“Yaxın aylarda manatın dəyərdən düşməsi sürətlə gedəcək”

 

Məhəmməd Talıblı: “Dollar elə həddə ucuzlaşa bilər ki, sonradan bahalaşması ağlasığmaz səviyyədə olar”

Əgər bir müddət əvvəl dolların məzənnəsində müəyyən enmə müşahidə olunurdusa, hazırda dolların itirilən mövqeləri yenidən qaytardığının şahidi oluruq. Hazırda manatın dollara nisbətdə məzənnəsində yaşananları necə dəyərləndirmək olar. Hökumətin isə anti-böhran tədbiri kimi təqdim etdiyi imitasiya siyasəti işə yaramır. Suallarımızı iqtisadçı Məhəmməd Talıblı cavablandırır:

– Əvvəla, qeyd edim ki, bazarlarda qiymətlərin stabil qaldığı vaxt demək olar ki, olmur. Qiymət tələb və təklif proporsiyasına görə daim dəyişikliyə məruz qalır. Bu baxımdan belə nisbi dəyişmələr normaldır. Yəni demək istəyirəm ki, qaldı manatın dollar qarşısında nisbətən dəyər qazanması müvəqqəti haldır. Bankların dollar tələbindən bu gün bazara 3 dəfə daha artıq vəsait çıxarılıb. Banklar üçün marja həddi üçün 4 faizlik limit götürülüb. İlin əvvəlində dövlət büdcəsinin xərclənməsində inersiya mövcud olur. Sosial öhdəliklər və investisiya layihələrinin icrası müddəti büdcə ilinin başlanğıcında baş vermir. Ənənəvi olaraq ilin sonuna yaxın xərclənmələr sürətlənir. Bu xərclənmələrin az olması manatın dəyərini artırıb. Amma bütün bunlar onu deməyə əsas vermir ki, manatın dəyəri artacaq. Mən şəxsən proqnozlaşdırıram ki, yaxın aylarda manatın dəyərdən düşməsi mərhələli sürətdə gedəcək. Valyuta elə həddə ucuzlaşa bilər ki, sonradan bahalaşması ağlagəlməz səviyyədə olar. Dünya təcrübəsində çoxlu belə nümunələr mövcuddur.

 

“Valyuta ehtiyatları da “əriməyə” doğru gedəcək”

– Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 milyard 121,4 milyon ABŞ dolları təşkil edib. Bunun 89,29%-i və yaxud 33 milyard 147 milyon dolları Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 milyard 974,4 milyon dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb. Hazırkı siyasətin davamı valyuta ehtiyatlarına bundan sonra nə vəd edir?

 

– Bizim strateji valyuta ehtiyatlarımızın yığım mərhələsi daha çox bir neçə il əvvəli əhatə edir. Yəni, daha çox həmin illərdə daxilolmalar formalaşdı. Sonradan həm daxilolmalar azaldı, həm də yığımlar milli valyutanın qorunması və makroiqtisadi tarazlığın, o cümlədən manatın dəyərinin qorunub-saxlanması üçün sərf edildi. Olkə iqtisadiyyatına dollar gəlişi əsasən neft sektoru vasitəsilə daxil olduğu üçün həmin kanalda yaranmış “tromp” dollar tələbini daha da artırdı. Qeyri-neft ixracatından cəmi illik əldə edə biləcəyimiz xarici valyuta 1,1 milyard ABŞ dolları səviyyəsində olub. Bu az məbləğli dollar gəlişi ilə dollara tələbi təmin etmək mümkün olmaz. Yaxud valyuta ehtiyatlarını dollar formasında ölkəyə gətirib bazarın tələbi üçün sərf etmək də perspektivi olmayan yoldur. Ona görə, mən düşünürəm ki, hansı tədbirlərin görülməsindən asılı olmayaraq valyuta ehtiyatları da “əriməyə” doğru gedəcək. Faktik olaraq indiki dollar tələbi bazarın böhranlı vəziyyətində olan zəif tələbidir. Bazar iştirakçıları bazardan çəkilir, investisiya cəlbediciliyi zəifləyib, xarici ticarət əməliyyatlarına dollar tələbi aşağı düşməsi fonunda dolların təzyiqi hələ artır. İşgüzar aktivlik artacağı təqdirdə dollar tələbini təmin edilməsi çox çətin olacaq. Ona görə, valyuta ehtiyatlarının manatın dəyərinin aşağı düşməməsi üçün xərclənməsi qaçılmaz olacaq.

