Yanvarın 1-dən torpaq sahələri bahalaşacaq

2017-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən torpaq sahələrinin satışı sadələşdirilmiş vergiyə cəlb ediləcək. Xatırladaq ki, 2016-cı il yanvarın 1-dən etibarən Vergi Məcəlləsində daşınmaz əmlakların satışının vergiyə cəlb edilməsi qaydalarında dəyişikliklər edilmişdi. Ancaq o vaxtki dəyişikliklər ancaq təkrar bazarda yaşayış və qeyri-yaşayış təyinatlı sahələrin satışının sadələşdirilmiş vergiyə cəlb edilməsini nəzərdə tuturdu. Həmin dövrdən torpaq sahələrinin satışının vergiyə cəlb edilməsi əvvəlki qayda ilə qalmışdı. Yeni qaydalara görə, artıq yanvarın 1-dən etibarən torpaq sahələri də sadələşdirilmiş vergiyə cəlb ediləcək.

Vergi necə hesablanacaq?

Əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev bildirib ki, bu, torpağın növündən asılı olacaq: “Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələri, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı zamanı vergi torpaq sahəsinin hər kvadrat metrinə görə ödəniləcək. Ancaq onlar üzrə verginin hesablanmasında fərqlər var. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələri- bu növə aid torpaq sahələrinin satışı zamanı hər kvadratmetrə görə ödənişin ölkə üzrə baza məbləği 50 qəpik müəyyən olunub. Torpaq sahəsinin yerləşməsindən asılı olaraq bu baza məbləğinə əmsallar tətbiq ediləcək. Bu əmsallar bizə tanışdır, çünki yaşayış evlərinin satışının vergiyə cəlb edilməsində həmin əmsallar artıq çoxdan tətbiq olunur. Bakı üzrə şəhərin yerindən asılı olaraq 1,2 – 4 əmsalları ( bu da yerləşmədən asılı olaraq hər kv.m. üçün 0,6-2 manat arasında təşkil edir) Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 1,5 əmsalı (0,75 manat yəni 75 qəpik), Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə - 1,2 əmsalı ( 0,6 manat , yəni 60 qəpik), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə isə - 0,5 əmsalı (0,25 manat, yəni 25 qəpik) tətbiq ediləcək. Məsələn, Xırdalan şəhərində olan torpaq sahəsinin (yuxarıda qeyd edilən kateqoriya) satışı zamanı hər kvadrat metrinə görə 0,75 qəpik (0,5 manat və ya 50 qəpik x 1,5 əmsalına) və ya sotuna 75 manat (100kv.m.x75 qəpik) təşkil edəcək. Bakı şəhəri üzrə 1-ci zona üzrə 4 əmsalı (son nəticədə hər kv.m. görə 2 manat təşkil edəcək), 2-ci zona – 3 əmsalı (hər kv.m. görə 1,5 manat), 3-4 zonalar – 2,2 əmsalı (hər kv.m. görə 1,1 manat), 5-6 zonalar – 1,8 əmsalı (hər kv.m. görə 0,9 manat), 7-8-9 zonalar – 1,5 əmsalı (hər kv.m. görə 0,75 manat), 10-11-12 zonalar – 1,2 əmsalı (hər kv.m. görə 0,6 qəpik) tətbiq olunacaq. Beləliklə Bakının ən bahalı yerində yaşayış təyinatlı torpaq satışının hər kvadrat metrinin vergisi 2 manat və ya sotuna görə 200 manat təşkil edəcək”.
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı necə həyata keçiriləcək? Ekspert bildirib ki, bu növ torpaq sahələrinin satışı zamanı əlavə əmsallar tətbiq ediləcək: “Əgər bu, sizi çaşdırırsa, təsəvvür edin ki, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələri üzrə hesablanmış məbləğlərə (onların hesablanması qaydası yuxarıda göstərilib) əlavə əmsallar tətbiq etməklə də tapmaq olur. Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 1,5 əmsalı (bu da yerindən asılı olaraq hər kv.m. üçün 0,9 – 3 manat təşkil edəcək), Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsalı (hər kv.m. görə 0,975 manat), Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsalı (hər kv.m. görə 0,72 manat), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsalı (hər kv.m. görə 0,275 manat) tətbiq ediləcək. Məsələn, Mingəçevirdə o cür torpaq sahələrinin satışı hər kv.m. üçün 0,72 manat və ya 72 qəpik (0,5 manat ölkə üzrə baza x 1,2 əmsalı yerləşməyə görə x 1,2 əmsalı torpağın növünə görə) təşkil edəcək. Bakının ən bahalı yerində isə bu növ torpaq sahəsinin hər kv.m. satışı 3 manat və ya 1 sot üçün 300 manat təşkil edəcək”.
Kənd təsərrüfatı təyinatlı torpaqların satışına gəlincə, Rəşad Əliyev bildirib ki, bu torpaq sahələri vergiyə tam fərqli yanaşma ilə cəlb ediləcək:“Satış üzrə sadələşdirilmiş verginin məbləği həmin torpaq üzrə hesablanmış illik torpaq vergisinin 2 misli qədər olacaq”.

Güzəştlər varmı?

Ekspert qeyd edib ki, torpaq sahəsi hədiyyə, maddi yardım və miras kimi ailə üzvlərindən alındığı halda, ər və arvad arasında adi qaydada verildikdə və ya aralarında boşanma prosesində verildikdə vergiyə cəlb edilməyəcək:“Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa əsasən fiziki və hüquqi şəxslərə torpaq alınması şərtilə ödənilən kompensasiya vergiyə cəlb edilməyəcək”. Verginin necə ödəniləcəyinə gəlincə, Rəşad Əliyev deyib ki, verginin ödənişi qaydası evlərin və obyektlərin satışı zamanı vergi ödənişi ilə eyni olacaq: “Vergi məbləği alqı-satqı zamanı notarius tərəfindən hesablanıb tutulacaq. Bu prosesə görə məsuliyyəti notariuslar daşıyacaq”.

Yeganə Oqtayqızı
Cebhe.info

12:10