Yubiley ilinin möhtəşəm başlanğıcı

 

Almaniyanın “H.Sikorski” musiqi jurnalı üz qabığında dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin portretini yerləşdirərək, 2017-ci ilin onun yubiley ili olmasi barədə geniş məqalə dərc edib.

Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib.

Məqalədə müasir musiqinin ən görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadənin bir sıra ölkələrdə müəllif konsertlərinin, müxtəlif əsərlərinin ifasının planlaşdırıldığı barədə geniş məlumat verilib.

“Bu sözlərin təsdiqi kimi qeyd olunmalıdır ki, artıq aparıcı musiqi kollektivlərinin ifasında Azərbaycan bəstəkarının konsertlər silsiləsinə başlanılıb”, - deyə məqalədə vurğulanır. Belə ki, “dünyanın ən yaxşı kvarteti” hesab edilən ABŞ-ın “Kronos” kvarteti Firəngiz xanımın dünyada böyük şöhrət qazanmış “Оаzis”, “Muğamsayağı”, həmçinin yeni “Rəqs” kvarteti ilə qastrollara start verib.

Almaniyanın “Drezden Simfonietta” orkestri ötən ay Polşa şəhərlərində böyük müvəffəqiyyətlə çıxış edərək F.Əlizadənin “Crossing-II” əsərini müasir musiqinin pərəstişkarlarına təqdim edib. Fevralın əvvəlində isə “Drezden Simfonietta”nın musiqiçiləri öz doğma Drezden şəhərində Amerika və Avropa ənənələrinə söykənən maraqlı repertuarla çıxış ediblər.
Konsertdən əvvəl çıxış edən Firəngiz Əlizadə tamaşaçıların suallarını cavablandıraraq, öz yaradıcılıq üslubu haqqında və ifa olunan əsərin yaranma tarixi barədə məlumat verib. Konsertdə iştirak edən Almaniyanın məşhur musiqişünası Silviya Metsger təəssüratlarını belə bölüşüb: “Alman musiqiçilər konsertdə İ.S.Baxın, A.Vebernin və amerikalı bəstəkar Çarlz Ayvz kimi dünya bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələri ilə yanaşı, F.Alizadənin də əsərini ifa etdilər. Böyük məmnuniyyətlə qeyd etmək lazımdır ki, F.Alizadənin musiqisi bu kontekstdə özündə müasir Avropa musiqisinin bütün müxtəlifliyini təcəssüm etdirir. Çox gözəl əsər olan “Crossing-II”də (Çarpazlaşma-II) bəstəkar öz parlaq fərdi intonasiyası ilə mürəkkəb bəstəkar texnikasını birləşdirərək müxtəlif mədəniyyətlərin kəsişmələrinin əsas tendensiyalarını əks etdirir”.

Orkestrinin dirijoru Mixail Hortsmann bəstəkarın əsəri haqqında deyib: “Hələ ötən əsrin 90 illərində mən “BIS” İsveç səsyazma firmasının F.Alizadənin əsərlərindən ibarət diskinə qulaq asmışdım. Azərbaycanın görkəmli qadın-bəstəkarının yüksək peşəkarlığına, təzə, qeyri-adi, sehrli üslubuna valeh olmuşdum. O vaxtdan "Crossing-II" əsərini öz orkestrimlə ifa etməyi arzulayırdım və bu da mənə 2017-ci ildə qismət oldu. Əvvəl Polşa şəhərlərindəki qastrollarımızda, indi də Drezdendə...”

Drezdendəki konsertin aparıcısı Olaf Georq isə təəssüratlarını belə izah edib: “Biz xoşbəxtik ki, bizim konsertimizdə müəllif özü – artıq müasir musiqinin simvoluna çevrilmiş Firəngiz Əlizadə də iştirak edir. Ona görə də bu gün bizim musiqiçilərimiz onun gözəl musiqisini xüsusi ilhamla və ruhla ifa ediblər...”

Konsert müasir musiqinin ən görkəmli nümayəndəsi olan Firəngiz Əlizadənin möhtəşəm əsərinin səslənməsi ilə davam edib.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

11:56