Zəfər paradı Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi

Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında Vətən müharibəsi ilə bağlı bir sıra mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı Azərbaycan xalqının bu günü 30 ilə yaxın müddət ərzində gözlədiyini, eyni zamanda, ötən müddətdə Qələbənin əldə olunması üçün Ordunun gücləndirildiyini diqqətə çatdırdı. Bu istiqamətdə həyata keçirilən tədbirlər, vaxtında atılan addımlar qarşıya qoyulan məqsədi - Qələbəni gerçəkləşdirdi. Prezident İlham Əliyev dedi: “...Bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Dövlətimizin başçısının vurğuladığı kimi, 44 gün davam edən müharibədə Azərbaycanın dəmir yumruğu işğalçının belini qırdı, ordumuz möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini darmadağın etdi.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov Xudaferin.eu  AZƏRTAC-a istinadən  açıqlamasında bildirib ki, işğalçı 30 ilə yaxın bir dövrdə mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin indiki Vətən müharibəsində səbir kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən müddət ərzində güclü ordu mifini yaradaraq əhalini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.

Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrini sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.

Azərbaycanın işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, ümumiyyətlə, 300-ə yaxın yaşayış məntəqəsi düşməndən təmizləndi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Silahlı Qüvvələrin zəfər yürüşü siyasi müstəvidə qazanılan Qələbə ilə yekunlaşdı.

E.Bağırov qeyd edib ki, bu müharibədə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması reallaşdırıldı, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycana qaytarıldı.

Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtmaları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması qərara alındı.

Beləliklə, bu tarixi Zəfər bölgədə yeni bir mərhələnin – abadlıq, quruculuq, inkişaf dövrünün başlanılmasını şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında bu barədə dedi: “Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.

Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyinin olduğunu xatırladan Prezident İlham Əliyev qeyd edib ki, biz bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. “Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”, - deyə Azərbaycan Prezidenti əlavə etdi.

E.Bağırovun sonda deyib ki, artıq işğaldan azad edilən ərazilərimizin abadlaşdırılması, tikinti-quruculuq işlərinin aparılması istiqamətində tədbirlərə başlanılıb. Dövlətimizin başçısının tapşırığı əsasında yeni baş planın hazırlanması qərara alınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu ərazilərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.

Xudaferin.eu

13:40