“Xəzər” Klinikasında ölüm kabusu

Şərqiyyə Əhmədova adlı bir xanım bu il 31 iyul tarixində təngnəfəsliklə bağlı “Xəzər” Klinikasına müraciət edib. Ona görə ki, bu klinika evlərinin yaxınlığında yerləşir. Burada kardioloq Yalçın Abuzərov Şərqiyyə xanımı peşəkarcasına müayinə edib və bildirib ki, ürəyində hər hansı bir problem yoxdur, tamamilə sağlamdır. Yalçın Abuzərov  söhbət əsnasında Şərqiyyə xanıma bildirib ki, əvvəllər müayinə aldığı “Günəşli” Klinikasından  tibbi rəyləri götür və bizim baş həkimlə məsləhətləş. Bununla yanaşı, o bu klinikadakı ginekoloq həkimi məsləhət bilib. Ancaq ailə üzvləri bilməyib ki, orada hansı müayinə məsləhət bilinib. Avqust ayının 1-də baş həkim İlqar Yusubov Şərqiyyə xanımı müayinə edib və qadınlarda müəyyən yaş dövründə məhz bu amilə görə problemlər olduğunu izah edib və dərhal cərrahi əməliyyat olunmasını bildirib. Avqustun 2-də saat 11.00-da başlanan cərrahi əməliyyat saat 13.30-da başa çatıb. Ertəsi gün Şərqiyyə xanım dünyasını dəyişib. Halbuki, hələ ölümündən bir ay öncə xəstəliyi ilə bağlı “Günəşli” Klinikasında onu müayinə edərək demişdilər ki, adi stasionar müalicə şəraitində sağala bilər.   

 

Müəmmalı klinikanın “müəmmalı işləkləri”

Nizami rayonunun 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti 69 ünvanında yerləşən
“Xəzər” Klinikası ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bir zamanlar  klinikanın təsisçisi “Xəzər Universiteti” olub (http://azerbaijans.com/content_856_az.html və telefonu da 422-02-30). “İnforportal.az” saytında ölkədə özəl klnikalarla bağlı verilən sənədlərdə bu fakt eynilə belə qeyd edilib. Dəyişən klinikanın yeni telefon nömrələri, elektron poçtu, internet saytı və facebook.com sosial şəbəkəsindəki profilidir. İlkin və yeni təsisçi məsələsi məxfi saxlanılır. Bir neçə il öncə “Yeni Müsavat” qəzetində gedən araşdırmada ölkədə gizli orqan mafiyası çetesinin olduğu qeyd edilirdi.  Araşdırmalar nəticəsində bir sıra klinikaların çirkli işlə məşğul olduğu üzə çıxmışdı. Onların arasında “Xəzər” Klinikasının da adı var idi (http://musavat.com/news/orqan-mafiyasina-bagli-daha-iki-klinika_75896.html) profilində araşdırmanı oxuya bilərlər). 4 il öncə bu klinikada (25 sentyabr 2014-cü il) təsərrüfat işləri üzrə müdir müavini Nəbiulla Heydərlinin iş otağında qapı çərçivəsindən iplə asılması (https://azeuronews.com/?p=92428) müdhiş intihar olayı klinikanın sirlərindən biridir (https://az.trend.az/tags/21046/). Youtube.com sosial şəbəkəsində “Xəzər” Klinikasının baş həkimi İlqar Yusubovun cərrahi əməliyyat otağından reportajı (https://www.youtube.com/watch?v=uaIlo2t3mkQ) yerləşdirilib. Bu cərrahi əməliyyat görüntüsünü peşəkar həkimlərə və cərrahlara göstərdiyimizdə, onlar bir ağızdan dedilər ki, dar-dürtdək otaqda cərrahi əməliyyatlar aparmaq qanunsuzdur. Çünki, oradakı şərait heç bir standarta uyğun deyil. Bütün bunlarla yanaşı, bildirməliyik ki, özəl klinikalar cərrahi əməliyyat aparmaq üçün onların binaları xüsusi xəstəxana standartları çərçivəsində olmalıdır. “Xəzər” Klinikası 9 mərtəbəli bir bınanın 1-ci  mərtəbəsində yerləşir və standartlara cavab vermir. Klinikanın çevrəsində alqı-satqı ofislərinin, küçə maklerlərinin hay-küyü, ticarət məkanları, şütüyən maşınların siqnalları burada tibbi standartların yoxluğundan xəbər verir. Hətta onu da öyrəndik ki, baş həkim həm də şairdir. “Dərman da gözəldi, dərd də gözəldi” şeiri dost məclislərinin bəzəyidir (http://www.mustaqil.az/2017/11/13/dərman-da-gozəldi-derd-də-gozəldi/). Xəstələrə dərman verməklə onların dərdinə gözəllik haqqında poetik duyumunu qoşmaq kimsənin ağlına gəlməz. Bunun üçün gərək İlqar Yusubov olasan. Bununla yanaşı, klinikaya məxsus facebook.com sosial şəbəkəsində İlqar Yusubov sən demə “Ginneslərin rekordu”na imza atan ilk həkimdir. O, bu əməliyyatları da həyata keçirirmiş: Trokal sahədə:Pulmonektomiya, Lobektomiya, bilobektomiya, seqmentoktomiya, ağ ciyər dekortikasiyası, Exinokoktomiya,trokosintez ,divar aralığı törəmələri və s., Abdominal cərrahiyyədə: Açıq və qapalı əməliyyatlar, Laparoskopik sahədə: Xolesistektomiya, Appendektomiya, tuboektomiya (boru hamiləliyi) , kistektomiya diafraqmal və s., Abdominoplastika-qarın gərmə əməliyyatı, Mammoplastika-süd vəzinin böyüdülməsi və kiçildilməsi, Blefaroplastika-göz ətrafı qırışların götürülməsi, Face lifting-üz gərmə əməliyyatı, Liposaksiya-Artıq piylərin çəkilməsi(sorulması), Fibromalar-Amputasiya, ekstripasiya transvaginal ekstripasiya, konservativ miomektomiya, Düyünlü zob-total və subtotal strumektomiya ((https://www.facebook.com/Xezer-klinika-731753936842028/).

