Zaqrebdə azərbaycanlı sənətkarın Novruz bayramına həsr olunan sərgisi açılıb

 

Zaqreb şəhər Məclisinin sərgi zalında Azərbaycanın kviltinq üzrə sənətkarı Leyla Xasiyevanın Novruz bayramına həsr edilmiş “Odlar yurdundan rənglər” adlı əl işlərindən ibarət fərdi sərgisinin açılışı olub.

Məclisin mədəniyyət şöbəsinin, Azərbaycanın Xorvatiyadakı səfirliyinin və Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil olunmuş sərgini Dostluq Cəmiyyətinin sədri, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç açdı. Azərbaycanla Xorvatiya arasında mövcud yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətlərindən söz açan S.Mesiç, ölkələrimiz arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd etdi. Sədr Azərbaycana səfərləri zamanı şahidi olduğu mədəniyyət, musiqi və incəsənət sahələrində yüksək inkişaf səviyyəsini xüsusi diqqətə çatdırdı.

Sonra çıxış edən sənətkar Leyla Xasiyeva onun üçün həmişə yaradıcı ilham mənbəyi olmuş zəngin çoxəsrlik ənənələri olan Azərbaycan tətbiqi sənətinin xalçaçılıq və tikmə üsulu “qurama” kimi növlərini xüsusi vurğuladı. Əl işlərinin müəllifi qeyd etdi ki, Azərbaycan tətbiqi sənətini incəsənətin tikmə üsulunun yeni istiqaməti olan kviltinqə yaxınlaşdıran üçölçülü rənglərin və həndəsi formaların ahəngdar birləşməsidir.

Çoxsaylı qonaqların böyük marağına səbəb olmuş sərginin açılışında Xorvatiya dövlət qurumlarının və ictimaiyyətinin təmsilçiləri, həmçinin Zaqrebdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər. Xorvatiyanın məşhur nəşrlərindən biri olan “Gloria” jurnalında müəllifin Bratislava və Vyana şəhərlərində təşkil edilmiş analoji sərgilərindən sonra Zaqreb şəhərində açılışı baş tutmuş fərdi sərgisindən bəhs edən və Leyla Xasiyevanın əl işlərinə həsr olunmuş məqalə dərc edilib.

Xudaferin.eu
“Avropa Bürosu”

08:19