Yezid məktəbinin müdavimləri

Çox qalmayıb, bir neçə aydan sonra İran mollaları ağlaya-ağlaya Kərbəla müsibətindən danışacaqlar, şəbeh çıxaracaqlar, əzadarlıq edəcəklər, islam peyğğmbərinin 1346 il öncə qətlə yetirilmiş nəvələrinin qatillərini lənətləyəcəklər, 40 gün boyunca yas tutacaqlar.

Amma özləri bir neçə günün içində minlərlə günahsız insanı uf demədən qırıb töküblər, meyitləri hələ də yığışdırıb qurtara bilmirlər.

Yezid ibn Müaviyə və onun sərkərdəsi Şümr ibn Zilçövşən belə etməmişdilər, onlar biət etməyən, üsyan hazırlığı üçün Kufəyə gedən imamların qarşısını Kərbəla çölündə kəsərək təslim olmaları üçün vaxt, yəni aman vermişdilər.

İranın yüzlərlə şəhərində ayağa qalxan etirazçı insanlara isə aman verilməyib, təslim olmağa dəvət olmayıb, əllərini yuxarı qaldıranları da gülləboran edib öldürüblər.

Ağa Məhəmməd şah Qacarın 1792-ci ildə Kirmanşah əhalisinə tutduğu divanda sonra o region belə zülm görməmişdi. (Həmin vaxt şah uzun müqavimətdən sonra ələ keçirdiyi Kirmanda on minlərlə insanı öldürüb, 20 min kişini kor edib, 8 min qadını əsgərlərə zorlatdırıb).

Şərqdə ənənə belədir: hakimiyyəti qorumaq üçün minlərlə, on minlərlə adamı kiprik qırpmadan məhv edirlər. Öldürülənlərin arasında təslim olmaq istəməyən üsyançılar da ola bilər, təslim olmaq istəyənlər də, onların ailə üzvləri də.

Bir bölgədə bir dəstə adam üsyana qalxıbsa, həmin bölgə bütövlükdə üsyankar sayılır və o regionda yaşayanların hamısının qanı halal buyurulur. Məsələn, İraq diktatoru Səddam Hüseyn 1982-ci ildə Əd-Düceyl kəndində 148 sakini öldürtdürüb. Buna səbəb o olub ki, kənddə təşkil olunmuş təntənəli mərasimdə iştirak edən və Bağdada qayıtmaq istəyən Səddam Hüseynə qadağan olunmuş ekstremist qruplardan birinin üzvü atəş açıb. Buna cavab olaraq kəndin heç nədə günahı olmayan 148 sakini öldürülüb.

Daha sonra S.Hüseyn Hələbcədə, İraq Kürdüstanında on minlərlə günahsız insanı üsyan etdiklərinə görə qırdırıb, kimyəvi maddələrlə kütləvi şəkildə məhv edib.

Bir az dərin araşdırsaq, Yaxın Şərqin tarixi bu cür qətliamlarla doludur. Bu regionda adi sosial tələblərlə küçəyə çıxmaq dövlət, hakimiyyət əleyhinə hərəkətlənmə sayılır və cəzası ölümdür.

İranda son iğtişaşlar sırf milli valyutanın növbəti dəfə dəyər itirməsi ilə, insanların bir günün içində daha da kasıblaşması səbəbindən başlanmışdı. Ağıllı, təmkinli, ədalətli rəhbərlik tezliklə vəziyyətə nəzarəti bərpa edərdi və ya insanları kütləvi şəkildə qırıb-çatmaqdansa çəkilib kənarda durardı.

İstənilən Avropa ölkəsində elə edirlər. Bir hökumətin istefaya getməsi, nazirlərin öz vəzifələrini tərk etməsi Avropada çoxdan faciə sayılmır, amma onların günahı üzündən bir insanın həlak olması həm faciə, həm də cinayət hesab olunur. Ona görə də Avropa ölkələrində birinci variantı seçirlər. Bu ölkələrdə hökumətə etiraz edənləri nə küçədə güllələyir, nə də həbsə alıb edam edirlər.

Elə olsaydı, indi Fransada ərəb qalmazdı. Uzun illərdir Fransanın şəhərlərində (Parisdən Liona, Tuluzaya, Kanna qədər) ərəb mənşəli (Əlcəzair, Mərakeş və Tunisdə doğulmuş miqrantların övladları) gənclər vaxtaşırı yanğınlar törədir, minlərlə avtomobili odlayır, minlərlə mağazanın vitrinlərini sındırır, asayiş keşikçilərini daşa basır, cürbəcür cinayətlər törədirlər. Ancaq Fransa hökuməti onlara qarşı ölümsaçan silahlar işlətmir, ya su şırnaqlarıyla, ya rezin güllələrlə, ya da gözyaşardıcı qazla öhdələrindən gəlir. Hətta etiraz edənlərə qarşı fransız polisi kobudluq edəndə (məsələn, bir qadını itələyib yerə yıxanda) bunun görüntüləri günlərlə Avropa mediasında tirajlanır, hamı qaba polisi qınayır.

İndi İranda küçələrdə qalaqlanmış meyitlərin şəkilləri dünya mediasını dolaşır. Faciənin detalları və tam miqyası internet kəsintisi üzündən məlum deyil. Ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir, azı (17 min) da dəhşətlidir, çoxu (30 min) da.

Ağlasığmazdır. Hələ sonradan edam edilənlər də olacaq. 41 mindən çox adam həbs olunub. Onların bir xeylisini asmaq üçün bəhanə də var: “Amerikanın və İsrailin casuslarıdır”. Etiraf edən olmayacaq ki, bu iğtişaşlar məşhur zərbül-məsəldə deyilən “acın qılınca çapması” hadisəsiydi.

Bir müddət sonra bu zalım adamlar çıxıb Yezidin zalımlığından, İmam Hüseyn məktəbindən danışacaqlar. Ta deməyəcəklər ki, məhz özləri Yezid məktəbinin müdavimləridir.

Xalid KAZIMLI
Mənbə:musavat.com
Xudaferin.eu

13:55