Xudafərin - milli sözün, Azərbaycan və Qarabağ dərdinin qürbətdə yaşayan səsi

Xudafərin - milli sözün, Azərbaycan və Qarabağ dərdinin qürbətdə yaşayan səsi

“Yaşamaq — yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmasa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.”
 - Bəxtiyar Vahabzadə

Bizim milli şüurumuzun formalaşmasında böyük şair və mütəfəkkir Bəxtiyar Vahabzadənin xidmətləri əvəzsizdir. Onun əsərləri bütöv bir nəslin milli düşüncəsinin, vətən sevgisinin və azərbaycançılıq ruhunun formalaşmasına güclü təsir göstərmişdir. 

Bəzən bir şairin, bir milli ziyalı sözü bir ailənin, hətta bütöv bir nəslin verə biləcəyindən daha böyük milli tərbiyə missiyası daşıyır.

“Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz, ey oğul, cənnətə dünyada Vətən!”

Məhz bu düşüncə və milli məsuliyyət hissi ilə 1995-ci ildə, uzun illik fasilədən sonra, Bəxtiyar Vahabzadənin və digər dəyərli milli ziyalılarımızın xeyir-duası ilə “Xudafərin” (www.xudaferin.eu) jurnalının timsalında qürbət mətbuatının fəaliyyətini yenidən bərpa etdik.

Jurnalın adını tələbə dostum, şair Ramiz Təmkinin şeiri bizə stimul vetdi:

Xudafərin nə əzizdir,
Xalqımın saldığı izdir,
Şimal, cənub bu boş sözdür,
Azərbaycan tanıyıram.

“Xudafərin” sadəcə bir jurnalın nəşrə başlaması deyildi. Bu, Azərbaycanın səsini, Qarabağ ağrılarını qürbətdə yaşatmaq, milli yaddaşı qorumaq, müstəqil sözün yaşamasına xidmət etmək və Azərbaycan həqiqətlərini Avropada daha geniş auditoriyaya çatdırmaq idi.

30 ildən artıq müstəqil yol

“Xudafərin” jurnalı 1995–2000-ci illərdə Polşa Respublikasında nəşr olunmuşdur. Bu dövrdə İran İslam Respublikasının diplomatik korpusunun təzyiqlərinə məruz qalsaq da, fəaliyyətimizi müvəqqəti dayandırsaq da, sonra yenidən jurnalı bərpa edib yolumuza davam etdik.

Sonrakı mərhələdə jurnalın hüquqi statusunun bərpası istiqamətində fəaliyyət davam etdirildi.

Polşa Respublikasının Ali Məhkəməsinin 4 iyul 2014-cü il tarixli, sygn. akt I NsRej 6/14 nömrəli qərarı ilə “Xudafərin”in jurnalının fəaliyyəti yenidən bərpa olunaraq Avropa Birliyi məkanında müxtəlif dillərdə nəşr edilməsi, yayılması, satılması və nümayəndəliklərinin yaradılması hüququ əldə edildi. 

“Xudafərin” jurnalı rəsmi olaraq Avropada fəaliyyət göstərən azərbaycandilli yeganə rəsmi jurnal statusunu qazandı.

Bu gün “Xudafərin” yalnız bir mətbuat orqanı deyil. O, qürbətdə milli sözün, Azərbaycan həqiqətlərinin və müstəqil düşüncənin yaşadılması ideyasını ifadə edir.

Bu illər ərzində fəaliyyətimizi heç bir siyasi qurumun, partiyanın, ictimai təşkilatın və ya mühacir qurumunun himayəsinə bağlamadıq. 

Heç bir təşkilatdan maliyyə yardımı almadan, müstəqilliyimizi qorumaq naminə müxtəlif himayə təkliflərindən imtina edərək yolumuza davam etdik.

Çünki bizim üçün mətbuatın ən böyük sərvəti onun müstəqil sözü və vicdanıdır.

“Xudafərin”in mövqeyi

“Xudafərin” iqtidar və müxalifət fərqi qoymadan, hər hansı siyasi firqənin, ictimai birliyin və ya mühacir təşkilatının mənafeyindən çıxış etmədən, Vahid, Müstəqil, Demokratik və Bütöv Azərbaycan idealına söykənir.

Bizim məqsədimiz kiminsə yanında və ya qarşısında dayanmaq deyil.

Məqsədimiz Müstəqil Azərbaycan Dövlətçiliyinin yanında dayanmaqdır.

“Xudafərin” milli yaddaşın qorunmasına, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin yaşadılmasına, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə və müstəqil fikir mühitinin formalaşmasına xidmət edir.

────────

“Xudafərin” jurnalı — körpü olaraq

Adımız da təsadüfi seçilməyib.

Xudafərin körpüsü tarix boyu iki sahili birləşdirən möhtəşəm bir yaddaş abidəsidir. Biz də “Xudafərin” adı ilə Azərbaycanla dünya azərbaycanlıları arasında mənəvi və informasiya körpüsü yaratmağı qarşıya məqsəd qoymuşuq.

Bu körpünün üzərindən söz keçir.
Vətən sevgisi keçir.
Milli yaddaş keçir.
Azərbaycanın dünəni, bu günü və gələcəyi keçir.

────────

Təsisçi: Avropada “Azərbaycanın Dostları” Cəmiyyəti və “Xudafərin” dərgisidir:

NIP: 8251568794
REGON: 030287745
İmtiyaz sahibi və baş redaktor: Elman Mustafazadə
Rəsmi sayt: www.xudaferin.eu

“Xudafərin” — qürbətdə doğulan, Vətən üçün yaşayan milli sözün səsidir.

Çünki böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:
“Yaşamaq yanmaqdır.”

Vətən üçün yanmayan söz isə yalnız boş sözdür…

Elman Mustafazade

Xudaferin.eu

11:35