YENƏ QƏLBİMDƏ PAYIZDI

 

Yenə qəlbimdə payızdı,
Külək xəzanın sovurur.
Yarpaqlar söz- söz tökülür,
Yağış döyür, tufan vurur.

Saralmış ota bənzəyir,
Düşüncəmin xəyal teli,
Axır keçir arasından,
Axın-axın fikir seli.

Duman tək göyə yüksəlir,
Fikirlərim pərən-pərən.
Pəmbə buludlar içində,
Misra-misra şeirə dönnəm.

Ruhum da şeir qoxuyur,
Ətri payız nəfəsidir.
Payız yaşımın şeiri,
Bilməm nəyin həvəsidir?

Tərk edib getmək istəyir,
Ruhum bu payız ömrümü.
Göyə köçürmək istəyir,
Özümə sığmaz sözümü.

Ömrümə yağan yağışsa,
Yenə məni yerə çəkir.
Payıza dönmüş ömrümü,
Damla-damla yerə səpir.

                     
Mafilə Müntəzir.
Xudaferin.eu

10:42