ZƏNGİLAN BAĞLARLNDAN DÜNYAYA AÇILAN YOL.....

Azərbaycanın kənd təsərüfatı sahəsində yeni texnolojiyaların tətbiqi davam etdirilir.  Xüsusiylə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ; ölkənin iqtisadi və sosial inkişafında yeni mərhələnin əsasını formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurun zəngin aqrar potensialı  yenidən canlandırılır.  Zəngilan rayonunun Ağalı kəndində yaradılmış meyvə bağları artıq bol məhsul verir.

“Ağıllı kənd” layihəsinin ilk ünvanı olan Ağalıda 2022-ci ildə 100 hektar sahədə meyvə bağı salınıb. Hazırda burada 66 min meyvə ağacı yetişdirilir. Bağda əsasən ərik və şaftalı ağacları əkilib. Müasir suvarma sistemi vasitəsilə Həkəri çayının suyundan səmərəli istifadə olunur ki, bununla da həm suya qənaət edilir ;  həm də məhsuldarlıq artırılır.

Ötən il bağdan 72 ton ərik və 118 ton şaftalı əldə olunub. Məhsulun böyük hissəsi xarici bazarlara ixrac edilib. Bu il isə məhsuldarlıq daha da artıb və artıq 140 ton ərik yığılaraq ixraca göndərilib. Yaxın günlərdə şaftalı yığımına başlanacaq. Bu göstəricilər bir daha sübut edir ki, işğaldan azad edilmiş ərazilər qısa müddətdə ölkənin mühüm aqrar və ixrac mərkəzlərindən birinə çevrilir.
Ağalı bağlarının başqa bir mühüm əhəmiyyəti isə məşğulluğun təmin edilməsidir. Burada  100-dən çox insan işlə təmin olunur. İşçilərin əksəriyyəti Ağalı və Məmmədbəyli kəndlərinin sakinləridir. Uzun illər doğma yurd həsrəti çəkən insanlar indi öz torpaqlarında çalışır, qurur və yaradırlar.
Sakinlərin fikirlərində ən çox diqqət çəkən məqam doğma yurda qayıtmağın sevincidir. Onlar bildirirlər ki, bu torpaqlarda işləmək onlar üçün yalnız əmək fəaliyyəti deyil ; həm də mənəvi qürur mənbəyidir. Şəhidlərin qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda həyat yenidən canlanır ; kəndlər abadlaşır, bağlar salınır, məhsul yetişdirilir.

Bu gün Azərbaycan xalqı işğaldan azad olunmuş ərazilərdə öz məhsullarını yetişdirib həm daxili, həm də xarici bazarlara göndərməklə qurub-yaradan xalq olduğunu bütün dünyaya nümayiş etdirir. 
  Bir zamanlar dağıntı və işğalın hökm sürdüyü torpaqlarda indi müasir kənd təsərrüfatı layihələri həyata keçirilir, ixrac olunan məhsullar isə Şərqi Zəngəzurun dirçəlişinin rəmzinə çevrilir.
Ağalı bağlarından xarici bazarlara yola salınan hər bir məhsul Azərbaycanın zəhmətinin, iradəsinin və Böyük Qayıdış siyasətinin uğurlu nəticəsinin göstəricisidir.

Müəllif : Qəvami Sadıqbəyli.
  31  may  2026-cı il.

Xudaferin.eu

12:08