Yoxsulluğun aradan qalxması 2025-ci ilə qadlı?

Azərbaycan əhalisi ötən il də əsas vəsaitini ərzağa xərcləyib. Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, istehlakçılar 15.1 milyard manatlıq ərzaq alıblar. Beləliklə, daha bir il əvvəllə müqayisədə 2.1 faiz çox ərzaq məhsulu, içki və tütün məmulatı satılıb. Beynəlxalq təcrübədə vəsaitinin yarısını ərzağa xərcləyən vətəndaş yoxsul sayılır. DSK-nın məlumatından Azərbaycanda ərzağa xərclənən vəsaitin artdığı açıq-aydın görünür.

Hökumətin iddiası

Prezident İlham Əliyev ötənilki çıxışlarında son 12 ildə ölkədə yoxsulluq səviyyəsinin 50 faizdən 5 faizə endiyini vurğulayıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2015-ci ildə yoxsulluq səviyyəsi 4.9 faiz, 2013-cü ildə 5.3 faiz, daha bir il öncə isə 6 faiz olub. Azərbaycan əhalisinin 33.6 faizi 1989-cu ildə yoxsul sayılırdı. Bu, Sovet İttifaqında orta yoxsulluq həddindən 3 dəfə çox demək idi. 1995-ci ildə əhalinin 68.1 faizi mütləq yoxsulluq həddindən də aşağı yaşayıb. 2000-ci illərin əvvələrindən Azərbaycanda yoxsulluq səviyyəsi azalmağa başlayıb. Beynəlxalq Valyuta Fondunun (BVF-nin) qənaətinə görə, yoxsulluğun azalması tikinti və xidmət sənayesində iri məbləğdə dövlət vəsaitinin xərclənməsindən qaynaqlanıb.

Hədəf: “Yoxsulluğu tam aradan qaldırmaq”

Azərbaycanın milli iqtisadiyyat perspektivinin strateji yol xəritəsində deyilir ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək: “2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən, minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq”.

 “Əhalinin yoxsullaşması qaçılmazdır”

İqtisadçı ekspert Ülvi Əmrahsoy mövcud durumun səbəblərinə toxunur: “Bəzi kənd təsərrüfatı məhsulları istisna olmaqla, ölkədə heç nə istehsal edilmir. Məhsullar xaricdən gəlir. Manatın ucuzlaşması davam edir. Maaşlar rəsmi inflyasiyaya uyğun olaraq artırılır və ya heç artım da olmur. Belə olan halda əhalinin yoxsullaşması qaçılmazdır”.
Ekspert əhalinin onsuz da az olan gəlirinin ərzağa xərcləndiyini vurğulayır: “Əhali gəlirlərinin əksər hissəsini onsuz da gündəlik tələbat mallarına xərcləyirdi. Qiymətlərin bahalaşması bu xərcləri daha da artırır”.

Azadliq.org

12:23