 “Xəzər” Klinikasında Şərqiyyə Əhmədovanın ölümünün sirri

İndi mərhumə deyə andığımız Şərqiyyə xanım klinikanın baş həkimi İlqar Yusubov tərəfindən müayinə olunduqdan bir gün sonra cərrahi əməliyyat olunub. 2 avqust 2018-ci il tarixində klinikada əməliyyat zamanı Şərqiyyə xanımın uşaqlığı götürülüb. Bir gün sonra isə, Şərqiyyə xanım müəmmalı vəziyyətdə dünyasını dəyişib.
Apardığımız müşahidələr zamanı bəlli oldu ki, klinikanın cərrahi əməliyyat aparması üçün heç bir normal şəraiti yoxmuş. Çünki, klinikanın adicə reanimasiya otağı yoxdur. Klinikada kim cərrahi əməliyyat olursa, dərhal onu palatada yerləşdirirlər. Hətta xəstənin yaxınlarını onunla görüşməyə və yanında qalmağa imkan vermirlər. Şərqiyyə xanımın ayağında varikoz genişlənməsi və yüksək qan təzyiqinin olmasına baxmayaraq, cərrahi əməliyyatdan sonra, qanının laxtalanması dərəcəsi də nəzarətə alınmayıb. Əməliyyat olduğu otaqda “cərrahi iş” bitən kimi dərhal adi palataya köçürülüb.
Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, klinikada Şərqiyyə xanımdan cərrahi əməliyyatdan öncə tələb olunan analizlər götürülməyib, gözlənilən patologiyaların qarşısını almaq üçün tədbirlər görülməyib. Bununla yanaşı, müasir standartlara uyğun texnoloji avadanlıqlar da yox dərəcəsindədir. Klinika səhiyyə nazirliyinin təsdiq etdiyi məcburi kliniki protokolların standartlarına da uyğun gəlmir.
Buranı yaxşı tanıyanlar onu da bildirdilər ki, “Xəzər” Klinikası guya hansısa iriçəkili məmurun çoxsaylı obyektlərindən sayılır. Şəxsən bizi bu məsələ heç də ilgiləndirmir. Baş həkim İlqar Usubov Şərqiyyə Əhmədovaya məxsus “Günəşli” Klinikası və “Xəzər” Klinikasının sənədlərini gizlədərək mərhumənin ailəsinə amirənə və ehtinasız şəkildə bildirib ki, gedin hara istəyirsiniz şikayət edin. Axı əsas məsələ müəmmalı şəkildə insan ölümünə səbəb olan faktdır. Şərqiyyə Əhmədova bu klinikaya öz ayağı ilə gedib və tam sağlam bir insan kimi davranıb. Şüuru və ağlı da yerində olub. Elə ki, cərrahi əməliyyat olub, bundan sonra Şərqiyyə xanımın halı pisləşib. Şərqiyyə xanım dəfn olunmamışdan öncə ailə üzvləri onun bədənində göyərmiş yerlərin fotolarını çəkiblər. Bu fotolarda görünən qançılara baxdıqca adamı dəhşət bürüyür.

