Zəfər Günü Gürcüstanın Marneuli rayonunda təntənəli şəkildə qeyd olunub

Azərbaycanın 8 Noyabr – Zəfər Günü bayramı Gürcüstanın Marneuli rayonunda təntənəli şəkildə qeyd olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Marneulidə yerləşən “Azərbaycan Evi”ndə Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Marneuli Bələdiyyə Məclisinin üzvləri, Gürcüstan Parlamentinin sabiq deputatları, din xadimləri, QHT rəhbərləri, ictimai-siyasi xadimlər və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə binanın foyesində Azərbaycanın Zəfər Günü ilə əlaqədar açılmış fotosərgiyə baxıblar.
Sonra şəhidlərimizin ruhu ehtiramla yad olunub.
Tədbirdə çıxış edən sabiq deputat Azər Süleymanov dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik edib, bu şanlı tarixin xalqımızın həyatındakı rolunu xüsusi qeyd edib.
Sabiq deputat Ramiz Bəkirov çıxışında Azərbaycanın bu Qələbədən sonra daha da artan nüfuzundan və sülhsevər siyasətindən danışıb.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev bu ölkədə yaşayan soydaşlarımızın Zəfər Bayramını böyük sevgi və sevinclə qeyd etdiklərini deyib, xüsusən gənclərin bu cür tədbirlərə artan marağından danışıb.
Digər çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbədən danışıblar.

Xətayi Əzizov
Xudaferin.eu

23:44