ZƏNGƏZURU ermənilərə kimlər və necə "bağışladı"? - 98 İLLİK TARİX

Bu gün Zəngəzurun Ermənistana verilməsindən 98 il ötür. 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi. Bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri 149 türk, 9 kürd və 81 erməni kəndi var idi.

***

İşğalın başlanğıcı

Çar Rusiyası dövründə Zəngəzur Yelizavetpol quberniyasının tərkibində idi. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda qətlə yetirilən və öz dədə-baba yurdlarından didərgin düşən yerli əhalinin cəmi təxminən yarım milyona yaxındır. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirildi.
Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyəti tərkibində yaradılan Qarabağ general - qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Dığ kəndinin erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.

***

Zəngəzurun Ermənistana “bağışlanması”

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etdi.

***

1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

***

Nərimanovun bəyanatı
Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində daha bir addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən, təntənəli “tarixi” iclasında Nəriman Nərimanov Bəyanatla çıxış etdi:
“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar. Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır".

***

Bu Bəyanatla Azərbaycan torpaqlarının Ermənistana verilməsi (“bağlanması”) ilə əlaqədar bəzi mövqe və mülahizələri də bilmək maraqlıdır.
Bakı Sovetinin həmin iclasının yekdilliklə qəbul olunan qətnaməsində “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun “...Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı qeyd edilirdi”.

***

Bir sıra arxiv sənədlərinin də təsdiqlədiyi kimi, torpaqlarımızın parçalanması və paylanmasında əsas rol oynayanlardan biri olan İ.Stalin bu bəyanatı belə “izah” etmişdi:
“Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın (Bəyanatın məzmunu Dağlıq Qarabağ və Naxçıvanla bağlı qərəzli şəkildə təhrif edilmişdir) Sovet Ermənistanına verilməsini elan edir”.

***

Yekun:

Tariximizin qara səhifəsi olan bu bədnam "bəyanat" 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Hətta əlavə olaraq həmin qərarın “q” bəndində qeyd edilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkibinə keçir.

***
1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritələrdən silindi. Yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan Azərbaycanın əsas torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə "Kürdüstan qəzası", sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.
Bildiyimiz kimi 1992-93-cü illərdə Zəngəzurun bu əraziləri də ermənilər tərəfindən işğal edildi.

***

Qeyd: 

Müasir Azərbaycan Respublikası ərazini öz torpaqları saysa da, Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır", - söylərərək elan etmişdi.

***

Amin Nəzərli

Xudaferin.eu

00:00