Xəzərin dibindən 3 gəmi korpusu çıxarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.

ASCO-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, “Ağ Şəhər” bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında 3 gəmi korpusu çıxarılıb. Korpuslar müvafiq olaraq 180, 200 və 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar “Barja-701” barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.

Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının “Qurban Abasov”, “SOCAR-1”, “Barja-701”, “Hövsan-5”, “Abşeronskaya-6”, “SPK-47/25”, “Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.

Ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu baxımdan ASCO-da ətraf mühitə zərərin vurulmaması üçün mütəmadi zəruri qabaqlayıcı tədbirlər görülür. Gəmilərin istismarı zamanı yaranan müxtəlif çeşidli bərk və maye tullantıların, habelə qaz atqılarının su mənbələrinə, qrunta və atmosferə ekoloji təsirlərinin minimuma endirilməsi daim diqqət mərkəzində saxlanılır.

AZƏRTAC

16:57