“İşlək mexanizmlər davamlı və düşünülmüş xarakterlı olmalıdır ”

 

– Gərəkən adımların zamanında atılmaması, sonradan onlar atılsa belə gözlənilən effekti vermir. Hazırda ciddi böhran içində olan iqtisadiyyatda gərəkən islahatların reallaşdırılmaması hansı ağır fəsadları verəcək?

 

– İslahatların tez bir zamanda nəticə verəcəyinə bağlanan ümidlər inandırıcı deyil. İslahatların 3-5 ilə nəticə verəndə bunu yaxşı göstərici hesab olunur. İqtisadiyyatda illər uzunu söküntünü qısa müddətdə aradan qaldırmaq asan deyil. Çünki, iqtisadiyyat bir orqanizm olaraq bir atımlıq həblə düzələn deyil. O cümlədən iqtisadiyyat şifahi göstərişlə və direktiv tapşırıqla dirçəlməz. İşlək mexanizmlər davamlı və düşünülmüş xarakterlı olmalıdır.

– Dolların qısa müddətli ucuzlaşması fonunda əhali gözləntisinin əksinə olaraq marketlərdə ucuzlaşmanın şahidi olmadı. Bu tendensiya idxalın tam inhisarda olmasının göstəricisi sayıla bilərmi?

 

– Yumurta və çörəyin qiymətində bahalaşmanın olmaması o demək deyil ki, bu belə davam edəcək. Manatın qısa zaman kəsiyində nisbi dəyər qazanması bunun tendensiya xarakteri alacağını söyləməyə əsas vermir. Əsas mal və xidmətlərin qiymətlərində aşağı düşmələr qeydə alınmayıb. Yalnız bəzi mal pozisiyaları üzrə nisbi qiymət fərqləri qeydə alınıb. Bu nikbinlik üçün əsas sayıla bilməz. Ümumi qiymətləndirmə o zaman obyektiv sayıla bilər ki, ölkədə ilin sonunda ortalama olaraq aşağı səviyyli inflyasiya həddi və ya deflyasiya qeydə alına. Amma 1 həftə ərzində 2 mal pozisiyasında qiymət düşüklüyü optimizm üçün əsas sayılması sadəlövhlük olardı.

– Hazırkı böhran durumunda islahatlar deyil, onların imitasiyasının edilməsi nə dərəcədə doğrudur?

 

– İslahatlarda uğuru şərtləndirən əsas amillərdən biri düzgün zamanlamanın seçilməsidir. Hökumət o zaman nəinki islahatları həyata keçirmək, onun haqqında o zaman düşünməyə başladı ki, artıq islahat üçün resurs çatışmazlığı bütün sahələrdə özünü göstərməyə başlamışdı. Necə ki, təcrübəsiz şirkətlər və ya ailə başçıları o zaman əlavə maliyyə qaynaqları haqqında düşünməyə başlayırlar ki, artıq büdcələri sıfıra yaxınlaşır və ya borca girirlər. Azrbaycan üçün postneft dövrü başlanmamış və caziəbadarlığı olan vaxtı islahatlar üçün ciddi zəmin var idi. Amma indi islahatlar üçün elə bir zaman kəsiyi seçilib ki, məmur kapitalizmi möhkəmlənib, azad biznes mühiti zəif, investisiya cəlbediciliyi üçün maneələr qalmaqda, ticari münasibətləri liberallaşdırma kursu götürən Dünya Ticarət Təşkilatına üzv olmamışıq, biznes infratsukturu formalaşdırmamış, oliqarxiyanın təsir imkanları geniş olaraq qalır, sabotajçı güclər xeyli güclənib, iqtisadi resurslara nəzarət imkanı məmur korpusunda, islahatlara dəstək verən avroatlantik məkandan və beynəlxalq maliyyə qurumlarından ola biləcək dəstəyin zəifliyi və s. Belə bir vəziyyət islahatları təhdid edən və təzyiq edən əsas amillərdir. Bunlar isə kompleks qiymətləndirmə tələb edir.

Xəyal

 

23:33