Yaponiya saytı: Azərbaycan “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutub

Yaponiya “news.yahoo.co.jp” saytı Azərbaycanın “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutmasından yazıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, saytın “Azərbaycan “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutub” adlı məqaləsində “World Values Survey” beynəlxalq layihəsi tərəfindən keçirilən sorğunun nəticələrindən bəhs edilir. Bildirilir ki, koronavirus pandemiyasının yayıldığı müasir dünyada beynəlxalq vəziyyət ciddi dəyişikliklər yaşayır. Qeyd edilir ki, belə olan halda tanınmış beynəlxalq layihə dünya ölkələrində insanlar hökumətə nə qədər etibar edir sualının cavabını araşdırıb.

Sorğu zamanı respondentlərdən “Hökumətə etibar edirsinizmi?” sualına cavab vermələri xahiş edilib. Əvvəlcədən hazırlanan variantlar arasında isə “Çox inanıram”, “Bir az inanıram”, “Həddindən artıq inanıram” cavabları yer alıb. Eyni zamanda, cavablar sırasında “İnanmıram”, “Heç inanmıram” və “Bilmirəm” cavabları da göstərilib.

Qeyd edilir ki, Qafqazda, Xəzər dənizinin sahillərində yerləşən Azərbaycanda sakinlərin 89,6 faizi hökumətə inandığını bildirib. Həmçinin 1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılaraq müstəqillik qazanmış respublikada iki siyasətçi nəslinin dəyişdiyi qeyd edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Məqalədə hökumətə inam bəsləyən insanların 92,9 faiz təşkil etdiyi Vyetnamın ikinci, əhalinin 94,6 faizinin etibar etdiyi Çinin isə birinci yeri tutduğu qeyd edilir.

Həmçinin yazıda Yaponiyanın bu sorğunun nəticələrinə görə 36-cı yerdə qərarlaşdığı da bildirilir.

Vüqar Ağayev

Xudaferin.eu

14:18