Baş həkim İlqar Yusubovun yalanları

Şərqiyyə Əhmədovanın yaxınları “Xəzər” Klinikasının baş həkimi İlqar Yusubovdan ölümün səbəbini soruşduqda ondan gözlənilmədən və soyuqqanlı şəkildə “ananız ağciyər trombemboliyasından vəfat edib” cavabını alıblar. Beləliklə də Şərqiyyə xanımın xəstəliyi ilə heç bir əlaqəsi olmayan səbəblər və bəhanələr səsləndiribdir. Çünki, ölüm adlı kabusun məsuliyyətindən yaxasını kənara çəkməyə çalışır. Bunun haraya və nə qədər uzanacağı da bəlli deyil. Şərqiyyə xanımın ailəsi və yaxınları ölüm hadisəsi ilə bağlı səhiyyə nazirliyinə rəsmi məktubla müraciət ediblər. Axı cərrahi əməliyyatdan öncə analizlər götürülməlidir. Patologiyalara qarşı önləyici tədbirlər görülməlidir. “Xəzər” Klinikası mərhumənin cərrahi əməliyyat olunması ilə bağlı tələb olunan müqaviləni bağlasa da, həmin sənədi indi onun ailəsinə kopiyasını belə vermir. Hətta bu klinikaya ödənilmiş vəsaitə görə qaiməni də gizlərdir. 
Baş vermiş ölüm hadisəsi ilə bağlı “Xəzər” Klinikasındakı bütün sənədlər Nizami rayon prokurorluğu tərəfindən müsadirə olunubdur və cinayət-istintaq işləri aparılır. Halbuki, həmin sənədlərin kopiyaları klinikada saxlanılmalı olduğu halda, baş həkim onların bir nüsxəsini zərərçəkən qismində Şərqiyyə xanımın ailəsinə təhvil verməyə borcludur. Ancaq, baş həkimin işləklərindən biri də odur ki, sənədlərin onda olmadığı bəhanəsini əsas kimi gətirərək əsil həqiqətləri beləcə gizlədir. Görəsən nəyə və kimə arxalanır və güvənir? Hətta həkim səhlənkarlığı ilə bağlı ona verilən sullardan məharətlə yayınmaq taktikasını tutubdur. 

Ölüm ayağında yaşanılan dəhşət

Şərqiyyə Əhmədovanın qızı Songül xanım anasının “Xəzər” Klinikasında cərrahi-əməliyyatdan sonra yanında qalmaq istəyib. Lakin ona icazə verməyiblər. Görüş zamanı Şərqiyyə xanım bildirib ki, özünü çox pis hiss edir və şiddətli ağrıları var. Onun bədəni isə buz kimiydi. Klinikanın işçiləri Songül xanımın anasının yanında qalmasına ciddi şəkildə mane olublar. Baş həkim İlqar Yusubov və tibb bacılarının səhlənkarlığı ucbatından Şərqiyyə xanım ağır vəziyyətdə və diqqətsiz qalıb. Çirkli qanın sovrulması üçün qoyulan aparat (katetr) nəzarətsiz qalıb. Hətta cərrahi əməliyyatla bağlı ödənilən pul azmış kimi, adicə “bandaj”ın alınması üçün Songül xanımı məcbur ediblər. O, anasının durumuna görə yanında qalmaq istədikdə klinikanın tibb bacıları qəddarcasına onu çölə çıxarıblar. 10-15 dəqiqə keçəndən sonra heç nə olmamış kimi klinikanın işçiləri Songül xanımın mobil telefonuna zəng edərək təcili klinikaya gəlməsini istəyiblər. O, klinkaya daxil olduqda başa düşüb ki, artıq anası, yəni xəstə Şərqiyyə Əhmədova artıq dünyasını dəyişibdir.
Klinikanın ətrafını gəzib dolaşıram. Elə bil ki, burada dərmanların qoxusu ilə yanaşı ölüm adlı kabus da burada bir ruh kimi gəzib dolaşır. Bir də bu kabusun qənimi olan ağxalatlı qəssabların amiranə şəkildə obrazları canlanır. Axı onlar çoxdan öyrəşiblər qan iyinə və ölüm qoxusuna.

Şərqiyyə xanımın cənazəsi dəfn üçün hazırlananda ailə üzvlərini şoka salan amillərdən biri də onun boyun nahiyəsində, əlinin üstündə və qolundakı qançır izlərinin olması idi. Halbuki, qızı Songül xanım sonuncu dəfə anası ilə görüşən zaman bu qançılar yox idi. Sən demə, Şərqiyyə xanımın halı pisləşəndə ayaqyoluna getmək istəyib və əsil olay da elə bu zaman baş verib. Halbuki, əməliyyatdan yenicə çıxmış xəstənin hər bir saniyəsi  tibb bacısının nəzarətində olmalıdır.
“Xəzər” Klinikası bu müdhiş ölüm olayını mümkün qədər gizli saxlamaq üçün çabalar göstərir. Şərqiyyə xanımın ailəsindən faktları, sənədləri, ödənilən pulun qaimələri, kamera görüntülərini, xəstənin qeydiyyat məlumatlarını gizlətmək üçün minbir kələyə əl atır. Hətta mətbuata ölüm olayı ilə bağlı heç bir açıqlama da verilmir. Bütün bunlara rəğmən femida.az, hurriyyet.org, big.az, demokrat.az, azeuronews.com, afn.az, bizimxeber.az, tia.az və azertaym.az xəbər portalları baş vermiş ölümlə bağlı vaxtında xüsusi reportajlar yayınladırlar. Bir sözlə bu müdhiş olayı ictimailəşdirə bildilər. Bununla yanaşı, Şərqiyyə Əhmədovanın ailəsi ölüm hadisəsi ilə bağlı ölkə rəhbərliyinə və digər müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndəriblər. Pokurorluğun və səhiyyə nazirliyinin ekspertlərinin rəyini gözləyirlər.   

(ardı var)

Ənvər Yusifoğlu

 

16:58