“Yaşayış minimumu indikindən 2 dəfə artıq olmalıdır”

“Normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır”. Hökumətin yaşayış minimumu məbləğini artırmaq barədə qərarını şərh edərkən iqtisadçı Natiq Cəfərli belə deyib. İqtisadçı qeyd edib ki, ölkədə yaşayış minimumu hesablanma qaydaları sovet dövründən qalıb.

“İndikatorları dəyişmirlər, rəqəmlər iqtisadi deyil, siyasidir. Əgər normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır. O zaman isə ölkədə minimum pensiya, minimum əməkhaqqı da buna uyğun artırılmalıdır”, -deyə o, bildirib.
2017-ci ildə yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhalidən ötrü 164,5 manat, pensiyaçılara 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğində müəyyən edilib. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Son artıma qədər, yəni başa çatmaqda olan ildə yaşayış minimumu əməkqabiliyyətli əhalidən ötrü 146, pensiyaçılara 115, uşaqlara isə 117 manat təşkil etmişdi.

Hurriyyet.org

13:10