Yeni nazir komissiya yaratdı

Azərbaycanda ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar Komissiya yaradılıb.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Komissiyanın sədri, nazir Sahil Babayevin sözlərinə görə, məqsəd sadalanan hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin verilməsində şəffaflığı təmin etməkdir.

Birdəfəlik ödəmələrin verilməsinə başlanılması üçün mexanizm 1 ay ərzində yaradılacaq. 

Prosesi asanlaşdırmaq üçün nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq.

Paralel olaraq, hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etmək üçün müvafiq sayt yaradılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 18 aprel 2018-ci il tarixli Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Vəsaitlərin ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunacaq.

Oxu.az

19:00