaş. Hər yaşın öz gözəlliyini yaşayasınız. Sizə uğurlar diləyirəm.
 

 Gül Arifqizi.
Xudaferin.eu

22:31