Yusif Eyvazov: Arzum Azərbaycanın regionlarına səyahətə çıxmaqdır

Tanınmış opera ifaçısı, dramatik tenor, Xalq artisti Yusif Eyvazov “Tellmann show”ya videomüsahibə verib.

Xudaferin.eu xəbər verir ki, müğənni müsahibəsində uşaqlıq arzuları, valideynləri, yaradıcılığı, şəxsi həyatı, tərcümeyi-halının az bilinən məqamları barədə təəssüratlarını bölüşərək deyib: “Atam əvvəldən mənə inanan yeganə insan idi... O, mənə etimad göstərdi, məni anladı və dəstəkləməyə başladı. Buna görə bütün həyatım boyu atama minnətdar olacağam”.

Yusif Eyvazov müasir dövrün dahi tenorlarından biri Plasido Dominqo ilə şəxsi dostluğundan da bəhs edib: “O, son dərəcə diqqətli insandır. Premyeram olduğunu heç vaxt unutmaz, harada olursa-olsun zəng vurar və ya SMS göndərər, xeyir-dua verər”.

Azərbaycanlı tenor ölkəmiz üçün həyata keçirilən tədbirlərə, incəsənət xadimlərinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Müsahibədə Azərbaycanın turizm baxımından cazibədar regionlarına və milli mətbəxinə xüsusi yer ayrılıb. Müğənni Azərbaycanın tanınmış opera ifaçısı Elçin Əzizovla birgə planlarından və ölkənin az tanınan guşələrinə səyahət etməkdən bəhs edib. O, əcnəbi turistlərə Azərbaycanın bəyəndikləri gəzməli-görməli yerlərinə səyahət etməyi məsləhət görüb.

Yusif Eyvazov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 90-cı illərdə hakimiyyətə qayıdışını Azərbaycan tarixinin ən mühüm məqamlarından hesab edib: “Bu, Azərbaycan üçün qurtuluş idi... Azərbaycanın çətin vaxtlarında xilaskar kimi geri qayıtdı və xalq onun ardınca getdi”.

Xudaferin.eu

16:04