Yeni işsizlər ordusunun yaranmasına start verildi

 Müəllimləri kütləvi ixtisar gözləyir - Dağ zonasının şagirdləri məktəbsiz qalacaq

Müəllimləri kütləvi ixtisar gözləyir Kamran Əsədov: “Bu proses dağ zonasında yerləşən kəndlərdə şagirdlərin məktəbdən kənarda qalmasına aparıb çıxaracaq”

Azərbaycanda təmayülləşməyə keçidlə əlaqədar olaraq, 11 illik məktəblərdən imtina məsələsi yenidən gündəmə gəlib. Orta məktəblərdə 9-cu sinifdən təmayülləşmə müsbət addım hesab olunsa da, prosesin həyata keçirilməsinin o qədər də səmərə verməyəcəyi bildirilir. Qeyd edək ki, 2011-ci ildən Azərbaycanda pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi gündəmə gəlib. Həmin ildən bu proses Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib.

Bu il Azərbaycanın 180-dan artıq məktəbində tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib. Bu, o deməkdir ki, şagirdlərin meyil və maraqları nəzərə alınaraq, onlar həmin təmayüllər üzrə tam orta təhsillərini X-XI siniflərdə davam etdirə bilərlər. IX sinfə kimi isə ümumi orta təhsil mərhələsidir və bu təhsil icbaridir. Şagirdlər icbari təhsil pilləsini başa vurduqdan sonra həm orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə qəbul ola bilər, həm də seçdikləri istiqamətlər üzrə təhsillərini tam orta təhsildə davam etdirə bilərlər. Xatırladaq ki, təmayülləşmiş məktəblərin yaradılmasına hələ iki il öncə başlanılıb və təhsil nazirinin göstərişi ilə Bakı və Sumqayıt şəhərlərində bir neçə belə məktəb təyin edilib. Bu ildən isə belə məktəblər daha da artıb və artıq 2016-2017 tədris ilindən ölkənin 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunur. Belə məktəblərdə tədris şagirdlərin meyl və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq həmin fənnlər daha da dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur. Ekspertlər bunun nəinki Azərbaycanda, dünya təcrübəsində tətbiq edilən təhsil sistemi olduğunu qeyd edirlər. Bildirirlər ki, təmayüllər üzrə tədris təhsilin güclənməsinə istiqamətlənib. Amma təmayülləşmə prosesinin bölgə, ucqar dağ kəndlərinin məktəblərində effekt verəcəyi sual doğurur. Çünki bu məktəblərdə tədris olunan təhsil o qədər də keyfiyyətli olmadığından və şagird sayı az olduğundan təmayülləşməyə keçiddə müəyyən pərakəndəliklər yaranacaq. Qruplar üzrə müəyyənləşən şagirdlər ucqar kənd məktəblərindən mərkəzdə yerləşən təhsil ocaqlarına yönəldiləcək. Nəticədə həmin məktəblərdə çalışan müəllimlərin dərs saatlarının sayı azalacaq. Bu da müəllimlərin kütləvi ixtisarı dməkdir.

Təmayülləşmə qızları təhsildən kənarlaşdıracaq...

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, təmayülləşmə gözəl layihə olsa da, Azərbaycanın indiki dönəmi üçün məqbul deyil, ona görə ki, əhalinin böyük əksəriyyəti rayonlarda yaşayır: “Kəndlər iqtisadi-sosial cəhətdən normal inkişaf etməyib. Kəndləri bir-birinə bağlayan yollar bərbad vəziyyətdədir. Dağ kəndlərində isə vəziyyət olduqca dözülməzdir. Məsələn, Lənkəran, Astara, Lerik rayonlarının dağ zonasında yerləşən kəndlərində həm kəndarası yollar, həm də bu kəndləri rayonla birləşdirən yolların böyük hissəsi bərbad vəziyyətdədir. Təmayülləşmə zamanı böyük məsafədə dağ yolu ilə marşrut olmadığı zaman X və XI sinif şagirdləri, həm də qızlar necə mərkəzdə olan təmayüllü məktəblərə gedəcəklər? Mən bilirəm ki, respublikanın bütün dağ rayonlarında vəziyyət eynidir. Ona görə də, yerli şəraiti bilmədən və öyrənmədən, əhalinin vəziyyətini nəzərə almadan, belə bir layihənin tələm-tələsik şəkildə tətbiq edilməsi dağ zonasında yerləşən kəndlərdə şagirdlərin məktəbdən kənarda qalmasına və kütləvi şəkildə savadsızlaşmasına gətirib çıxaracaq. Eyni şərait Daşkəsən, Gədəbəy, Quba, Qusar və Xaçmaz rayonunlarında da yaşanır. Bakıda isti otaqda, yumşaq kresloda oturub regionlarda yeni lahiyələrin hansı fəsadlar yaradacağını bilmək olmaz”.

Dərs saatları artacaq

Ekspert hesab edir ki, təmayülləşmə ilə bağlı tələskənlik ciddi problemlər yaradacaq: “Əlbəttə ki, təmayüllü məktəblər lazımdır, vacibdir, amma kurrikulum da, digər layihələr də vacib idi. Amma kurrikulumun nəticələrini təhlil etmədən yeni köklü dəyişikliklər edilməsi şagirdləri təhsildən məhrum etməklə nəticələnəcək. Düzdür, bu gün Azərbaycanda olan 4481 orta məktəbdən 341-i ibtidai (4 illik) məktəb, 813-ü ümumi orta (9-illik), 3304-ü tam orta (11 illik) məktəbdir. Deməli, çox sayda məktəbin 11 illik olmayacağı yalan informasiyadır. Çünki onsuz da kifayət qədər 9 illik məktəb var. Regionda ayrı-ayrı rayonları təhlil etdikdə orada da hazırda kifayət qədər 9 illik məktəbin olduğunu görürük. Məsələn, Lerik rayonunda 107 orta məktəb var, onun 23-ü ibtidai, 47-si ümumi orta, 37-si tam orta (11 illik) məktəbdir. Göründüyü kimi, hazırda Lerikdə 11 illik məktəbin sayı 9 illikdən azdır və bu heç də ciddi problemlər yaratmır. Qubada 137 orta məktəb var ki, onun da 27-si ibtidai, 43 ü ümumi orta (9-illik ), 67-si tam orta (11-illik) məktəbdir. Bu kimi rayonlarda ciddi şəkildə problemlər yaratmayacaq. Amma bu heç də bütün rayonlara aid deyil”.
Kamran Əsədovun qənaətinə görə, təmayülləşmənin müsbət nəticələri olacaq. Lakin müəllimlərin işini itirməsi ilə nəticələnməyəcək: “Çünki dərs saatlarında artımlar olacaq. Təmayülləşmə həm də repititor yanına şagirdlərin getməsinin qarşısını almaq üçün geniş imkanlar açır. Bundan başqa, şagirdlər 10 və 11- ci siniflərdə ancaq seçdikləri ixtisaslar üzrə dərslər oxuyacaqlar. Yəni, humanitar sahədə hazırlaşan şagird texniki və təbiət fənlərinə vaxt itirməyəcək. Müəllimlərin dərs saatları ümumilikdə yox, bəzi məktəblərdə azalacaq. Amma bu kütləvi şəkildə olmayacaq. Bu yenilik müəllimlərin işinə daha məsuliyyətli yanaşmasına səbəb olacaq. Əgər onlar keyfiyyətli dərs keçsələr, şagirdlər onların məktəbini seçəcək. Əgər səhlənkarlıq etsələr, əksi olacaq”.

cebhe.info

12:26