Yetmiş illik ömrün 55 ili səhnədə

 

Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində xalq artisti, tarzən Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçirilib. Tədbirdə əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev yubilyarın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var.

Tədbirdə Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, xalq artisti, tarzən Ramiz Quliyev yubilyar haqqında ürək sözlərini bölüşüblər. Gecədə yubilyarın həyat və yaradıcılığına aid videoçarx nümayiş olunub. Xalq artisti Teymur Göyçayevin idarə etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Fikrət Verdiyev tarda bir sıra musiqi nömrələri səsləndirib.

Tədbirdə xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Sevinc Sarıyeva, Almaz Orucova, İlkin Əhmədov, Tünzalə Ağayeva, Babək Niftəliyev, Ehtiram Hüseynov, müğənnilər Eldəniz Məmmədov, Kamilə Nəbiyeva yubilyarı ifaları ilə təbrik ediblər.

Sonda Fikrət Verdiyev mədəniyyət sahəsinə, xüsusən muğam sənətinin inkişafına göstərdikləri diqqət və qayğiya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Fikrət Verdiyev Gəncədə anadan olmuş və bu şəhərdə ilk dəfə olaraq
“Göy Göl Dövlət Mahnı və Rəqs Ansamblı”nı yaratmışdır. Bu ansambl 50 ilə yaxındır ki, Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və inkişafı istiqamətində fəaliyyət göstərir. Fikrət Verdiyev Azərbaycan muğam sənətinin dahilərindən biri olan Xan Şuşunskinin qızı Bəyimxanım Cavanşirova ilə ailə qurmuş və bu cütlük əsil ziyalı ailəsi olaraq çoxlarına örnək olan bir həyatı yaşayır 

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:02