Yerlan Koşanov: Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Qafarova Azərbaycan və Qazaxıstanın dost, qardaş ölkələr olduğunu deyib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında münasibətlərin əsası Ulu Öndər Heydər Əliyevin dönəmində qoyulub və bu gün hər iki ölkə liderləri tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərarası əlaqələrimiz də bu münasibətlərin tərkib hissəsidir. Deputalarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi işin mənafeyinə xidmət edir.

Söhbət zamanı Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib, Heydər Əliyevin daim Qazaxıstanda dərin ehtiramla anıldığını söyləyib. Qeyd edib ki, Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir.

Qazaxıstanlı spiker Bakıya hər səfərində Azərbaycandakı inkişafın şahidi olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır və bu böyük şəxsiyyətin ideyaları həyata keçirilir. Azərbaycan inkişaf edən sabit ölkədir və yerləşdiyi bölgədə özünəməxsus önəmli yer tutur.

Xudaferin.eu

16:14