Yeni böhran dalğası gəlir: Azərbaycan iqtisadiyyatı gözlənilən böhrana hazırdır?

 

Dünyanı bürüyən qlobal böhran 2015-16-cı illərdə özünü ən kəskin şəkildə hiss etdirdi.Neft kəskin şəkildə ucuzlaşdı, neft ölkələri ciddi zərərə düşdülər. Dünya iqtisadiyyatının böhrana düşməsində ABŞ Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyyatlar Sisteminin (FES) də öz “payı” var. ABŞ iqtisadiyyatı inkişaf etdikcə FES dolların uçot dərəcəsini artırdı və bu da dünya valyutalarının kəskin ucuzlaşmasına səbəb oldu.

 

Necə ki, 2014-ci ildən başlayaraq FES dolların uçot dərəcəsini qaldırdı və nəticədə 2015-16-cı illərdə bütün dünya ölkələri ağır iqtisadi böhran keçirdi.Ancaq FES bununla kifayətlənməyəcəyini ilin əvvəlində verdiyi bəyanatla bir daha açıqladı.Belə ki, FES-in bəyanatında göstərilir ki, 2017-ci və növbəti illərdə FES hər ildə 3 dəfə olmaqla dolların uçot dərəcəsini artıracaq.Bu isə yeni, daha kəskin qlobal böhranı gündəmə gətirib.Belə ki, beynəlxalq təşkilatların hesabatlarına görə 2018-ci ilin ilk rübündən etibarən dünyanın qlobal maliyyə böhranının ikinci dalğası ilə üzləşməsi ehtimalı çox yüksəkdir. Artıq ABŞ iqtisadiyyatın da dolların uçot dərəcəsini artırmaq üçün FES-ə kifayət qədər münbit şərait var. Bəs gözlənilən yeni böhran dalğasının fəsadları nə ola bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanla bağlı vəziyyət bir az fərqlidir. Onun sözlərinə görə, Azərbaycanın dünya maliyyə sistemində cüzi paya malikdir: “Ümimiyyətlə, Azərbaycanda fundamental iqtisadi bazar oturuşmayıb və qiymətli kağızlar, səhm bazarı yoxdur. Bizdə iqtisadiyyat neft qiymətləri üzərində formalaşıb və bu gün də həmin təsirlər davam edir. 2008-ci ildə neftin bareli 148 dollar idi, 2009-cü ildə isə bu qiymət 38-39 dollara qədər aşağı düşdü. Amma bu qısa çəkdi və sonradan neftin qiymətinin 120 dollara qalxması Azərbaycan hökumətində bir arxayınçılıq yaratdı.2014-cü ildə bəri neftin qiymətində kəskin eniş müşahidə olunur və bu gün də tendensiya davam edir.Hələ ki, neft bazarında sabitlik yaranmayıb.Azərbaycanla bağlı iqtisadi məsələlər əsasən neft amili bağlı olaraq formalaşır”.

Ekspertin fikrincə, dünyada iqtisadi problemlərdən daha çox siyasi risklər var: “Avropa Birliyində və Çində iqtisadi problemlərin olacağı ehtimalı yüksəkdir. Hal-hazırda Çində də iqtisadi aktivliyin zəifləməsi müşahidə olunur.Struktur problemləri yaşanır, çox böyük həcmdə kredit borcları yığılıb.Daşınmaz əmlak və qiymətli kağızlar bazarında ciddi təlatümlər yaranıb.Avropa Birliyində isə həm də siyasi risklər artıb. Britaniyanın Avropa Birliyindən çıxması prosesi mart ayında başlayacaq və təqribən 1-2 il ərzində bu prosesin getməsi gözlənilir. Bu da təbii ki, Avropa iqtisadiyyatına mənfi təsir göstərəcək.Digər tərəfdən İtaliyada ciddi bank böhranı yaranması ehtimalı var. Çünki, İtaliyanın xarici borcu ümum daxili məhsulunun 120 faizini təşkil edir.Almaniya isə artıq uzun zaman Avropa iqtisadiyyatını təkbaşına aparırdı.Almaniyada da resursların tükənməsi məsələsi gündəmə gəlib. Bu il ərzində Avropa ölkələrində Fransa, Almaniyada, Hollandiyada seçkilər olacaq və Avropa Birliyinə qarşı olan qüvvələrin qalib gəlməsi və yaxud siyasi dividentlərinin artırılması ehtimalı çox yüksəkdir. Məsələn, Fransia Fionnun qalib gələcəyi halda Fransanın Avro zonadan və Avropa Birliyindən çıxması məsələsi reallaşa bilər.Siyasi risklər artıqca bu iqtisadi proseslərə də təsir edir. ABŞ prezidenti Donald Tramp daha çox daxili maraqların qoruması siyasətini yürüdür. Bu da ümumi qlobal iqtisadiyyata mənfi təsir edəcək.Dünya Bankı və digər nüfuzlu təşkilatlar da son hesabatlarında bu riskin çox yüksək olduğunu göstərir”. N.Cəfərli vurğulayıb ki, dünyada belə bir iqtisadi böhran dalğası başlasa təbii ki, bu Azərbaycana da mənfi təsir göstərəcək: “Dünyada iqtisadi aktivlik azaldıqca, iqtisadi artım aşağı düşdükcə təbii resurslara tələbat azalır. Tələbat azaldıqca da təbii ki, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiyməti daha çox ucuzlaşa bilər.Dünyada valyuta ehtiyatlarına (kreditlərə) çıxış imkanları çətinləşəcək və kreditlər bahalaşacaq.Bu da Azərbaycan üçün ciddi problemdir.Çünki, Azərbaycan böyük həcmdə kreditlər götürərək müəllifi olduğu böyük enerji layihələrini bitirməyi düşünür.Bütün bu proseslər bütün dünya ölkələrinə təsir göstərəcək.Yeni qlobal böhranın baş vermə ehtimalı çox yüksəkdir”.

Vilayət Muxtar

Cebhe.info

 

09:34