Yeni bahalaşma planı: SOCAR-ın xərclərini də əhali ödəyəcək

 

Fuad İbrahimov: “Qazın bahalaşmasını hökumətin qəbul etməsi inandırıcı deyil”

Sərdar Cəlaloğlu: “SOCAR yeyintilərini ört-basdır etmək üçün qiymətləri qaldırmağı planlaşdırır”

Bir müddət öncə enerji daşıyıcılarının qiymətinin artırılması əhali arasında ciddi narazılıqlara səbəb oldu. Qiymət artımının 1 ili tamam olmamış, SOCAR yenidən qazın qiymətinin artırılması təklifilə çıxış edib. Dövlət Neft Şirkəti indi də təklif edir ki, əhaliyə verilən qazın qiyməti manatın dollara nisbətindən asılı olaraq dəyişsin. SOCAR bildirir ki, qazın istehsal olunması və satışa çıxarılmasında şirkət ciddi zərərlə üzləşir. Buna görə də manat-dollar münasibətlərinə uyğun olaraq qazın əhaliyə satış qiymətləri diferensiallaşmalıdır. Ancaq burada maraqlı məqam ortaya çıxır. Dolların kursuna uyğun olaraq qiymətlər bahalaşır, əmək haqları isə dəyişmir. Əmək haqqları dolların məzənnəsinə uyğun olaraq indeksləşməməsi, ancaq xərclərin daha da bahalaşdırılması ciddi narazılıqlara səbəb olacaq. Bu isə SOCAR-ın öz lazımsız xərclərini ört-basdır etməyindən başqa bir şey deyil. Əgər şirkət zərərlə işləyirsə bu idarəetmənin qeyri-effektiv olmasıdır. Ümumiyyətlə, qaz istehsalının və satışının SOCAR-ı niyə ziyana salması hələ də tam olaraq aydın deyil.

Məsələyə münasibət bildiriən iqtisadçı-ekspert Fuad İbrahimov açıqlamasında deyib ki, SOCAR-ın bu addımı xarici borcların ödənilməsinə hesablanıb. Onun sözlərinə görə, SOCAR-ın bu təklifini hökumətin qəbul etməsi mümkün deyil: “Öncə onu qeyd etmək istəyirəm ki, bundan sonra SOCAR-ın bu təklifini hökumətin qəbul etməsi inadırıcı deyil. Bütün kommunal xərclərin artması fonunda əhalinin gəlirlərinin eyni vəziyyətdə qalması və eyni zamanda azalması şübhəsiz ki, sonda sosial narazılığa gətirib çıxaracaq. Düşünmürəm ki, hökumət bu təklifi qəbul edəcək. SOCAR əgər qaz hasilatında həqiqətən ziyanla üzləşirsə, bu məsələ dövlət tərəfindən ödənilən dotasiya hesabına aradan qaldırılmalıdır. Bunun yeganə çıxış yolu budur. Yoxsa yenidən differensiallaşma yolu ilə qazın qiymətini bir az da bahalaşdırmağa şərait yaratmağa ehtiyac yoxdur. Bunu manatın məzənnəsinə və yaxud üzən məzənnəyə uyğunlaşdırmaq qətiyyən düzgün deyil. Bu baxımdan ümumiyyətlə, hökumətin SOCAR-ın bu təklifini müzakirə üçün gündəliyə çıxaracağını belə düşünmürəm. Ümumiyyətlə, qazın maya dəyərini dəqiq bilmək üçün istehsalatdan satış məntəqəsinə qədər müstəqil mütəxəsislər tərəfindən monitorinq keçirilməlidir. Bu qapalı informasiya olduğu üçün heç bir mütəxəssis, heç bir ekspert qazın maya dəyərini dəqiq bilə bilməz. Ola bilər ki, qazın maya dəyəri deyiləndən qat-qat ucuz başa gəlir. Ancaq indiki vəziyyətdə SOCAR-ın xarici borcları normadan artıq olduğu üçün gələcək perspektivdə borcların ödənilməsi siyasətini başa düşmək olar. Ancaq qazın real maya dəyərinin müstəqil ekspertlər tərəfindən müəyyənləşdirildiyindən sonra bu haqda daha dəqiq nəsə demək olar. SOCAR qapalı müəssisə olduğu üçün heç bir mütəxəssis kənardan müdaxilə edə bilmir. Onlar da bundan öz xeyirləri üçün istifadə edirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, xalqın sərvətini xalqa baha qiymətə satmaq doğru deyil: “SOCAR da dövlətə məxsusdur, əhali də Azərbaycan dövlətinin vətəndaşıdır. SOCAR xüsusi şirkət deyil ki, tez-tez bu şirkətin maraqları xalqın maraqları ilə qarşılaşdırılır. Azərbaycan dövlətinin sərvətləri xalqa məxsusdur. Bu baxımdan təbii sərvətlər xaricə satılan qiymətlərlə əhaliyə satıla bilməz. 

Dünyanın heç bir ölkəsində təbii sərvətlər yadlara satılan qiymətə əhaliyə satılmır. Digər tərəfdən Azərbaycan daxilində əhali dollarla maaş alır ki, SOCAR-da qazın və yaxud neftin qiymətinə dollara uyğun müəyyənləşdirir? Əgər Azərbaycanda milli valyuta manatdırsa, buna uyğun olaraq da qiymət siyasəti aparılmalıdır. Maaşlar dollara görə tənzimlənmir, ancaq qiymətləri qaldırırlar. Ona görə də SOCAR bu açıqlaması, bu günə qədər neft və qazdan gələn gəlirlərin dağıdıldığını kompensasiya etmək üçün özlərinin oğurladığını yenidən xalqın cibindən çıxarmaq istəyirlər. Bu günə qədər SOCAR-ın Moldova, Gürcüstan, Avropa və digər ölkələrə qoyduğu milyardlarla investisyalardan bir qəpik dövlət büdcəsinə gəlir gəlmir. Əgər SOCAR düzgün siyasət aparırsa hanı milyardlıq investiyalardan gələn gəlirlər? İndi deyirlər ki, qazın qiymətini artıraq. SOCAR hələ qoyduğu investiyaların hesabatını verməlidir. Bu yatırımlar hardadır, nə qədər gəlir gətirir, dövlət büdcəsinə nə qədər xeyir verib? SOCAR əvvəl bunların hesabatını verməlidir, sonra qazın qiymətinin qaldırılması ilə bağlı danışsın. Bütün dünyada qəbul edilmiş bir norma var ki, yeraltı sərvətlər xalqa məxsus olduğuna görə xaricdə satılan qiymətə xalqa satıla bilməz. Xalqın öz malını xalqa yada satdığın kimi sata bilməzsən.

Əgər SOCAR qiymət siyasətini buna uyğunlaşdırırsa, onda xaricdə verilən əməkhaqqını da əhaliyə verməlidir. Türkiyədə minimum əmək haqqı 800 dollardır, Azərbaycanda 63, Ermənistanda 120 dollardır. Niyə biz dünyada əmək haqqında ən aşağı, qiymətlərdə ən yuxarı oluruq? Bu Azərbaycan xalqını dolamaq, var-yoxdan çıxarmaqdır”.
 

Cebhe.info

 

10:50