Yekaterinburq Universitetində Azərbaycanşünaslıq Mərkəzi açılacaq

Yekaterinburqdakı Ural Federal Universitetində (UFU) Azərbaycanşünaslıq Mərkəzi açılacaq.

Bu barədə AZƏRTAC-ın müxbirinə Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov məlumat verib. Diplomat qeyd edib ki, mərkəzin yaradılmasının məqsədi gəncləri və universitetin qonaqlarını Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin müasir reallıqları ilə tanış etməkdir. Mərkəz universitetin geniş auditoriyalarından birində təşkil olunub. Burada Azərbaycan haqqında müxtəlif kitablar, əyani vəsaitlər toplanıb.

İ.İsgəndərov deyib ki, yeni mərkəzdə elmi konfranslar, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, Ural Federal Universiteti Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlıq edir. Bu ali məktəbdə 35 min tələbə təhsil alır.

AZƏRTAC

15:01