Yeni Zelandiyada terror aktlarına görə saxlanılan şəxs psixiatrik ekspertizaya göndəriləcək

Yeni Zelandiya məhkəməsinin hakimi Kraystçörç şəhərindəki iki məsciddə 50 nəfəri öldürən Avstraliya vətəndaşı Brenton Tarrantın psixiatrik ekspertizaya göndərilməsi barədə qərar qəbul edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Stuff” portalı məlumat yayıb.

Bildirilir ki, aprelin 5-də Oklend türməsində xüsusi nəzarət altında saxlanılan 29 yaşlı B.Tarrant videoəlaqə vasitəsilə məhkəmə dinləmələrində iştirak edib.

Əvvəlcə B.Tarrantın özünü müdafiə edəcəyi bildirilsə də, sonradan iki vəkil Şeyn Teyt və Conatan Hadson onu müdafiə etməyə razılıq veriblər.

Məhkəmənin qərarına görə, müttəhimin psixi vəziyyətini iki müstəqil mütəxəssis araşdıracaq. Onun işi ilə bağlı dinləmələrin aprelin 14-də davam etdiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 50 nəfər həlak olub, bir o qədər də xəsarət alıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb.

Xudaferin.eu

14:25