Xüsusi qayğıya ehtiyacı olan uşaqların birinci sinfə qəbulu elektron qaydada aparılacaq

Xüsusi qayğıya ehtiyacı olan uşaqların birinci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsinə başlanılıb.

Belə ki, Bakı şəhəri 11 nömrəli inteqrasiya təlimli internat məktəb, Bakı şəhəri 8 və 10 nömrəli sanatoriya tipli internat məktəb, Sumqayıt şəhəri inteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhəri general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhəri internat tipli gimnaziya və Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyada birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, valideyn övladı üçün bu məktəblərdən birini elektron qaydada seçərək sorğu yerləşdirə bilər. Sorğu yerləşdirildikdən sonra şəxsi kabinetdə hər bir məktəbin təlimatına uyğun bildiriş əksini tapır.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinə (Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəb, 1 nömrəli tam orta internat məktəb, 2 nömrəli ümumi orta internat məktəb) qəbul isə online formada aparılmır. Təlimata əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinə qəbul Təhsil Nazirliyinin göndərişi əsasında aparılır. Həmin göndərişlər elektron poçt vasitəsilə BŞTİ-yə təqdim olunduqdan sonra admin tərəfindən sistemə elektron sorğu yerləşdiriləcək.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən valideynlər Bakı şəhəri 11 nömrəli inteqrasiya təlimli internat məktəbi üzrə 130 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzinə (AQM), Bakı şəhəri 8 və 10 nömrəli sanatoriya tipli internat məktəbləri üzrə isə 78 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən AQM-ə müraciət edə bilərlər.

Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların birinci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi uşaqların bərabər təhsil almalarına şərait yaratmaq, dövlət himayəsində olan uşaqların sosial müdafiəsini gücləndirmək, müvafiq klassifikasiyaya uyğun olaraq bütün müvafiq kateqoriyadan olan uşaqları təhsilə cəlb etmək məqsədi daşıyır.

14:55